Vaşinqton görüşündən sonra: Zəngəzur dəhlizi razılaşması və buna qarşı səsləndirilən fikirlər
Vaşinqton görüşündən sonra danışılanlar
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşdə tam sülhə nail olunmadı, əldə olunan marşrut barədə razılıq isə region ölkələrinin narazılığına səbəb olub.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Ermənistan arasında uzunmüddətli münaqişəyə son qoymağı hədəfləyən razılaşmalar üzrə ilkin addımlar atıldı.

Xarici işlər nazirləri Ermənistan-Azərbaycan sülh sazişi mətnini ilkin şərtlə imzalayıb, həmçinin iki ölkə arasında nəqliyyat dəhlizlərinin açılmasına dair ilkin bəyannaməyə qol çəkilib. Trampın açıqlamasına görə, tərəflər 35 il sonra düşmənçilikdən əl çəkərək dostluğa qovuşublar və bu addım “tarixi” hadisə kimi dəyərləndirilib.
Görüşün əsas nailiyyətlərindən biri Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək yolun açılması barədə razılığın əldə olunmasıdır. Bu yol “Trump Route” (“Tramp Dəhlizi” – TRIPP) adlandırılacaq və ABŞ idarəçiliyi altında Ermənistanın cənubunda infrastruktur konsorsiumu ilə inşa olunacaq.
Azərbaycanın əvvəlki tələbi yolun qismən ekstraterritorial status alması idi, lakin razılaşmaya əsasən yol Ermənistan qanunvericiliyi çərçivəsində qalacaq, Azərbaycanın tələbi geri götürülüb və yolun üzərində Ermənistanın suverenliyi qorunacaq.
Üçtərəfli sənədlər paketində həmçinin ABŞ-Azərbaycan və ABŞ-Ermənistan arasında enerji, ticarət və texnologiya (o cümlədən süni intellekt) sahələrində yeni iki tərəfli sazişlərin imzalanması da nəzərdə tutulub.
Görüşdən sonra ölkə rəhbərləri mətbuat qarşısında bəyanatlarla çıxış ediblər. İlham Əliyev deyib ki,
“Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq”.
O, həmçinin bir neçə ay ərzində Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya hazırlanacağını bildirib.
Prezident “907-ci düzəliş”in icrasının dondurulmasına görə də Donald Trampa minnətdarlığını bildirib.
907-ci düzəliş 1992-ci ildə qəbul olunmuş “Azadlığa Dəstək Aktı”na (Freedom Support Act) əlavə edilmiş xüsusi bir maddədir. Bu maddə Azərbaycanın ABŞ hökumətindən birbaşa dövlət yardımını almasını qadağan edirdi.
“İrəvan etdiklərindən əl çəksə də, tarixən sərgilədiyi rəsmi mövqedən geriyə az çəkilib”

Respublikaçı Alternativ Partiyasının keçmiş sədri, siyasətçi İlqar Məmmədov Vaşinqton görüşündən sonra baş verəcəklərlə bağlı yazır ki, Paşinyanın devrilməsi kimi köhnə risklərdən bəziləri hələ də yerində qalır.
O, Sülh sazişinin layihəsi haqqında yayılan məlumatlara əsasən bildirir ki, sülhə istiqamətlənmiş diplomatik fəaliyyət münaqişənin formal səbəbini demək olar görməzlikdən gəlir:
“İrəvan etdiklərindən əl çəksə də, tarixən sərgilədiyi rəsmi mövqedən geriyə az çəkilib”.
Siyasətçinin fikrincə Yerevanın mövqeyinə əsasən, Qarabağ ermənilərinin Bakı ilə öz münaqişəsi var və bu münaqişəyə zamanla dəyişən sadəcə Yerevanın hansısa yanaşmaları olub.
“İşğalın etirafı isə hələ görünmür, işğala görə rəsmən, kağız üzərində Azərbaycandan üzr istənilmir. Paşinyanın bu yöndə bəzi dumanlı çıxışları var, amma onların hüquqi nəticə yaratdığını demək çətindir”.
