"The Oligarch’s Design" - Vardanyan barədə sənədli filmdə nələr yer alır?
Vardanyan haqqında film
Hazırda Azərbaycan həbsxanasında olan rusiyalı erməni Ruben Vardanyan haqqında olan “The Oligarch’s Design” adlı araşdırma xarakterli filmin Azərbaycan höküməti tərəfindən maliyyələşdirilən “AnewZ” televiziya kanalının hazırladığı silsilənin bir hissəsi olduğu deyilir.
Vardanyan 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlib və ləğv edilmiş Dağlıq Qarabağ separatçı respublikasında dövlət naziri vəzifəsini tutub. 2023-cü ildə Azərbaycanın hərbi əməliyyatlarından sonra Qarabağdan çıxmağa cəhd edərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. O, hazırda ağır cinayət ittihamları ilə məhkəmə qarşısındadır.
Yaradıcılar bildirilir ki, bu film maliyyə resurslarının, siyasi təsir imkanlarının, həmçinin qəsdən formalaşdırılan narrativlərin münaqişələrə və ictimai rəyə necə yön verə biləcəyini göstərməyi hədəfləyir.
Filmin Bakıda, Nizami Kino Mərkəzində keçirilən premyerasında Azərbaycanın parlament üzvləri, televiziya və media qurumlarının rəhbərləri, eləcə də tanınmış ictimai-siyasi xadimlər iştirak edib.
Ekran əsərində onun Moskvada maliyyə elitasının nüfuzlu nümayəndəsi kimi fəaliyyətə başlamasından tutmuş, Qarabağ münaqişəsindəki proseslərə qoşulmasına qədər həyat yolunu ardıcıl nümayiş etdirilir.
Yaradıcı heyət bildirir ki, film yalnız yoxlanılmış mənbələrə və araşdırma nəticələrinə əsaslanır.
“Filmdə məqsəd heç bir tərəfi haqlı çıxarmaq deyil, faktlar əsasında qərarların necə verildiyini göstərməklə şəffaflığa və ictimai hesabatlılığa töhfə verməkdir”.
- “Məhkəmə iclasları açıq-aşkar teatrdır”: Ruben Vardanyan vəkilindən imtina edib
- ABŞ səfirliyinin əməkdaşları Bakıda ermənilərlə bağlı məhkəmə proseslərini izləyirlər
- “Erməni əsirlərin son ümidi ölür”: BQXK-nın Bakı ofisi bağlanır
Filmin əsas iştirakçıları
“AnewZ” kanalının icraçı direktoru Rüfət Həmzəyevin sözlərinə görə, layihənin çəkilişlərinə 2025-ci ilin yanvarında start verilib və istehsal prosesi təxminən 10-11 ay davam edib. Çəkilişlər Azərbaycan, Ermənistan, Ukrayna, ABŞ, İsrail də daxil olmaqla səkkiz müxtəlif ölkədə aparılıb. Təxminən 100 nəfərdən ibarət yaradıcı heyət bu filmin hazırlanmasında çalışıb.
Ekran işində müxtəlif ölkələrdən olan ekspert və şahidlərin çıxışları yer alır. Azərbaycan, Ermənistan və Ukraynada aparılan çəkilişlər çərçivəsində millət vəkilləri, hüquq üzrə mütəxəssislər, regional analitiklər və jurnalistlər müsahibələr verərək mövzu ilə bağlı öz baxışlarını bölüşüblər.
Bundan başqa, Ruben Vardanyanın təsisçilərindən olduğu “Aurora” humanitar təşəbbüsünün nümayəndələri ilə söhbətlər də filmə daxil edilib. Filmdə illər boyu beynəlxalq miqyasda tanınmış simaları cəlb edən bu platformanın fəaliyyəti araşdırılır və təqdim olunan hekayələrin formalaşmasındakı rolu dəyərləndirilir.
Rüfət Həmzəyev qeyd edir ki, sənədli filmi hazırlayarkən açıq mənbələrdəki çoxsaylı sənədlər və faktlar incələnib, həmçinin beynəlxalq araşdırmalarda iştirak edən və ya həmin materialları dərindən öyrənmiş mütəxəssislərin müsahibə və analitik şərhlərindən istifadə olunub.
Eyni zamanda filmə Qarabağ hadisələrinin bilavasitə şahidi olmuş erməni əsilli bir şəxslə (Xankəndidə yaşayan sakinlə) müsahibə də daxil edilib – o, müşahidəçisi olduğu proseslər haqqında ətraflı danışır.
