Bu gün yaralılar Neftçilər Xəstəxanasına gətiriləndən orda olsaq da, polis və xəstəxana mühafizəçiləri həkimlərdən rəsmi açıqlama almağımıza imkan vermədi. Bir müddət keçəndən sonra gördüm İtv-nin jurnalistiylə operatoru gəldi. Xəstəxana mühafizəçisi bəh-bəhlə onları həkimlə müsahibəyə apardı. Mən də qaçdım ki, ‘Niyə jurnalistlər arasında fərq qoyursuz?’ Adam qayıtdı ki, ‘əşi, xanım, onların baş həkimdən icazəsi var’. Mən də salmışam inadçılığıma, ayağımı qapının arasından çəkmirəm. Deyirəm ki, mən də keçəcəm içəri. Mənim də informasiya almaq hüququm var. Adam mənə qayıdasan ki, ‘xanım, siz heç jurnalist deyilsiz. Vəsiqəniz yoxdur’. Dedim, sizə vəsiqə lazımdırsa, çantamdadır. Baxın, və məni buraxın. Adam elə hey təkrar edir ki, siz jurnalist deyilsiz. Mən də qapıdan ayrılmıram. Bu adam da polislərə deyir ki, ordan bir dəstə polis göndərin. Qısası, aləm qarışıb. Mən də əl çəkmirəm.
Ani olaraq geri çönəndə, kimi görsəm, yaxşıdır? Ağır Cinayətlərə dair İstintaq İdarəsində məndən Meydan Tv-nin işi ilə bağlı ifadə alan müstəntiq. Taleyin ironiyası. Dedim,Əli müəllim, bəlkə mənim jurnalist olduğumu bu adamlara siz izah edəsiz? Siz axı, çox yaxşı bilirsiz mənim jurnalist olduğumu. Əli müəllim tutuldu, güldü, sonra ciddiləşdi və dedi: ‘Xanım, icazə verin, mən içəri keçməliyəm’.
P.S. Bu gün yaşadıqlarım bəlkə də son jurnalistka təcrübəm idi. Bu gün çox şeylər yaşadım və çox şeylər gördüm. Nasılkada gələn fəhləyə ‘Orda ölən vardımı?- deyə, soruşdum. O isə mənə’Bu, mənim səlahiyyətimdə deyil’ dedi məsələn. Ümumiyyətlə, bu gün çox ağır gün idi. Üstəlik, xəstəxanadan gəlib, Ləman Ələşrəfqızının jurnalistka haqda yazdıqlarını oxudum. Mən cəmi 5-6 ildir jurnalistkadayam. Özümü peşəkar jurnalist sayırammı? Yox. Əsla. Hələ öyrənəcək o qədər çox şey var ki. Amma bircə şeydən əminəm. Peşəm üçün bir saniyə düşünmədən, canımı da verərəm. Vicdanım təmizdir. Əgər bir gün alınmadığını görürsünüzsə, sadəcə jurnalistkadan gedə bilərsiniz. Gedin, başqa işlər görün. Amma çamura bulaşıb, şərə qulluq etməyin. Necə deyərlər, üzüsulu gedin. Gedin ki, çirkaba öz xoşunuzla bulaşandan sonra heç nə olmamış kimi, ‘ hamımız xəbərin başına ip salmaqla məşğuluq’ yazmalı olmayasınız. Mən bircə şeyi bilirəm. Əgər jurnalist işləyə bilməsəm, içimdəki eyni vicdanla məsələn, çox gözəl geyim satıcısı da ola bilərəm. Təki, vicdanım məni tərk etməsin. Sayqılar!