Məmmədova görə bu hal Rusiyaya imkan verir ki, özünün Azərbaycanla münasibətlərinin gərginləşməsinə söykənərək, Qarabağ ermənilərinin torpaq tələbinə bu dəfə Yerevan vasitəsilə deyil, birbaşa özü himayədarlıq etsin və onların “guya pozulmuş haqları uğrunda” yeni pozucu hərəkətlilik yaratsın.
“Görək hələ Minsk Qrupunun buraxılması haqda dünənki müraciətə Moskva nə deyəcək. Amma hətta müraciətin lehinə səs versə belə, sözü gedən risk yerində qalır. Çünki Rusiya bu müraciəti biz gördüyümüz mahiyyət üzrə deyil, ATƏT-in səmərəsizliyini səbəb sayaraq dəstəkləyə bilər. Lavrov bu günlərdə hətta ATƏT-in özünün buraxılmalı olduğu haqda danışırdı, nəinki Minsk Qrupunun.
Dediyim bu riskin qarşısı alınmasa, İrəvan özünün çoxdankı arzusuna, Qafqazda birinin Qərb, digərinin isə Rusiya meylli iki erməni dövlətinin yaradılması planının dirçəlməsinə kənardan, tərəfsiz, qorunmuş və xoşbəxt bir seyrçi kimi baxacaq”.
Rusiya və İranın narahatlıqları
“Reuters” agentliyinin məlumatına görə, Vaşinqton razılaşması Rusiyanın təsir dairəsində bir addım kimi qiymətləndirilir və Moskvanın narahatlığını artıra bilər. Faktiki olaraq Rusiya XİN nümayəndələri qərbin prosesi “öz maraqları çərçivəsinə salmaq”da ittiham edib və regional balansın pozulacağından ehtiyat edir.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova rəsmi açıqlamasında Vaşinqtona səfərin Moskva ilə məsləhətləşmələri “kənarlaşdırmaq” məqsədini daşıdığını bildirərək, bunun regionda təhlükəsizlik sistemində “balanssızlığa” səbəb ola biləcəyini vurğulayıb.
İran da Vaşinqton razılaşmasına ehtiyatla yanaşıb. “Reuters”in verdiyi məlumata görə, İran anlaşmanı “davamlı regional sülhə mühüm addım” hesab etsə də, öz sərhədlərinə yaxın hər hansı kənar müdaxilənin təhlükəsizlik və sabitliyi pozacağına dair xəbərdarlıq edib.
Qeyri-rəsmi məlumata görə, İran Ali Məsləhət Şurasının yüksək səviyyəli müşaviri bu razılaşmanın İranın şimal sərhədlərində nəqliyyat dəhlizlərinin açılmasına şərait yaratdığını iddia edərək, bu prosesə qarşı çıxdığını bildirib. Məlumdur ki, Zəngəzur dəhlizi İranın Cənubi Qafqazdakı əhəmiyyətli strateji mövqeyini təsir edə bilər və Tehran buna ehtiyatla yanaşır.
Bu gün isə İranın Ali dini Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti artıq “Tramp marşrutu”nun yaradılmasına qarşı fikirlər səsləndirib. O bildirib ki, İran Rusiya ilə olsun, ya da olmasın, ABŞ-nin Qafqazda bu layihəsinin qarşısını alacaq, çünki bu keçid bölgənin təhlükəsizliyini təhdid edir və geosiyasi xəritəni dəyişdirir.
Tasnim xəbər agentliyinə verdiyi müsahibədə Vilayəti deyib:
“Qafqaz sahibsiz yer deyil ki, Tramp onu icarəyə götürsün. Bu keçid Trampın quldurlarının qəbiristanlığı olacaq”.
O, “Tramp marşrutu”nun bölgənin sərhədlərini dəyişdirərək Ermənistanın parçalanmasına xidmət etdiyini vurğulayıb.
Vilayəti “Tramp marşrutu”nun sadəcə ticarət keçidi kimi təqdim edilməsinin əslində siyasi sui-qəsd olduğunu bildirib. O, Türkiyənin NATO üzvü olduğunu və NATO-nun bölgədə genişlənmə niyyətində olduğunu, lakin İranın buna icazə verməyəcəyini vurğulayıb.