Filmdə bəhs edilən əsas mövzular
“The Oligarch’s Design” sənədli filmi Ruben Vardanyanın həm biznes, həm də siyasi fəaliyyətinin müxtəlif tərəflərinə toxunur. Burada onun Rusiyadakı karyerasından tutmuş Qarabağdakı roluna və beynəlxalq maliyyə şəbəkələrindəki əlaqələrinə qədər əsas mövzular təhlil olunur.
Rusiya və beynəlxalq maliyyə şəbəkələrində rolu
Vardanyanın 1990-cı illərdən etibarən postsovet məkanında aparıcı investisiya bankerı kimi yüksəlişi filmdə əks olunub. O, Rusiyanın ən iri özəl investisiya qurumlarından biri olan “Troika Dialog” şirkətinin qurucusu və baş icraçı partnyoru olub. Bu bank vasitəsilə Vardanyan Rusiya elitasının bir sıra böyük özəlləşdirmə layihələrində iştirak edib, bəzi strateji sənaye müəssisələrinin (məsələn, AvtoVAZ və KAMAZ avtomobil zavodlarının) nəzarətə götürülməsinə yardım göstərib.
Həmçinin o, Moskva yaxınlığında yaradılan Skolkovo İdarəçilik Məktəbinin təşəbbüskarı və ilk rəhbərlərindən biri olub – 2006-cı ildə məktəbin təməlqoyma mərasimində şəxsən Prezident Vladimir Putin iştirak edib. Vardanyan yüksək dairələrlə yaxın əlaqələri sayəsində “Rostec” dövlət korporasiyasının rəhbəri Sergey Çemezovla ortaq bizneslər quraraq KAMAZ şirkətinin Direktorlar Şurasında təmsil olunub və oradan milyonlarla dollar məbləğində dividend əldə edib.
2013-cü ildə Vardanyan səhmdarı olduğu AvtoVAZ avtomobil şirkətindəki payını 180 milyon dollara sataraq oradan çıxıb. 2012-ci ildə isə “Troika Dialog” investisiya bankını Rusiyanın dövlət “Sberbank”ına satması ona təxminən 1 milyard dollarlıq sərvət qazandırıb.
Bu maliyyə imkanları sayəsində o, sonrakı illərdə biznes fəaliyyətini nisbətən ikinci planda saxlayaraq filantropik layihələrə və ictimai təşəbbüslərə daha çox vaxt ayırmağa başlayın. Ruben Vardanyan “Aurora” Humanitar Mükafatı kimi beynəlxalq təşəbbüslərin həmtəsisçisi qismində xeyriyyəçi imicini möhkəmləndirib.
“Troyka Laundromat” maliyyə sxemi
Filmdə Vardanyanın adının hallandığı ən böyük maliyyə qalmaqallarından biri olan “Troyka Laundromat” sxeminə xüsusi yer ayrılır. Bu, Vardanyanın rəhbəri olduğu “Troika Dialog” bankı vasitəsilə qurulmuş çoxşaxəli çirkli pul yuyulması şəbəkəsidir.
Araşdırmalar göstərib ki, 2006-2013-cü illər arasında azı 75 offşor şirkəti əhatə edən bu sistemlə Rusiyadan mənşəli təxminən 4,8 milyard dollar vəsait saxta müqavilələr yolu ilə gizli şəkildə xaricə ötürülüb.
Yekunda həmin pullar Vladimir Putinin yaxın çevrəsindən olan nüfuzlu şəxslərə çatdırılıb. Məsələn, sızdırılan sənədlər göstərib ki, Putinin dostu, violonçel ifaçısı Sergey Roldugin də bu offşor ödənişlərdən faydalananlar arasında olub.
Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (OCCRP) həmin mürəkkəb sxemi “Troyka çamaşırxanası” adlandıraraq ifşa edib və Vardanyanın Troika bankının 8,8 milyard dollarlıq qlobal çirkli pul dövriyyəsinin mərkəzində dayandığını bildirib.
Vardanyan özü bu qanunsuz sxemdə hər hansı iştirakı olduğunu təkzib edib. Lakin beynəlxalq araşdırma materiallarında onun imzasıyla bir offşor şirkətə böyük məbləğdə “kredit” ayrılması barədə sənəd aşkarlanıb. Bu fakt bank rəhbərinin belə əməliyyatlardan xəbərsiz olması versiyasını şübhə altına alıb.
Habelə OCCRP-nin hesabatına görə, Vardanyanın şəxsi xərclərinin bir qismi (kredit kartı borcları və övladlarının məktəb haqları) məhz bu “çamaşırxana”ya daxil olan şirkətlərin hesabına ödənilib. “Troyka Laundromat” işi o qədər rezonans doğurub ki, 2019-cu ildə Avropa Parlamentinin 22 üzvü Avropa Komissiyasının prezidentinə müraciət edərək Ruben Vardanyanın və “Troika Dialog” ilə əlaqəli digər şəxslərin sanksiya siyahısına salınmasını tələb edib.
