ABŞ vitse-prezidenti Vensin Bakı səfərindən gözləntilər nələrdir?
Vensin Bakı səfəri
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens (Cey Di Vens) fevralın 10-da Bakıya rəsmi səfərə gəlib. Onun səfərinin əsas məqsədi prezident Donald Trampın Cənubi Qafqazda sülh təşəbbüslərini və xüsusilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan planı irəli aparmaqdır.
Vens bundan əvvəl Yerevanda olub və fevralın 9-10-da Ermənistan rəsmiləri ilə görüşlər keçirib.
Bakı aeroportunda vitse-prezident Vensi Azərbaycan hökumətinin nümayəndələri qarşılayıb, oradan isə onun korteji Prezident İlham Əliyevlə görüş üçün Zağulbadakı iqamətgaha yollanıb.
Bu yüksək səviyyəli səfər ətrafında həm Azərbaycanda, həm də regionda bir çox gözləntilər formalaşıb. Bəzi azərbaycanlı müxaliflər ümid edirlər ki, səfər çərçivəsində siyasi məhbus məsələsinə də toxunulacaq və bir sıra şəxslər azadlığa çıxa bilər. Ermənistan tərəfindən də həbsda olan erməni məhbusların azadlığa buraxılması gözləntiləri mövcuddur.
Sülh müqaviləsi və TRIPP planı
Ən böyük gözlənti, Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli sülh sazişinin irəlilədilməsidir.
Məlumdur ki, Vaşinqtonun vasitəçiliyi ilə tərəflər artıq sülh müqaviləsi mətnini 2025-ci ilin martında razılaşdırıb və avqustun 8-də Prezident Trampın ev sahibliyi etdiyi görüşdə sənədi paraflayıblar. Həmin razılaşmaya əsasən, Bakı və Yerevan bütün əsas nəqliyyat kommunikasiyalarını açmağa, ABŞ ilə enerji, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlığı gücləndirməyə razılaşıblar.
Xüsusilə “Tramp Marşrutu (TRIPP)” adlandırılan nəqliyyat dəhlizi diqqət mərkəzindədir. Bu dəhliz Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək.
Analitiklərin fikrincə, Tramp administrasiyası Cənubi Qafqazda məhz bu cür iqtisadi inteqrasiya vasitəsilə davamlı sülhə nail olmağı hədəfləyir. Yəni, ABŞ şirkətlərinin sərmayəsi və iştirakı ilə bölgədə əməkdaşlıq və rifah mühiti yaradaraq, yeni münaqişələrin qarşısını almaq strategiyası güdülür.
Vitse-prezident Vensin Bakı görüşlərində sülh müqaviləsinin son detalları müzakirə ediləcəyi gözlənilir.
Prezident İlham Əliyev artıq bəyan edib ki, əgər Ermənistan öz konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan mübahisəli bəndi aradan qaldırarsa, o, sülh sazişini imzalamağa və ratifikasiya üçün parlamentə göndərməyə hazırdır. Baş nazir Nikol Paşinyanın isə bu dəyişiklikləri həyata keçirmək üçün ölkə daxilində siyasi dəstəyə ehtiyacı var. Məhz bu səbəbdən, Vens Yerevanda olarkən Paşinyanı tərifləyib və qarşıdakı seçkilərdə ona dəstək ifadə edib. Onun hakimiyyətdə qalmasını Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların reallaşması üçün vacib sayıb.
Bu, ABŞ-nin Ermənistan-Azərbaycan sülh prosesinə önəm verdiyininin göstəricisi hesab edilir. Səfərin əsas nəticəsi olaraq, tərəflərin sülh gündəminə sadiqliyini bir daha təsdiqləyən bəyanatlar gözlənilir.
Bununla yanaşı, Vens böyük ehtimalla TRIPP nəqliyyat dəhlizinin reallaşdırılması məsələsini də Azərbaycan tərəfi ilə müzakirə edəcək. Artıq xəbər verildiyi kimi, Vaşinqtonda imzalanan razılaşmalara əsasən bu dəhlizin tikintisi və istismarı ABŞ şirkətlərinə həvalə olunub və Rusiya burada kənarda qalıb.
Regionda geosiyasi nüfuzu zəifləyən Moskva vəziyyətdən narazı olsa da, hazırda açıq etiraz etmir. Siyasi müşahidəçilər qeyd edirlər ki, Tramp administrasiyası Cənubi Qafqazda Rusiya və İranın təsirini məhdudlaşdırmaq məqsədilə bölgə ölkələri ilə ticarət-iqtisadi layihələrə üstünlük verir.
Siyasi məhbuslar və insan haqları məsələsi
Vitse-prezidentin səfəri ərəfəsində Azərbaycandakı insan haqları durumuna dair gözləntilər də gündəmdədir. Yerli hüquq müdafiəçiləri bildirirlər ki, hazırda ölkə həbsxanalarında 300-dən çox siyasi məhbus var; rəsmi qurumlar isə belə insanların mövcudluğunu inkar edir.
2025-ci ildə vəziyyətin daha da pisləşdiyini vurğulayan “Human Rights Watch” təşkilatı hökumətin müstəqil media, siyasi opponentlər və vətəndaş cəmiyyəti üzərinə təzyiqləri artırdığını qeyd edib. Belə bir fonda, bir sıra siyasi məhbus hesab olunan şəxslər və onların ailələri açıq məktublarla Tramp administrasiyasına müraciət ediblər.
