Video və foto: Həyatında hər şeyi öz əllərilə eləmiş cənubi osetiyalı solaxay
Adı Nikolay Xubayevdir, amma hamı onu “Levşa” (“Solaxay”) çağırır. O, bütün günü İssak küçəsindəki emalatxanasında oturub, ən müxtəlif işlərlə məşğul olur: Ayaqqabı tikir və ya yamayır, musiqi alətlərini təmir edir və açar düzəldir. Aydın məsələdir ki, ikinci adı solaxay olduğu üçün yaranıb, dostları uşaqlıqdan bəri onu belə çağırır, hərçənd o, sağ əli ilə də iş görə bilir. Emalatxananın adı da buradan yaranıb.
İndi onun 68 yaşı var, Sxinval rayonunun Xetaqurovo kəndində doğulub, hələ də orada yaşayır. Böyük sevgi və qürur hissi ilə geniş kəndli ailəsində böyüdüyünü deyir.
Kənd uzaqda deyil, şəhərə gəlib-getmək də çətin olmur, maşını olan qonşuları da məmnuniyyətlə onu emalatxanasına gətirirlər.
Levşanın atasının bir şakəri vardı – akkordeon ifasını dinləməyi çox sevirdi, amma özü bu alətdə çalmağı elə də öyrənə bilməmişdi. Bu aludəçilik oğluna da ötürülüb. Amma Nikolay Xubayev atasının bacarmadığını eləyib – akkordeonda çalmağı öyrənib, düzdü, buna nail olanda artıq 30 yaşı vardı.
Elə musiqi alətlərini təmir etməyi öyrənmək qərarına da həmin vaxt gəlmişdi və bunun üçün Rusiyaya yollanmışdı. Bir ilini Tula şəhərində musiqi alətləri fabrikində keçirib, işini genişləndirmək üçün evinə qayıtmışdı.
Levşa ayaqqabı tikmək və təmir etmək üçün materialları Şimali Qafqazdan, Qoryaçevodsk şəhərindən gətirir, çünki orada bu materiallar ucuzdur. Bir neçə il əvvəl isə Vladiqafqazda ucuz qiymətə köhnə qarmonlar alıb – detallar üçün.
Levşa üç övlad sahibidir, onlar artıq böyüyüblər, hərəsinin öz həyatı var. İki nəvəsi yaxşı rəqs edir.
Levşa özü isə öyrənməkdən yorulmur: 45 yaşında balalayka, 50 yaşında tütək, 60 yaşında isə harmoniya çalmağı öyrənib.