İlqar Məmmədov isə deyir ki, İrandan bugün Əli Əkbər Vilayətinin səsləndirdiyi fikirlərin sərtliyi çox güman, o dəhlizi idarə edəcək konsorsiumun payçısı olmaq istəməsi ilə bağlıdır. Siyasətçinin fikrincə İran özünün eşidilməsi üçün hazırda sərt fikirlər səsləndirir.
“Yəqin eyni istək tezliklə Rusiya tərəfindən də səsləndiriləcək. Konsorsiumda pay bölgüsü anlaşmasına gəlməsələr, onda ikisi də dəhlizə maneələr törətməyə çalışacaq”.
Onun sözlərinə görə, Trump uzun danışıqlar aparıb konsorsiumda onlara pay verə də bilər. Amma hətta belə bir pay alandan sonra da İran ya da Rusiya dəhlizin işini əngəlləməyə meylli qalacaqlar:
“Çünki yolun fəal və hərtərəfli rahat istismarı hələ bilinmir kimi daha çox gücləndirəcək – Qərbi yoxsa Rusiya-İran duetini”.
Onun qənaətincə, bu baxımdan, dəhlizin tək Azərbaycanın nəzarətində olması daha tarazlı və öncədən idarə oluna biləcək geosiyasi və geoiqtisadi nəticələr yarada bilərdi.
“Təəssüf ki, ətrafımızda hamı buna qarşı çıxış etdi”.
“Paşinyan Vaşinqton razılaşmalarının yerinə yetirilməsini uzatmamalıdır”

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə İrandakı mühafizəkar dairələrin Vaşinqton razılaşmasının əleyhinə çıxmasının gözlənilən olduğunu deyir.
“Ancaq Vilayəti bu prosesə İranın necə mane olacağını izah edə bilməyib. Bunlar bölgədə dəyişən şərtləri hələ də nəzərə almırlar.
Emənistandakı radikallar ABŞ-nin vasitəçilyinin əleyhinə olmadıqlarını söyləsələr də, Vaşinqton razılaşmasının Ermənistanın xeyrinə olmadığını izah etməyə çalışırlar. Ancaq onların “izahının” da məntiqi yoxdur, sadəcə Minsk Qrupunun yox olmasına, Zəngəzur dəhlizinin açılması perspektivinə yas tuturlar”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın birbaşa Vaşinqton razılaşmasının əleyhinə açıqlama verməməsinə də toxunan politoq nazirlik sözçüsünün Ermənistanın Rusiyadan qopa bilməyəcəyinə dair sətiraltı mesajlar verdiyini bildirir:
“Beləliklə, Vaşinqton razılaşmasının əleyhinə olanların Azərbaycana təzyiq alətləri yoxdur. Onlar baş nazir Nikol Paşinyanın üstünə tökülüşüblər. Buna görə də Nikol Paşinyan Vaşinqton razılaşmalarının yerinə yetirilməsini uzatmamalıdır.
Vaşinqton razılaşması Nikol Paşinyanın erməni cəmiyyətində mövqelərini gücləndirəcək. Bu ona imkan verir ki, parlament seçkilərini erkənə çəkib Konstitusiya dəyişikliyi etməklə Azərbaycanla sülh müqaviləsinin imzalanması işini də bitirsin”.
Vaşinqton görüşü ilə bağlı beynəlxalq reaksiyalar
ABŞ Prezidenti Tramp hər üç lideri tarixi addım atdıqları üçün tərifləyərək, Əliyev və Paşinyanın sülh naminə göstərdiyi cəsarəti xüsusi vurğulayıb. Ağ Evdə keçirilən mərasimdə həm Azərbaycan, həm də Ermənistan rəhbərləri Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyə hazır olduqlarını bəyan ediblər.
NATO da bu prosesə rəğbətini bildirib. NATO-nun sözçüsü Ellison Hart ictimaiyyətə açıqlamasında Ermənistanla Azərbaycanın sülh yolunda irəliləyişini “mühüm addım” adlandıraraq alyansın hər iki ölkə ilə əməkdaşlığa davam edəcəyini bildirib.