Onlar ABŞ-nin Belarus və Venesuela kimi ölkələrdə siyasi məhbusların azad olunması istiqamətində gördüyü işlərə istinad edərək, eyni prinsipial mövqenin Azərbaycanda da gözlənildiyini bəyan ediblər.
ABŞ-də də siyasətçilər bu mövzuda fəaldır. Məsələn, Konqresin Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri, konqresmen Ceyms Makqovern vitse-prezident Vensə məktub göndərərək xahiş edib ki, Bakıda rəsmi görüşlərdə vicdan məhbuslarının azadlığa buraxılması məsələsini prioritet olaraq qaldırsın.
Həmin məktubda Makqovern bir sıra tanınmış azərbaycanlı siyasi fəal və jurnalistin adlarını diqqətə çatdırıb: iqtisadçı professor Qubad İbadoğlu, qardaşı Qalib Bayramov, müxalifətçi Tofiq Yaqublu, AXCP lideri Əli Kərimli, partiya funksioneri Məmməd İbrahim, ictimai fəal Bəxtiyar Hacıyev, “AzadlıqRadiosu”nun jurnalisti Fərid Mehralızadə və həyat yoldaşı Nərgiz Muxtarova, “Meydan TV işi” üzrə həbs edilmiş jurnalistlər Şəmşad Ağa, Aynur Elgünəş və Ülviyyə Quliyeva, habelə hüquq müdafiəçiləri Rüfət Səfərov və Anar Məmmədli bu siyahıda yer alır.
Konqresmen vurğulayıb ki, bu adlar tam siyahı olmasa da, həmin şəxslərin hamısı azadlığa layiqdir. Bundan əlavə, iki amerikalı senator (hər ikisi demokrat) xüsusi olaraq jurnalist Fərid Mehralızadənin həbsdən azad olunması tələbi ilə Vensə müraciət ediblər.
Bütün bu çağırışlar ictimaiyyətdə müəyyən ümidlər doğursa da, yerli siyasi şərhçilər Vensin insan haqları məsələsini açıq şəkildə gündəmə gətirəcəyinə o qədər də inanmayıblar. Onların fikrincə, Tramp administrasiyası dövründə Vaşinqton Bakı ilə strateji tərəfdaşlıq və təhlükəsizlik mövzularına üstünlük verdiyi üçün insan haqları məsələləri əsas müzakirə predmeti olmayıb.
Müstəqil mətbuatın “Vens Bakıda həbsdəki jurnalistləri müzakirə edəcəkmi?” sualına bəzi ekspertlər “qətiyyən belə bir gözləntimiz yoxdur” cavabını veriblər.
Bununla belə, mümkündür ki, Vens qapalı görüşlərdə Əliyevlə söhbətində ayrı-ayrı məhbusların taleyini diqqətə çatdıracaq. Xüsusən də F.Mehralızadə kimi beynəlxalq medianın diqqətində olan işlər üzrə hətta cüzi irəliləyiş əldə olunarsa (məsələn, jurnalistin həbsdən buraxılması), bu, səfərin humanitar nailiyyəti kimi qiymətləndiriləcək.
Erməni məhbuslar məsələsi
Vitse-prezident Vensin Bakı səfəri ərəfəsində Ermənistan cəmiyyəti və KİV-ləri də müəyyən gözləntilər ifadə edirdi. Əsas diqqət mərkəzində olan mövzulardan biri İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə Azərbaycanın əlində qalan erməni məhbusların taleyidir.
Ceyms Vens Yerevanı tərk edərkən açıq şəkildə bildirib ki, Bakıda bu məsələni mütləq qaldıracaq.
ABŞ rəsmisinin bu bəyanatı erməni ictimaiyyətində müsbət qarşılanıb, çünki hələ də bir sıra erməni hərbçilər və mülki şəxslər Azərbaycanda həbsdədir. Yanvarın 14-də Azərbaycan humanitar addım ataraq dörd erməni məhbusu Ermənistana təhvil verib. Lakin Ermənistan rəsmilərinin açıqlamasına əsasən, hələ də 19 nəfər erməni məhbus şəxs Azərbaycan həbsxanalarında saxlanılır.
Üstəlik, Qarabağdakı keçmiş tanınmamış rejimin bəzi rəhbər şəxsləri və döyüşçülərindən ibarət əlavə bir qrup (təxminən 16 nəfər) Azərbaycanda mühakimə olunmaqdadır. Onların arasında Qarabağın milyarder keçmiş dövlət naziri Ruben Vardanyan da var ki, onun işi ayrıca aparılır.
Bakı bu şəxsləri terrorçuluq, hərbi cinayətlər və digər ağır ittihamlarla mühakimə edir və artıq bir neçəsinə ömürlük həbs cəzası verilib. Təbii ki, rəsmi Yerevan və beynəlxalq hüquq-müdafiə təşkilatları həmin məhbusların azad olunması üçün çağırışlar edirlər.
Vensin səfəri çərçivəsində bu barədə hansısa razılaşmanın əldə olunacağı mümkündür. Müşahidəçilər istisna etmirlər ki, Vaşinqtonun təklifi ilə Azərbaycan saxladığı erməni məhbusların qalanını da jest olaraq azad edə və ya üçüncü ölkənin vasitəçiliyi ilə təhvil verə bilər.
Bildirilir ki, belə bir addım tərəflər arasında etimadın artmasına xidmət edəcək və sülh prosesini asanlaşdıracaq.
Vensin Bakı səfəri