Trampın vasitəçiliyi ilə keçirilən Əliyev-Paşinyan görüşünün mümkün nəticələri barədə
Vaşinqtondakı Əliyev-Paşinyan görüşünün nəticələri
ABŞ Prezidenti Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcəyini elan edərək bunu “Tarixi Sülh Sammiti” adlandırıb.
Görüşdə əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh sazişinin prinsiplərini müəyyən edən birgə bəyannamənin imzalanması və Vaşinqtonun dəstəyi ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi olacaq. Bununla yanaşı, hər iki ölkənin ABŞ ilə ayrıca sənədlər imzalayaraq Cənubi Qafqaz regionunun potensialının tam reallaşdırılması üçün ikitərəfli əməkdaşlığı gücləndirməsi planlaşdırılır.
İlham Əliyev və Nikol Paşinyan müxtəlif beynəlxalq sammitlərdə dəfələrlə qeyri-rəsmi görüşüblər. Lakin Vaşinqtondakı üçtərəfli zirvə onların ilk dəfə birbaşa ABŞ prezidentinin iştirakı ilə masaya əyləşməsi olacaq.

Xüsusilə, Rusiya sülhməramlılarının 2022-ci ilin sonlarında Laçın dəhlizini açıq saxlaya bilməməsi Moskvanın etibarlı təminatçı imicinə ciddi zərbə vurub. Bunun nəticəsində Avropa İttifaqı və indi də ABŞ sülh təşəbbüslərində daha fəal rol oynamağa başlayıb. Məsələn, 2023-cü ilin mayında ABŞ dövlət katibi Entoni Blinken tərəflərin xarici işlərini Vaşinqtonda görüşdürmüş, Avropa Şurası Prezidenti Şarl Mişel isə Brüsseldə bir neçə sammit təşkil etmişdi.
İndi Tramp administrasiyasının təşəbbüsü ilə Vaşinqton görüşünün keçirilməsi Qərbin bölgədə artan diplomatik fəallığının göstəricisidir.
Politoloqlar bu görüşü “regionun taleyinə dair həlledici addım” kimi xarakterizə edir, çünki müzakirələrin nəticəsi bütün Cənubi Qafqazın gələcəyi üçün həlledici ola bilər.
Sülh sazişi və gözlənilən razılaşmalar
Vaşinqton görüşündən dərhal sonra tamhüquqlu sülh müqaviləsinin imzalanması gözlənilmir. Lakin “niyyət məktubu” formatında bir birgə siyasi bəyannamənin qəbul olunacağı ehtimalı yüksəkdir. Məlumatlara görə, bu sənəd iki ölkənin ərazi bütövlüyünü qarşılıqlı tanıması, bir-birinə qarşı ərazi iddialarından rəsmən imtina etməsi, sərhədlərin qarşılıqlı tanınması və nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi əsas prinsipləri özündə ehtiva edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev son görüşlərdə bildirib ki, əsas prinsiplər razılaşdırılıb paraflandıqdan sonra tam sülh müqaviləsi üzərində işə başlamaq mümkündür. Vaşinqtonda imzalanacaq birgə bəyanatın da məhz bu cür çərçivə razılaşması formatında olacağı deyilir. Bu, sülh prosesinin “geri dönməz mərhələyə” qədəm qoyduğunu göstərəcək mühüm siyasi siqnal hesab olunur.
Belə bir bəyannamənin imzalanması, ekspertlərin fikrincə, hər iki tərəfə müəyyən öhdəliklər yükləyəcək. Əvvəla, Ermənistan Konstitusiyasının preambulasından Dağlıq Qarabağa dair istinadı çıxarmağa razılıq verməlidir ki, bu da Bakı üçün mühüm əhəmiyyət kəsb edir. Paşinyan hökuməti artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və Konstitusiyanın müvafiq maddəsini yaxın illərdə yeniləməyə siyasi iradə göstərib.