ABŞ-nin müttəfiqləri – Aİ və Avropa Şurasının rəhbərləri Vaşinqton razılaşmasını alqışlayıb. Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və Komissiyanın prezidenti Ursula fon der Leyen ortaq bəyanatında üçtərəfli görüşün uğurunu yüksək qiymətləndirərək, Aİ-nin normallaşma prosesini tam dəstəklədiyini və regionun infrastrukturuna investisiya yatırmağa hazır olduğunu söyləyiblər.
Onlar xüsusilə sülh sazişinin imzalanmasını sabitliyi təmin etmək baxımından “ölkələr və bütün region üçün həlledici əhəmiyyət”li hadisə saydıqlarını vurğulayıblar. BMT və AŞPA kimi beynəlxalq təşkilatlar da sülh təşəbbüsünü alqışlayıb, lakin səylərin yekun sülhə doğru davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Türkiyə və region dövlətlərinin reaksiyası
Türkiyə XİN-in məlumatına görə, Ankara bu razılaşmanı Cənubi Qafqaz üçün “həyatında nadir yaranan tarixi fürsət” adlandırıb və irəliləyişin regionda sülh və sabitliyin təmin olunması baxımından “son dərəcə mühüm inkişaf” olduğunu bildirib. Türkiyə sülh yolunda atılan bu addımı dəstəklədiyini və Azərbaycanın təşəbbüslərini davam etdirəcəyinə dair bəyanat yayaraq, Vaşinqton razılaşmasına verdiyi dəstəyi qeyd edib.
Gürcüstan rəsmiləri də görüşün nəticələrini müsbət qiymətləndirib. Baş nazir İrakli Kobaxidze və Xarici İşlər Nazirliyi ölkələrarası sülhə gedən yolda əldə edilən razılaşmaları alqışladığını bildirərək, hadisəni “region və dünya üçün tarixi nailiyyət” saydı. Rəsmi Tbilisi ümid edir ki, Vaşinqtonda qoyulan sülhün əsasları Qafqaz regionunda birgə layihələrin (məsələn, Orta Dəhliz nəqliyyat marşrutunun) inkişafına təkan verəcək.
Hüquqi və siyasi aspektlər
Vaşinqton deklarasiyası münaqişənin sona çatmasını nəzərdə tutsa da, razılaşmanın hüquqi təsdiqi üçün hələ bir sıra addımlar atılmalıdır. Hələ ki sülh sazişinin ilkin mətninin imzalanmasına şərait yaradılıb, lakin tam imzalanma mərhələsi gələcəkdə baş tutmalıdır.
Bundan əvvəl məlum olduğu kimi, Azərbaycan həmin sazişi imzalamaq üçün Ermənistanın 1995-ci il Konstitusiyasından “Dağlıq Qarabağ” məsələsinə dair istinadın çıxarılmasını tələb edir. Bu, təxminən 2027-ci ilə qədər Ermənistan parlamentində konstitusiya dəyişikliyi tələb edəcək və mübahisəli məsələ sayılır.
Bəyanata əsasən, ATƏT-in Minsk Qrupu fəaliyyəti dayandırılacaq və üzv dövlətlərə bu addımı qəbul etmək üçün müraciət olunacaq. Bu da 30 ildən artıq davam edən prosesin yeni mərhələsinə işarədir.
Həmçinin sənədlərdə “Dağlıq Qarabağdan məcburi köçürülən ermənilərin geri qayıtması” kimi məsələlər hələlik həllini tapmayıb. Ola bilər ki, Sülh sazişi imzalanan zaman bu məqamlar da gündəmdə olacaq.
Nəqliyyat dəhlizlərinin açılması ilə bağlı olaraq isə yalnız Naxçıvan dəhlizinə dair razılıq əldə edilib; Ermənistanın digər bölgələrindən keçəcək bütün dəhlizlər məsələsi gələcək ikitərəfli danışıqlarda müzakirə olunacaq.
Vaşinqton görüşündən sonra danışılanlar