Vicdan məhbusu Əfqan Muxtarlı həbsdə ona tibbi yardım göstərilmədiyindən şikayətlənir
Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı səhhətində ciddi problemlər yarandığını, bununla belə lazımı tibbi yardımla təmin edilmədiyini bildirir.
• Azərbaycanda siyasi məhbusların əfvi: bu nə deməkdir və nəyi dəyişir?
Bu haqda jurnalistin həyat yoldaşı Leyla Mustafayeva Facebook səhifəsində yazıb. Ədliyyə Nazirliyindən isə bildirilib ki, Əfqan Muxtarlı bütün müayinələrdən keçə bilər.
Əfqan Muxtarlı kimdir?
Hakimiyyəti sərt tənqid etməsi ilə tanınan araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2014-cü ildə Gürcüstana köçüb. 2017-ci ildə o, Tbilisidən oğurlanaraq Bakıya gətirilib. Burada o, sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunaraq altı il müddətinə azadlıqdan məhrum edilib. Muxtarlının sözlərinə görə, onun oğurlanmasında Gürcüstanın kriminal polisi iştirak edib. Bu hadisə hər iki ölkədə böyük səs-küyə səbəb olub.
Beynəlxalq hüquq-müdafiə təşkilatları Əfqan Muxtarlını vicdan məhbusu elan edib. 2017-ci ilin iyununda Avropa Parlamenti Azərbaycan hakimiyyətini dərhal jurnalisti azadlığa buraxmağa və bütün ittihamları onun üzərindən götürməyə çağırıb. Bununla belə Əfqan Muxtarlı hələ də həbsdədir. Az əvvəl 50 siyasi məhbusun azad edilməsi ilə nəticələnən əfv fərmanının da ona heç bir aidiyyatı olmayıb.
Muxtarlının səhhəti haqda daha ətraflı
Əfqan Muxtarlı həbsxanadan hazırda Almaniyada yaşayan həyat yoldaşı Leyla Mustafayevaya zəng vurub. Bildirib ki, gözləri möhkəm ağrıyır, şəkərli diabeti kəskinləşib, təzyiq problemi var və uroloji müayinəyə ehtiyac duyur.
Leyla Mustafayevanın sözlərinə görə, Penitensiar Xidmətin həkimləri onu müayinədən keçirsələr də, heç bir müalicə yazmayıblar. Bundan başqa, nə Əfqanın özü, nə də yaxınları müayinələrin nəticələri haqda məlumatlandırılmayıb.
Penitensiar Xidmətin reaksiyası
Ədliyyə Nazirliyinin nümayəndəsi İftixar Qurbanov deyib ki, Əfqan Muxtarlı istəyirsə, bütün müayinələrdən keçə bilər – “Kavkazskiy uzel” saytı xəbər verib.
Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, o, Muxtarlının özəl klinikada öz hesabına müayinədən keçirilməsi xahişi ilə artıq Penitensiar Xidmətə müraciət edib, amma heç bir nəticə əldə edə bilməyib.