İkincisi, hər iki tərəf ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son vermək barədə birgə öhdəlik götürəcək. Minsk Qrupu uzun illər Qarabağ münaqişəsinin vasitəçisi olsa da, 2020 müharibəsindən sonra Bakı onun “artıq gərəksiz olduğunu” bildirərək boykot edirdi.
Vaşinqton razılaşması bu formatı rəsmi olaraq aradan qaldıracaq və vasitəçilik missiyasını tam şəkildə ABŞ (və qismən Avropa İttifaqı) üzərinə götürəcək.
Sülh gündəmindəki ən çətin məsələlərdən biri Zəngəzur dəhlizi adlandırılan Naxçıvana quru bağlantı mövzusudur. Əliyev illərdir tələb edir ki, Azərbaycanla Naxçıvan arasında Ermənistanın Sünik (Azərbaycan buranı Zəngəzur adlandırır) bölgəsindən keçən yol “maneəsiz” olmalı, yəni Ermənistanın heç bir sərhəd və gömrük nəzarəti tətbiq etməməsi təmin edilməlidir.
Bakı bunu 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının 9-cu maddəsinə əsasən haqqı olduğunu bildirir. Həmin maddəyə görə, “nəqliyyat əlaqələrinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirir”. Yəni ilkin planda dəhlizə rus sərhədçiləri nəzarət etməli idi. Lakin indiyədək Ermənistan hərbi-siyasi baxımdan bu dəhlizin açılmasına tərəddüdlə yanaşıb; İrəvan “dəhliz” terminini rədd edərək öz suverenliyinə təhdid saydığını bəyan edirdi.
Ermənistan bildirir ki, regionda bütün kommunikasiyalar açıla bilər, ancaq bunun üçün ölkənin ərazi suverenliyi və yurisdiksiyası tam təmin olunmalıdır. Belə ki, rəsmi İrəvan Zəngəzur üzərindən hansısa xüsusi ekstraterritorial dəhliz statusunu qəti qəbul etmir.
Vaşinqton görüşündə məhz bu mövzuda mühüm kompromisin əldə olunacağı gözlənilir. Mətbuata sızan məlumatlara görə, ABŞ tərəfi elə bir model təklif edib ki, həmin yol Ermənistan ərazisi hesab olunsa da, beynəlxalq operator tərəfindən idarə olunsun. Məsələn, ortaya atılan varianta görə, yolun idarəçiliyi uzunmüddətli konsessiya əsasında xarici (amerikalı və ya beynəlxalq) şirkətə verilsin.
Ermənistan hökuməti əvvəlcə ölkə ərazisinin 99 illiyinə icarəyə verilməsi ideyasını suverenlik səbəbindən rədd etmişdi. Lakin sonradan, Paşinyanın açıqlamaları bu təklifin müzakirə mövzusu olduğunu dolayısıyla təsdiqlədi və cəmiyyətdə ciddi tənqidlər doğurdu. İndi əldə olunan kompromis razılaşmaya əsasən, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP)” adlanan layihə çərçivəsində həmin tranzit yolunun inkişaf etdirilməsi planlaşdırılır.
ABŞ rəsmilərinin məlumatına görə, Ermənistan hökuməti Zəngəzur dəhlizinin keçəcəyi torpaq sahəsində ABŞ-yə eksklüziv istifadə və inkişaf hüququ tanımağa prinsipcə razılaşıb. Bu hüquq 99 illik müddəti əhatə edəcək və ABŞ həmin ərazini öz növbəsində beynəlxalq konsorsiuma sub-icarəyə verəcək ki, orada avtomobil yolu ilə yanaşı, yeni dəmir yolu xətti, neft-qaz kəmərləri, elektrik ötürücü xətləri və fiber-optik rabitə xətləri də qurulsun.