İctimai təsir və xeyriyyəçilik mexanizmləri
Film Vardanyanın biznes və siyasətdən kənarda, “yumşaq güc” adlanan ictimai nüfuz imkanlarından necə istifadə etdiyini də araşdırır. Onun həmtəsisçisi olduğu “Aurora” humanitar təşəbbüsü buna bir nümunədir.
Bildirilir ki, Vardanyan illər boyu bu platforma vasitəsilə dünyaca məşhur şəxsləri cəlb edən humanitar layihələrə imza atıb. Film fondun fəaliyyətini təhlil edərək belə təşəbbüslərin pərdə arxasında müəyyən siyasi və maliyyə motivlərinin dayana biləcəyinə diqqət çəkib.
Korrupsiya ilə mübarizə fəalı Aleksey Navalnının araşdırmasına görə, zahirən xeyriyyə layihəsi kimi təqdim olunan Skolkovo İdarəçilik Məktəbinin 500 milyon dollarlıq büdcəsinin yarısı əslində “Sberbank” dövlət bankından alınmış və şərtləri ictimaiyyətə açıqlanmayan kredit hesabına maliyyələşir.
Bu kimi faktlara istinadla filmdə göstərilir ki, Ruben Vardanyanın xeyriyyəçilik pərdəsi altında qurduğu bəzi təşəbbüslərin arxasında qeyri-şəffaf iqtisadi maraqlar dayanıb.
Filmdə yer alan fərziyyələr
Filmin yaradıcıları vurğulayırlar ki, Vardanyanın gələcək taleyi barədə konkret proqnoz verməkdən çəkiniblər. Bildiriblər ki, onlar daha çox faktları təqdim edir və qiymət verməyi izləyicinin öhdəsinə buraxırlar.
Bununla belə, “The Oligarch’s Design” sənədli filmi Vardanyanın qarşıdakı aqibəti barədə bir sıra suallar ortaya atır. Ən mühüm sual budur: Ruben Vardanyanı gələcəkdə nə gözləyir – onu Kremlin himayəsi xilas edəcəkmi, yoxsa Moskva onu tək buraxacaq?
Azərbaycan rəsmiləri və bir sıra siyasi müşahidəçilər hesab edirdi ki, Vardanyanın 2022-ci ildə Qarabağa gəlişi Moskvanın xüsusi planının tərkib hissəsi idi. Prezident İlham Əliyev onu “Moskvanın göndərdiyi, cibini rus xalqından oğurlanmış pullarla doldurmuş Vardanyan” kimi təsvir edirdi.
Lakin hadisələrin gedişi fərqli mənzərə nümayiş etdirib. Vardanyan həbs olunduqdan sonra nə Rusiya hökuməti, nə də şəxsən Vladimir Putin onun müdafiəsi üçün nəzərəçarpan bir addım atmayıb. Kreml bu məsələni demək olar ki, gündəmə gətirməyib və Vardanyanın azadlığa buraxılması üçün ciddi bir cəhd göstərilməyib.
Politoloqların fikrincə, Moskvanın belə soyuqqanlı mövqe tutmasının səbəbi Vardanyanın artıq Kremlin gözündə strateji əhəmiyyət kəsb etməməsidir. O, 2022-ci ildə Rusiya pasportunu kənara qoyub Qarabağda riskli bir oyuna girməklə qeyri-adi bir yol seçib.
Bildirilir ki, bu “üçüncü yol”un sonu onun azadlığını itirməsi ilə nəticələnib. Hazırda Bakıda davam edən məhkəmə prosesinin gedişatı da göstərir ki, Vardanyan böyük ehtimalla uzun müddətə həbsə məhkum ediləcək.
Ondan sonra yaranacaq əsas intriqa isə Kremlin onu xilas etmək üçün nəsə edib-etməyəcəyidir. Bir çox yerli ekspertlər Moskvanın belə bir addım atma ehtimalını son dərəcə aşağı qiymətləndirir. “The Bell” analitik nəşri qeyd edir ki, Vardanyanın uzun müddətlik məhkumluğu artıq qaçılmaz görünür və “Putinin onu həbsdən çıxarmaq üçün nəsə edib-etməyəcəyi” hələ ki açıq sual olaraq qalır.
Ümumilikdə, filmdə bu suallara birbaşa cavab verilmir; lakin fərqli mövqelərin qarşılaşdırılması tamaşaçıya geniş perspektiv təqdim edir və onu mövzu barədə düşünməyə sövq edir.
Vardanyan haqqında film