İki il əvvəl Vladiqafqazın mərkəzində, Şimali Osetiya Milli Muzeyinin tikintisi yarımçıq qalmış binasında keşikçi işləyən Albert Toqoyev ora öz dostlarını, küçə rəssamlarını gətirdi. Onlar orada özünəməxsus “görüş yeri” yaratdılar ki, onu bir sözlə təsvir etmək çətindir – bu, həm kafe, həm tələsik təşkil olunan konsertlər və sərgilər, həm şer mütaliəsi, həm də ocaq başında oturub, söhbət etmək yeridir.
Gənclər bu yeri başqa bir dünyaya – yaradıcılıq və gözəllik dünyasına portala analogiya olaraq “Portal” adlandırdılar. İlk müntəzəm aksiyalardan biri də ocaq başında filmlərin pulsuz nümayişləri oldu. Giriş bileti əvəzinə də gələnlərə meyvə və şirniyyat gətirməyi təklif edirdilər. Alkoqol burada qadağa altında idi.
“Portal” yaşına baxmayaraq, yaradıcılıqda özünü realizə etmək istəyən hər kəs üçün cazibə yerinə çevrildi. Burada Şimali Qafqazın qonşu respublikalarından olan musiqi kollektivləri çıxış edir, yerli həvəskar teatr məşq edir, sərgilər təşkil olunur və sadəcə turistlər qalırdılar.
“Portal” həm də “Hikond” əl işi olan məlumatların yarmarkasına görə geniş populyarlıq qazandı. “Hikond” sözü osetin dilində “əl işi” deməkdir. Yarmarkaya hər gün beş mindən altı minə qədər adam gəlirdi – 350 min əhalisi olan şəhər üçün heç də kiçik rəqəm deyil. Şəhər hakimiyyətindən heç bir yardım olmadan cəmi beş “Hikond” yarmarkası keçirilib.
Amma bütün bunlar artıq keçmişdə qaldı. Nəticədə Milli Muzeyin rəhbərliyi tikinti gedən ərazidə kənar adamların yığışmasından narazılığını bildirdi. Şimali Osetiya hakimiyyəti isə Milli Muzeyin rekonstruksiyasının bərpasına başlanıldığını bildirdi.
“Portal” da kompromis variant təklif etdi. Rəssamlar “Şimali Osetiyanın Milli Muzeyinə inteqrasiya layihəsi”ni işləyib hazırladılar və şəhər hakimiyyətinə təqdim etdilər. Bu layihədə onlar “çoxdan boş qalan torpaq sahəsi”nin onlara verilməsini xahiş etdilər. Birlik iştirakçılarının fikrincə, bu əməkdaşlıqdan hər iki tərəf udardı.
Əvvəlcə hər şeyin alınacağını düşünürdülər. “Portal”ı respublikanın başçısı Vyaçeslav Bitarov dəstəklədi. O cümlədən o, gənclərə “hüquqi status”un verilməsini təklif etdi – düzdür, dəqiqləşdirmədi ki, gənclərə bundan sonra da muzey ərazisində qalmaq icazəsi veriləcəkmi.
Nəticədə icazə vermədilər, layihə qəbul olunmadı. Bu yaxınlarda rəssamlar hər şeyi atıb, getməli oldular.
Amma bu, gözlənildiyi kimi, hekayənin sonu olmadı. Xahişlərdən və şəhər hakimiyyəti ilə danışıqlardan sonra “Portal”a yiyəsiz torpaq sahəsi, keçmiş emalatxanaların yerini verdilər. Yer heç də mərkəzdə yerləşmir və çox pis vəziyyətdədir. Amma rəssamlar işləməyə başlayıb.