Beləliklə, 43 kilometr (27 mil) uzunluğunda strateji bir kommunikasiya dəhlizinin yaradılması nəzərdə tutulur. Bu addımın məhz Vaşinqton görüşü zamanı rəsmiləşdirilməsi planlaşdırılır və Tramp administrasiyası bunu özünəməxsus şəkildə “Trump Route for International Peace and Prosperity” – yəni “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandıraraq xüsusi əhəmiyyət verdiyini göstərir.
“Tramp marşrutu”nun geosiyasi nəticələri
Şahin Cəfərli kimi müstəqil siyasi şərhçilər hesab edirlər ki, Cənubi Qafqazın geosiyasi mənzərəsi bu razılaşma ilə köklü şəkildə dəyişə bilər. Onun sözlərinə görə, Tramp marşrutu Rusiyanın regional maraqlarına ciddi zərbə vuracaq.
Doğrudan da, əgər Rusiya imperiyasının bölgəyə yerləşməsi 1783-cü ildə Georgiyevsk müqaviləsi ilə başlamışdısa, 240 il sonra Moskvanın Cənubi Qafqazdan çıxarılmaq təhlükəsi ilə üzləşdiyini söyləmək olar.
Yeni razılaşma nəticəsində sülh prosesinin digər imperial maraqların – ABŞ və Aİ-nin himayəsinə keçməsi Kremli kənarda qoyur və regionda Rusiya təsirini daha da azaldır.
2020-ci ilin bəyanatında Zəngəzur dəhlizinə nəzarət Rusiya FTX-inə həvalə olunmuşdu. Lakin indi həmin maddə faktiki qüvvədən düşür; Moskva etiraf edir ki, Vaşinqtonun yeni təşəbbüsü “Rusiyanın Cənubi Qafqazdakı rolunu daha da zəiflədəcək” və region uğrunda vasitəçilik rəqabətində Kreml təşəbbüsü itirir.
BBC-nin analizində də qeyd olunub ki, Trampın Vaşinqton görüşü təşkil etməsi “Putindən vasitəçilik təşəbbüsünü qoparmaq” mənasına gəlir və Qərb sülh prosesində Rusiyanı sıxışdırır.
Yeni tranzit dəhlizinin məhz ABŞ-nin nəzarətinə verilməsi İran üçün də arzuolunmaz bir senaridir. TRIPP layihəsi İranın Cənubi Qafqazda oyun xaricində qalmasına səbəb ola bilər, çünki bu yol həyata keçərsə, Tehran Ermənistan üzərindən Avropaya quru çıxış imkanı üzərində nəzarəti itirəcək.
“Intellinews” analitik nəşrinin Tehrandan hazırladığı şərhə görə, Zəngəzur marşrutunun reallaşması İranın Ermənistan və Avropa bazarlarına yeganə quru bağlantısını kəsmək deməkdir.
ABŞ rəsmiləri də açıq şəkildə etiraf ediblər ki, bu layihə “İranın Cənubi Qafqazda uzunmüddətli mövcudluq planlarını alt-üst edəcək”, yəni Tehran üçün “qırmızı xətt” sayılan bir vəziyyət yaradacaq.
İran rəsmiləri əvvəllər də dəfələrlə Ermənistanla sərhəddə geosiyasi status-kvonun dəyişməsinə qarşı xəbərdarlıqlar ediblər. Xüsusilə İran ali rəhbərinin nümayəndəsi Azərbaycan-İsrail yaxınlaşmasını nəzərdə tutaraq “regionda sionist rejimin mövcudluğunun” İran üçün təhdid olduğunu vurğulayıb. Tehran tərəfi Tramp marşrutunu da Qərbin İranı iqtisadi-siyasi izolyasiya etməsi cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirir.
Bir sıra İranlı müşahidəçilər qeyd edir ki, ABŞ bu layihəni “münaqişəsiz kommersiya təşəbbüsü” kimi qələmə versə də, əslində hədəf İranın regiondakı təsirini minimuma endirməkdir. Hətta İran mətbuatında bu dəhlizin eni (təxminən 5-6 km) nəzərə alınaraq onun sırf nəqliyyat məqsədi güdmədiyi, daha geniş strateji zona yaradılacağı barədə iddialar yer alır.
