“ ‘Vardanyan layihəsi’ ziddiyyətləri kəskinləşdirib”. Bakıdan təhlil
“Vardanyan layihəsi” ziddiyyətləri kəskinləşdirib
Tanınmamış DQR-in dövlət naziri Ruben Vardanyan Azərbaycanda Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı diqqət mərkəzində olmaqda davam edir. Ekspertlər cameəsi Laçın yolunda etiraz aksiyasının bitməsini və Bakı ilə Xankəndi arasında danışıqların başlamasını Vardanyanın mümkün istefası ilə əlaqələndirməyə meyllidir. Burada tanınmamış rejimin dövlət nazirinin Rusiya ilə Ermənistan arasındakı münasibətlərə təsirindən də bəhs edilir. “ ‘Vardanyan layihəsi’ Ermənistanla Rusiya arasında onsuz da mürəkkəb olan münasibətlərdə ziddiyyətləri kəskinləşdirib”, – politoloq Fərhad Məmmədov belə hesab edir.
- Saakaşvili: səhhəti, həbsxana şəraiti, onu nələr gözləyir? Video və suallara cavab
- “Sərhədləri bağlı olan yeganə ölkə”. Azərbaycanda karantin müddəti uzadılıb
- Bəxtiyar Hacıyevə azadlıq tələb edən iki fəal həbs edilib
Azərbaycan mətbuatında tanınmamış Dağlıq Qarabağ Respublikasının dövlət naziri Ruben Vardanyanın mümkün istefası ilə bağlı məlumatlar yayılıb. Qeyd olunur ki, bunu fevralın 23-də tanınmamış rejimin prezidenti Arayik Harutyunyan elan edə bilər.
Hələlik bu məlumat təsdiqini tapmayıb.
Azərbaycanın ekspert cameəsi Laçın yolunda etiraz aksiyasının bitməsini və Bakı ilə Xankəndi arasında danışıqların başlamasını Vardanyanın mümkün istefası ilə əlaqələndirməyə meyllidir. Tanınmamış rejimin dövlət naziri faktorunun Rusiya ilə Ermənistan arasında münasibətlərə təsiri də qeyd olunur.
“Vardanyan layihəsi” hədəflərinə çatdımı?
“Artıq yarım ildir ki, Rusiya məqsədlərinə çatmaq üçün “Vardanyan layihəsini” işə salıb. Layihənin hansı hədəfləri izlədiyini, hədəflərə nə dərəcədə çatdığını və nəticə etibarı ilə tərəflərin nə əldə etdiklərini sistemləşdirmək məqsədəuyğundur”, – azərbaycanlı politoloq Fərhad Məmmədov qeyd edib.
Onun sözlərinə görə, “layihə”nin bir neçə hədəfi olub:
• “Vaşinqton razılaşması” (assimetrik) Bakı-Xankəndi və (simmetrik) Ermənistan-Azərbaycan danışıqlarını bir-birindən ayırdı. Vardanyan Rusiyanın regionda maraqlarını təmin edən və Qarabağ ermənilərini danışıqlarda təmsil edən subyekt olmalı idi.
• Qarabağ ermənilərinin subyektliyini artırıb Azərbaycana reinteqrasiyasına mane olmalı idi.
• Qarabağ ermənilərinin konsolidasiya və beləliklə müqavimət səviyyəsini artırıb, mövcud reallıqla barışmağa mane olan yalançı ümidlər formalaşdırmalı idi.
• KİV ilə yaxın əlaqə quraraq Qarabağ erməniləri məsələsinin beynəlmiləlləşməsinə nail olmalı idi.
• Azərbaycanın təbii sərvətlərinin talan edilməsi sayəsində “yerdə” alternativ gəlir mənbələri yaradıb, Xankəndinin Yerevandan, yəni Paşinyandan asılılığını azaltmalı idi.
• Ermənistan SQ qalıqlarının Qarabağdan çıxarılmasına mane olmalı idi.
• Gələcəkdə Ermənistana təsir vasitələrini artırmaq üçün “layihənin” uğurlu olmasını təmin etməli idi.
Hansı hədəflərə çatılıb?
“Qarabağ erməniləri məsələsi beynəlmiləl xarakter aldı. Məsələ ilə bağlı erməni diasporu və Ermənistan havadarları konsolidasiya olundu.
