Vaxtından əvvəl seçkilər Ərdoğanın nəyinə lazım?
Türkiyə prezidenti Rəcəb Ərdoğan bildirib ki, iyunun 24-də ölkədə vaxtından əvvəl prezident və parlament seçkiləri keçiriləcək. Onlar planlaşdırıldığından bir il əvvəl keçiriləcək, The New York Times xəbər verir.
Seçkilər Türkiyənin parlament respublikasından prezident respublikasına keçidinin baş tutmasına imkan verəcək. Konstitusiyaya müvafiq dəyişikliklər Türkiyə vətəndaşları tərəfindən ötən ilki referendumda dəstəklənib. Dəyişikliklər ölkə idarəçiliyində prezidentin səlahiyyətlərinin əhəmiyyətli dərəcədə artmasını və əksinə, parlamentin rolunun azaldılmasını nəzərdə tutur.
Ərdoğan vaxtından əvvəl seçkilərin keçirilməsinin zəruriliyini qeyri-stabil iqtisadi vəziyyət, həm də Türkiyə qoşunlarının Suriya və İraqda olması ilə əsaslandırır. Onun sözlərinə görə, bu problemləri həll etmək üçün ölkə daxilində siyasi aydınlıq lazımdır. Türkiyə prezidenti deyir ki, məhz buna görə də seçkiləri mümkün qədər tez keçirmək lazımdır.
Ərdoğanın siyasi opponentləri və ekspertlər dəfələrlə Türkiyədə vaxtından əvvəl seçkilərin keçiriləcəyini deyib, amma bunu heç də aydınlıq zərurəti ilə izah etməyiblər. Onların sözlərinə görə, Ərdoğan sadəcə özünün qələbəsinə tam əmin ola biləcəyi anı gözləyirdi. O, seçkiləri mümkün qədər tez keçirməlidir ki, referendumda dəstəklənən və prezidentin səlahiyyətlərini artıracaq konstitusiya dəyişiklikləri qüvvəyə minsin.
Türkiyədə 2016-cı ilin yayından fövqəladə vəziyyətdir. O vaxt ölkədə uğursuz dövlət çevrilişi cəhdi edilib. Həmin vaxtdan etibarən Türkiyədə əsl “əcinnələrin ovu” başlayıb, siyasi rejim isə avtoritarizmə doğru iri addım atıb. Çevriliş cəhdindən sonra keçən təxminən iki il ərzində JAMnews-un məlumatına görə, Ərdoğanın çevrilişin hazırlamasında günahlandırdığı islam ictimai xadimi, Fətullah Gülənlə ehtimal olunan əlaqələrə görə on minlərlə adam azadlıqdan məhrum edilib.
Türkiyədə fövqəladə vəziyyət polisə əlavə səlahiyyətlər verir, sərbəst toplaşma azadlığını məhdudlaşdırır və görünən odur ki, fəaliyyətdə olan prezidentin opponentlərinin təşviqat aparmasına mane olmaq imkanı verəcək.
Ərdoğanın vaxtından əvvəl seçkilər təyin etməsinə daha bir səbəb kimi keçmiş daxili işlər naziri Meral Akşenerin artan populyarlığı göstərilir. O, 2017-ci ilin oktyabr ayında özünün “Yaxşı partiya”sını yaradıb. Seçkilər planlaşdırıldığı kimi, 2019-cu ildə deyil, 2018-ci ilin iyun ayında keçirilsə, Akşeneri bu seçkilərə buraxmamaq mümkündür, çünki onun partiyası Türkiyə qanunvericiliyinə görə, hələ çox “gəncdir”.
Amma Akşener artıq özünün Türkiyə prezidenti postuna namizədliyinin qeydiyyatdan keçirilməsinə nail olmağa çalışacağını və Ərdoğanın partiyası ilə parlamentdə yer uğrunda mübarizə aparacağını bildirib.
Türkiyədə keçirilən son sosial sorğulara əsasən, Ərdoğanın reytinqi düşüb. Hazırda ona 40 faizdən az Türkiyə vətəndaşı səs verməyə hazırdır.