Tehran narahatdır ki, gələcəkdə bu zolaq digər məqsədlərlə, o cümlədən hərbi məqsədlərlə istifadə oluna bilər.
Tramp marşrutunun başqa bir hədəfi Rusiya və İranla yanaşı, Çinin də planlarını nəzarətə almaqdır. Şahin Cəfərli qeyd edir ki, əgər Çin “Orta Dəhliz” təşəbbüsü çərçivəsində Zəngəzur yolundan istifadə etməyi planlaşdırırdısa, indi bu marşrut ABŞ-nin nəzarətinə keçəcək.
ABŞ uzun müddətdir Çinin əsas ixrac yollarına nəzarət etmək və ya onların qarşısına alternativlər çıxarmaq siyasəti yürüdür. Tramp marşrutu da bu siyasətin tərkib hissəsi kimi görülə bilər. Məsələn, amerikalı senator Stiv Deyns bu anlaşmanın Rusiya və Çin kimi rəqibləri yan keçməklə Xəzər hövzəsinin neft-qaz ehtiyatlarının Qərbə nəqlini asanlaşdıracağını vurğulayıb.
Onun sözlərinə görə, Tramp administrasiyasının yaratdığı bu yeni nəqliyyat dəhlizi eyni zamanda İsrail və ərəb ölkələri arasındakı “İbrahim razılaşmaları” formatını genişləndirərək Qərbə əlavə dividentlər gətirəcək. Yəni Vaşinqton Cənubi Qafqazda əlverişli nəqliyyat şəbəkəsi qurmaqla təkcə lokal sülhə deyil, həm də qlobal geoiqtisadi maraqlarına xidmət etmiş olur.
Bu vəziyyətdə bölgədə yeganə Qərb müttəfiqi olan Türkiyənin rolu xüsusi qeyd olunmalıdır. Tramp marşrutu coğrafi olaraq Türkiyəni birbaşa Azərbaycan və Orta Asiyaya bağlayacaq, yəni Ankara illərdir arzuladığı “türk dünyası” ilə quru əlaqəni əldə edir.
İlk baxışdan bu, Türkiyə üçün tarixi bir uğurdur. Lakin Cəfərli bildirir ki, bu əlaqənin ABŞ-nin iradəsindən asılı hala gəlməsi Ankarada narahatlıq yarada bilər. Onun fikrincə, Türkiyə siyasi dairələri və ictimaiyyəti Naxçıvan üzərindən türk birliyinin təmin olunmasını alqışlasa da, strateji kommunikasiyanın uzunmüddətli icarə ilə ABŞ nəzarətinə verilməsini sual altına alacaq. Güman ki, yaxın vaxtlarda Türkiyə daxilində hökumətin bu məsələdə ABŞ-a çox güzəştə getdiyinə dair tənqidi səslər ucalacaq.
Tramp marşrutu faktiki olaraq Ankara üçün “iki regional rəqibi oyundankənar vəziyyətə salıb, səni isə mənim çətirimin altında hərəkət etməyə məcbur edirəm” mesajı anlamına gəlir. Bununla belə, qeyd etmək lazımdır ki, Türkiyə özü də bu prosesin mühüm iştirakçılarından biridir; türk şirkətlərinin də yaradılacaq konsorsiumda yer alacağı və layihədən iqtisadi fayda götürəcəyi gözlənilir.
Beləliklə, Ankara narahatlığını açıq ifadə etməsə də, Tramp marşrutu onun regional ambisiyalarını qismən Qərbdən asılı vəziyyətə salmış olur.