Lakin, məsələnin beynəlmiləşməsi Azərbaycana münasibətdə sanksiyalara gətirmədi. Danışıqlar davam edir və ABŞ, Rusiya, Aİ timsalında bütün vasitəçilər danışıqlar prosesində iştirak edir”, – Məmmədov vurğulayıb.
Azərbaycan “Vardanyan layihəsi”ndən necə istifadə edib?
Politoloq bildirib ki, Azərbaycan “Vardanyan layihəsi”nin reallaşmasına səbrlə yanaşıb, paralel olaraq itkilərin sıfıra enməsi üçün “yerdə” və siyasi-diplomatik arenada məqsədə/məntiqəuyğun addımlar atdı. “Vardanyan layihəsi” Bakının (onsuz da) atacağı addımları sürətləndirdi:
• Laçın yolundakı ekoloji aksiya Qarabağa minaların, silah-sursatın və Ermənistan hərbçilərinin daxil olmasının qarşısını aldı.
• Yataqların istismarı və bununla da Azərbaycan ərazilərindəki istənilən qanunsuz iqtisadi fəaliyyət dayandırıldı. Başqa sözlə desək, Qarabağ ermənilərinin alternativ gəlir mənbəyi kəsildi. Hazırda Qarabağ erməniləri iqtisadi cəhətdən tam olaraq Yerevandan, yəni Paşinyandan asılıdırlar.
• Bakı Vardanyanla danışıqlara getmədi, əksinə onun Qarabağdan getməsini tələb etdi. General Volkov Vardanyanı “diplomatik nümayəndə” kimi irəli çəkə bilmədi.
• Azərbaycan Qərbə, xüsusilə Vaşinqtona göstərdi ki, Xankəndi ilə dialoq tələbi “Vardanyan layihəsi”nin reallaşmasına gətirib çıxardı. Bu tələbin prinsipial olaraq müdafiə edilməsi “Vardanyan layihəsi”nin uğurunu Ermənistan üzərinə də yaya bilər. Beləliklə, prioritet sülh sazişi oldu.
• Ekoaksiya nəzarət buraxılış məntəqəsi (NBM) məsələsini aktuallaşdırdı. Bu məsələ Münhendə, özü də Rusiyaya yox, Ermənistan rəhbərliyinə rəsmi təklif kimi verildi. 12 dekabra qədərki rejim daha olmayacaq. Bakının “qırmızı xəttlərini” keçmək lazım deyildi ki, Bakı da Moskvanın “qırmızı xəttini” keçsin!
• Konsolidasiya yerinə həm Qarabağ erməniləri, həm də Ermənistan daxilində parçalanma baş verdi. Vardanyanın özü, postlarında “daxili müqavimətdən” bəhs edir.
• “Müqavimət simvolu” kimi Qarabağ ermənilərinin ümidlərinə ən böyük zərbəni elə Vardanyan vurdu. Ən azından Vardanyana qədər Qarabağ erməniləri talonlardan istifadə etmirdilər və Laçın yolu üzrə rahat hərəkət edirdilər.
• Hazırda Qarabağdakı infrastruktur sıradan çıxıb, yaxın vaxtlarda isə qaçılmaz olaraq Azərbaycan infrastrukturuna qoşulacaqdır. Qarabağ ermənilərinin subyektliyi yalnız yaddaşda qalacaq. Qarabağ ermənilərinin müqavimət səviyyəsi Ermənistan SQ qalıqlarının çıxarılması/məhv edilməsi və Vardanyanın getmə/həbsindən sonra heç bir əhəmiyyət kəsb etməyəcək.
“Layihə Rusiyanın özü üçün də toksik olmağa başlayır”
“ ‘Vardanyan layihəsi’ onsuz da qəliz olan Ermənistan-Rusiya münasibətlərini daha da kəskinləşdirdi”, – politoloq əlavə edib.
Onun sözlərinə görə, “layihə” Rusiya üçün də toksik oldu, belə ki, hadisələr hətta Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə də nəzarətdən çıxır. Sülhməramlıların Laçın yolundakı yeganə real eksklüzivliyi isə perspektivdə nəzarət buraxılış məntəqəsi formasını almaq üzrədir.