Gürcüstan vətəndaşlarının Avropa ilə vizasız rejimi tez-tez pozması haqda xəbərlər Gürcüstan hökumətində narahatlıq doğurub və hökumət qanunvericiliyə bir sıra dəyişikliklərin daxil edilməsi prosesini başladıb.
1. Viza rejiminin liberallaşmasından sonra Avropa ölkələrindən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı kəskin artıb.
2. Həddən artıq çox sayda Gürcüstan vətəndaşı Avropada cinayətkar qruplaşmalara daxil olur. Fransa, Yunanıstan, Almaniya, İtaliya və İspaniyada Gürcüstan vətəndaşlarının iştirakı ilə soyğunçuluq faktları xüsusən çoxdur.
Ədliyyə nazirinin müavini Aleksandr Baramiya jurnalistlərə bildirib ki, artıq bir neçə həftədir, Almaniya və bir sıra digər Aİ dövləti Avropa ölkələrindən sığınacaq istəyən və vizasız rejimi pozan Gürcüstan vətəndaşlarının kəskin çoxalması ilə bağlı narahatlığını bildirir. Yaranmış vəziyyət mövcud olan vizasız rejimin məqsədəuyğunluğunu sual altına qoyur. “Əgər Gürcüstan bir sıra ölkə vətəndaşlarının nadürüstlüyünün qurbanı olarsa, çox heyf olar”, – Baramiya deyib.
Gürcüstan hökuməti qanunvericiliyə dəyişikliklər paketi təklif edib.
Təkliflərdən biri soyadın dəyişdirilməsi prosedurunun sərtləşdirilməsidir. Axtarışda olan insanlar soyadlarını dəyişdirə bilməyəcək. İndən belə yalnız müvafiq instansiyalara şəxsən gedərək soyadı dəyişdirmək mümkün olacaq, nümayəndənin göndərilməsi ilə deyil. Xaricdə yaşayan şəxslərin soyadın dəyişdirilməsi ilə bağlı olduğu ölkədəki Gürcüstan konsulluğuna müraciət etmək hüququ olduğu kimi qalır, amma qərar qəbul edilən mərhələdə onlar proseduradan yerindəcə keçmək üçün mütləq Gürcüstana qayıtmalı olacaqlar.
Qanunvericilik dəyişikliyi paketinin hökumətin ən yaxın iclaslarından birində nəzərdən keçirilməsi planlaşdırılıb.