Azərbaycan üçün gözləntilər və qazanc
Vaşinqton görüşündən sonra əldə olunacaq razılaşma Azərbaycanın bir sıra strateji hədəflərinə çatmasına imkan yaradır. İlk növbədə, Azərbaycan uzun illər tələb etdiyi Naxçıvanla maneəsiz quru bağlantını təmin etmiş olacaq. Bakı üçün ən əsası odur ki, bu yol boyu Ermənistanın sərhəd-gömrük postları dayanmasın, yəni Azərbaycan yük və sərnişinləri əlavə suveren maneələrlə üzləşməsin.
Şahin Cəfərli bildirir ki, ilkin məlumatlar məhz belə bir senaridən xəbər verir. Zəngəzurdan keçəcək yolda erməni sərhədçiləri Azərbaycan maşınlarını dayandırmayacaq, sənədlərinə möhür vurmayacaq. Bu, Bakının “Zəngəzur dəhlizi” adlandırdığı konsepsiyaya uyğundur və faktiki olaraq eksterritorial olmasa da, ekstradis və beynəlxalq nəzarət altında “yaşıl dəhliz” deməkdir.
Halbuki indiyədək rəsmi Bakı bu dəhlizə Rusiyanın nəzarət etməsini qəbul etmişdi (2020 razılaşmasına əsasən) və ABŞ rolunu tələb etmirdi. Lakin son bir ildə Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginlik, Moskvanın üçtərəfli öhdəlikləri icra etməkdə acizliyi və eyni zamanda Tramp administrasiyasına Bakıda formalaşan inam Azərbaycanın paradiqmasını dəyişdi. Bakı Rusiya vasitəçiliyindən imtina edərək üzünü Vaşinqtona tutdu. Nəticədə Azərbaycan tərəfi Zəngəzur üzərində ABŞ nəzarətinə “hə” dedi – çox güman ki, Vaşinqtonun təhlükəsizlik zəmanətləri və siyasi-diplomatik dəstəyini nəzərə alaraq.
ABŞ rəsmilərinin sözlərinə görə, Tramp administrasiyası buna cavab olaraq Azərbaycana bir sıra jestlər edir. Məsələn, uzun illərdir qüvvədə olan və Azərbaycan hökumətinə birbaşa hərbi yardımı məhdudlaşdıran Freedom Support Act-907 maddəsinin yenidən dayandırılması barədə Ağ Ev qərar verdir. 907-ci maddə ABŞ-ın 1990-cı illərdə qəbul etdiyi qanundur və Azərbaycanla münaqişə səbəbindən rəsmi hərbi əməkdaşlığı qadağan edirdi; indi Vaşinqton sülh sazişi naminə bu məhdudiyyəti rəsmi olaraq götürməyə hazırlaşır.
Bundan əlavə, hər iki Qafqaz respublikası ATƏT-in Minsk Qrupundan rəsmən çıxacaq ki, bu da Bakının uzun zamandır tələb etdiyi bir addım idi.
Bakı ümid edir ki, Vaşinqton bəyannaməsi Qarabağ münaqişəsini tarixin bir hissəsinə çevirəcək. Sənəddə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycan yurisdiksiyasında olduğunu bir daha təsdiqləməsi nəzərdə tutulur. Paşinyan artıq buna siyasi razılıq verib; hətta Ermənistan hökuməti 2023-24-cü illərdə rəsmi bəyanatlarla Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirib. İndi isə bu prinsip birgə imzalanmış sənəddə öz əksini tapacaq.
Əliyev buna paralel olaraq, Ermənistanla sülh sazişi imzalandıqdan sonra bölgədə yeni əməkdaşlıq erası başlayacağına söz verir. Onun sözlərinə görə, sülh müqaviləsi imzalanarsa, Azərbaycan Ermənistanla iqtisadi əlaqələri, kommunikasiyaları açmağa hazırdır və regional inteqrasiya mümkün olacaq.
