Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətlə çıxış edib. Putin demək olar ki, çıxışının yarısını Rusiyanın yeni silahlarına həsr edib. Müqayisə üçün deyək ki, iqtisadiyyat və sənaye haqda Rusiya prezidentinin danışdıqları üç dəfə daha az olub.
Putin 43 dəqiqə ərzində artıq Rusiyada mövcud olan yeni silah növləri haqda danışıb. “Belə bir şey dünyada heç kimdə yoxdur. Nə zamansa olacaq, amma bu müddət ərzində bizim uşaqlar nəsə düşünər”, – o bildirib.
Rusiya prezidenti və eyni zamanda prezidentliyə namizəd altı yeni silah sistemi, o cümlədən də nüvə silahı haqda söz açıb. Məsələn, o, yeni ballistik raket haqda məlumat verib.
Putin öz çıxışında israrla bildirib ki, Rusiya silahlarının belə detallı təqdimatı Qərb üçün təhlükə deyil, əksinə, danışıqlara çağırışdır: “Bizi heç kim dinləmirdi. Mahiyyəti etibarilə bizimlə heç kim danışmaq istəmirdi. İndi dinləyin”.
Bununla belə, onun sözləri o qədər də sülhməramlı səslənməyib: “Rusiyanın qarşısını almaq mümkün olmadı!”; “Ümid edirəm ki, bu gün deyilən hər şey istənilən potensial təcavüzkarı ayıldacaq”.
Putinin çıxışına ABŞ-ın Müdafiə Nazirliyi reaksiya verib. Nazirlik nümayəndəsi Dana Uayt jurnalistlərə bildirib ki, qurum Putinin sözlərindən təəccüblənməyib. “Amerika xalqı əmin ola bilər: biz tam hazırıq”, – o deyib.
Amerika qəzetləri də Rusiya prezidentinin bəyanatlarını şərh edib. The Washington Post yazıb ki, “Putinin çıxışını Vaşinqtona xitab kimi nəzərdən keçirmək olar”, The New York Times jurnalistləri isə hesab edirlər ki, Putin “soyuq müharibə dövrünün tonunda” danışıb.
Rusiya sosial şəbəkələrinin istifadəçiləri daha skeptik reaksiya veriblər. Prezident hələ çıxışını sona çatdırmamış onlar prezidentin çıxışını müşayiət edən infoqrafikanın bir halda 2011-ci ildə, digər halda isə 80-ci illərdə SSRİ-də hazırlandığına dair sübutları dərc ediblər.
Nüfuzlu rusiyalı hərbi ekspert Aleksandr Qolts hesab edir ki, Rusiya prezidentinin yeni silahların hazırlanması haqda bəyanatının yoxlanılmağa ehtiyacı var. Məsələn, onun məlumatına görə, Vladimir Putinin haqqında danışdığı yeni ballistik raket Arktikada iki dəfə sınaqdan keçirilib. Hər iki sınaq uğursuzluqla nəticələnib.