Doğrudur, bu perspektiv hələ bir neçə il öncəyə qədər çox uzaq görünürdü. Amma artıq rəsmi Bakı Ermənistanı “düşmən ölkə” kimi deyil, gələcək tərəfdaş kimi görəcəyini bəyan edir – təbii ki, əgər İrəvan imza atdığı öhdəliklərə sadiq qalarsa.
Bununla yanaşı, bəzi beynəlxalq müşahidəçilər xəbərdarlıq edirlər ki, Bakı Vaşinqton görüşündən möhtəşəm nəticələr gözləmir. Məsələn, tədqiqatçı Tatevik Ayrapetyan hesab edir ki,
İlham Əliyev üçün əsas məqsəd hansısa sənəd imzalamaq yox, prosesin davam etməsidir.
Onun sözlərinə görə, Əliyev dəfələrlə açıq deyib ki, “heç nə imzalamaq niyyətində deyil” – yəni status-kvonu və təzyiq mexanizmini mümkün qədər qoruyub saxlamaq istəyir. Bu baxımdan, Vaşinqtonda yalnız bir niyyət protokolu ilə kifayətlənib, sonrakı aylarda da prosesin uzanması ehtimalı var.
Həqiqətən, proses uzandıqca Bakı müxtəlif rıçaqlardan istifadə edərək İrəvana təzyiqi davam etdirmək imkanını saxlayır.
Ayrapetyanın fikrincə, Azərbaycan artıq Vaşinqton görüşü üçün aydın gündəlik müəyyənləşdirib: məqsəd ABŞ vasitəsilə Ermənistanı öz tələblərini qəbul etməyə məcbur etməkdir. Buraya Qarabağ iddialarından imtina, Minsk qrupunun ləğvi, Amerikanın 907-ci maddəsini dayandırması kimi siyasi məsələlər daxildir. İrəvanın isə konkret nə istədiyi hələ aydın deyil.
Bu yanaşma ondan xəbər verir ki, Bakı Vaşinqton sammitini də əsasən öz siyasi istəyinin gerçəkləşdirilməsi yolunda vasitə kimi görür. Bununla belə, Vaşinqtonda əldə olunacaq razılaşmanın kağız üzərində qalması deyil, həqiqi sülh müqaviləsinə çevrilməsi həm də Bakının marağındadır. Çünki sülh əldə olunarsa, Azərbaycan regionda yeni iqtisadi layihələrə başlaya, Ermənistan üzərindən Türkiyə və Avropaya birbaşa ticarət əlaqələri qura, həmçinin qonşu ölkələrlə münasibətləri normallaşdıraraq uzunmüddətli sabitlik mühitində investisiya cəlb edə bilər.
Ermənistanın mövqeyi, faydaları və riskləri
Paşinyan hökuməti üçün Vaşinqton görüşü ziddiyyətli çalarlar daşıyır. Bir tərəfdən, Ermənistan çoxdan arzuladığı sülhə və təhlükəsizlik təminatına bir addım da yaxınlaşır. Digər tərəfdən isə, bu yolda ciddi güzəştlərə getməli olur. Paşinyan artıq bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ məsələsini beynəlxalq gündəmdən çıxarır.
İndi Vaşinqtonda o, bunu rəsmən təsdiqləyəcək bir sənədə imza atmağa hazırdır. Bu addım Ermənistan müxalifəti tərəfindən “məğlubiyyətin qanuniləşdirilməsi” kimi tənqid olunsa da, Paşinyan ölkəsinin gələcəyi naminə qonşusu ilə barışmağa məcbur olduğunu söyləyir. İrəvan artıq öz siyasi leksikonunda “düşmən” ifadəsini “qarşı tərəf” ilə əvəzləyib və regionda yeni səhifə açmaq istədiyini nümayiş etdirir.
Vaşinqton razılaşmasının Ermənistan üçün ən böyük müsbət tərəfi təhlükəsizlik mühitinin yaxşılaşması ola bilər. Birincisi, Tramp marşrutu çərçivəsində ABŞ-nin birbaşa iştirakı (Amerika şirkətlərinin Ermənistan ərazisində fəaliyyət göstərməsi) İrəvana dolayı təhlükəsizlik zəmanəti verir.
Siyasi şərhçi Boris Navarsardyan qeyd edir ki, Ermənistan ərazisindəki tranzit yola görə məsuliyyət daşıyan xarici operatorlar olacaq və bunun uzunmüddətli olması “ABŞ-nin maraqlarının Ermənistanla bağlanması” anlamına gəlir. Yəni Ermənistan ərazisində Amerikalı şirkətlərin investisiya qoyub işləməsi faktı Vaşinqtonun dolayısıyla Ermənistanı qoruması deməkdir. Çünki bu şirkətlərin təhlükəsizliyi və mənafeyi ABŞ dövləti tərəfindən daim diqqətdə saxlanacaq.
Paşinyan ofisi də məhz bunu nəzərə alaraq ABŞ ilə strateji tərəfdaşlığı dərinləşdirməyə çalışır. Avqustun əvvəlində ABŞ və Ermənistan tarixdə ilk dəfə birgə hərbi təlimlərə başlayıblar. Bu da Vaşinqtonun İrəvana jesti kimi qiymətləndirilir.
Şahin Cəfərlinin qeyd etdiyi kimi, Ağ Evdə demokratlar hakimiyyətdə olsaydı, Bakı bəlkə də bu cür ABŞ-Ermənistan yaxınlaşmasını özü üçün təhdid kimi görərdi. Lakin Tramp administrasiyası ilə koordinasiyalı şəkildə aparıldığı üçün Azərbaycan buna razılıq verib.
İkincisi, Ermənistan iqtisadi cəhətdən müəyyən dividendlər əldə edəcək. TRIPP layihəsi çərçivəsində qurulacaq konsorsiumun tərkibinə erməni şirkətləri də daxil ola bilər və yerli əməkdaşlar cəlb oluna bilər. Yeni yolun Ermənistan ərazisindən keçməsi bu ölkəyə tranzit haqqı və vergilər şəklində gəlir gətirəcək. Paşinyanın komandasının hesablamalarına görə, söhbət milyonlarla dollarlıq illik gəlirdən gedə bilər.
Həmçinin ABŞ və Ermənistan arasında Vaşinqtonda ikitərəfli iqtisadi anlaşmalar da imzalanacaq ki, bu da amerikalı investorların Ermənistana cəlb olunmasını hədəfləyir. Bütün bunlar Paşinyanın Qərbə inteqrasiya strategiyasına uyğun addımlardır və o, ölkəsinin tədricən Rusiya asılılığından çıxaraq diversifikasiya olunmuş xarici siyasət kursu yürütməsinə çalışır.
Bununla belə, Ermənistan üçün ciddi risklər də mövcuddur. Ən başlıcası, müxalif dairələr Zəngəzur dəhlizinin beynəlxalq nəzarətə verilməsini suverenliyə xələl gətirən addım sayır. Paşinyan indiyədək dəfələrlə vəd etmişdi ki, Ermənistan ərazisində xarici gücün sərhəd-keçid funksiyasını icra etməsinə imkan verməyəcək. İndi isə yolun idarəsinin faktiki olaraq ABŞ-a həvalə olunması bu vədə ziddir. Hətta hakim “Vətəndaş Müqaviləsi” partiyasının bəzi üzvləri belə, əvvəlcə bunu “dezinformasiya” adlandırmışdı.
İctimaiyyət arasında da narahatlıq var ki, Ermənistan öz ərazisini 99 illiyinə “icarəyə verir”. Navarsardyan kimi analitiklər xəbərdarlıq edir ki, Ermənistan bu layihəyə yalnız o halda razılıq verməlidir ki, əvəzində əks-güzəştlər əldə etsin. Məsələn, mütləq təmin olunmalıdır ki, Ermənistan da Azərbaycan ərazisi üzərindən Naxçıvan və ya digər istiqamətlərdə oxşar tranzit hüququ qazansın, yəni qarşılıqlılıq prinsipi təmin olunsun.
Paşinyan son bəyanatlarında bildirib ki, “Azərbaycan ərazisində dəmir yolunun açılmasına razıyıqsa, Ermənistan ərazisində də eyni şərait yaradılmalıdır”. Yəni İrəvan da Bakıdan Mehri dəmir yolunun (Sovet dövründə olduğu kimi) bərpasına investisiya qoymağı və Ermənistanın regionda tamhüquqlu tranzit ölkəyə çevrilməsinə kömək etməyi gözləyir. Əgər yalnız Azərbaycan-Naxçıvan yolu açılarsa, Ermənistan regional kommunikasiya baxımından dalana çevrilə bilər və blokadası daha da dərinləşər.
Odur ki, İrəvan Vaşinqton görüşündə mütləq öz maraqlarını da masaya qoymalıdır. Tatevik Ayrapetyan qeyd edir ki,
Ermənistan nümayəndə heyətinin konkret gündəliyi bəlli olmasa da, onlar üçün prioritet məsələlərdən biri Azərbaycan həbsxanalarında qalan erməni əsirlərin azad olunması olmalıdır.
Bu məsələni Ağ Ev də yaxşı bilir və Paşinyan üçün daxili siyasi baxımdan əhəmiyyətlidir.
Bundan əlavə, Ermənistan tərəfi regionda bütün kommunikasiyaların açılması barədə ümumi təminat almağa çalışacaq ki, Azərbaycanın Naxçıvan yolundan əlavə, Ermənistanın da Azərbaycana, Türkiyəyə və İrana maneəsiz ticarət yolları əldə etməsi mümkün olsun.
Ermənistan daxilində Paşinyanın qərarlarına etiraz olsa da, son aylarda müxalifətin kütləvi aksiyaları sönük keçib və cəmiyyət sülh perspektivinə müəyyən ümidlə yanaşır. Bununla belə, qarşıda 2026-cı ilin iyununda Ermənistan parlament seçkiləri var və nəticələr sülh prosesinə birbaşa təsir göstərə bilər.
Cəfərli hesab edir ki, məhz həmin seçkilər bütün regionun gələcəyini müəyyənləşdirəcək kritik məqamdır. Hazırda Paşinyanın partiyası reytinqlərdə birinci olsa da, əvvəlki nüfuzunu xeyli itirib. Rusiyameyilli qüvvələr seçkilərdə revanş etməyə can atır. Məsələn, həbsdə olan milyarder Samvel Karapetyanın yeni partiya qurmaq cəhdləri Moskvanın planlarının tərkib hissəsi kimi görülür. Kreml Paşinyanın devrilməsi üçün gizli dəstək verə bilər, çünki
Vaşinqton sazişinin uğuru birbaşa Paşinyanın iqtidarda qalmasından asılıdır.
İranın da bölgədə Qərb təsirini zəiflətmək üçün Ermənistan daxilində müəyyən anti-Qərb təbliğatını dəstəkləməsi mümkündür. Paşinyan hakimiyyətdən gedərsə, yeni rəhbərlik əldə olunan razılaşmaları yenidən nəzərdən keçirə və ya icrasını yubandıra bilər. Bu isə bütün sülh prosesini təhlükə altına qoya bilər.
Cəfərli qeyd edir ki, hazırkı məqamda Azərbaycanın və ABŞ-nin maraqları üst-üstə düşür. Hər ikisi Paşinyanın öhdəliklərini icra etməsini və bölgədə Qərbyönümlü kursun davamını arzulayır.
Ümid olunur ki, Paşinyan qarşıdakı sınaqlardan uğurla çıxacaq və Vaşinqtonda başlanmış yeni sülh trayektoriyası davam edəcək.
Vaşinqtondakı Əliyev-Paşinyan görüşünün nəticələri