Vətəndaş müharibəsi astanasında? Yerevanda eyni zamanda iki mitinq keçirilib: müxalifətin və hakimiyyətin
Ermənistanda siyasi böhran davam edir, fevralın 25-də səhərdən vəziyyət gərginləşib, çünki SQ Baş Qərargahı bəyanat yayıb və açıq mətnlə baş nazir Nikol Paşinyanın istefasını təəb edib.
Nikol Paşinyan baş verənləri hərbi çevriliş cəhdi adlandırıb və bildirib ki, Baş Qərargah rəisinin vəzifədən kənarlaşdırılması üçün sənədləri hazırlayıb.
Ermənistan prezidenti Armen Sarqsyan Baş Qərargah rəisinin istefası haqda sərəncamı imzalamayıb. Onun bütün “lehinə” və “əleyhinələri” nəzərdən keçirib qərar qəbul etmək üçün üç günü var.
Hərbçilərin bəyanatından sonra, günün ikinci yarısında Yerevanda eyni zamanda iki izdihamlı mitinq keçirilib.
Birini 2020-ci ilin noyabrından Nikol Paşinyanın istefasını tələb edən birləşmiş müxalifət partiyaları təşkil edib. Digər mitinqə isə baş nazirin çağırışı ilə onun tərəfdarları toplaşıb.
Nikol Paşinyan bütün siyasi qüvvələri küçələrdən getməyə və danışıqlara bağlamağa, Baş Qərargah rəhbərliyini isə vəzifələrinin başına qayıtmağa çağırıb. Müxalifətçilər mübarizəni dayandırmaq niyyətində deyillər, onlar Nikol Paşinyan istefaya gedənə qədər küçələrdə gecələmək qərarına gəliblər.
Ermənistandakı vəziyyətə Rusiyadan reaksiya verilib. Moskva Yerevanda baş verənlərə respublikanın daxili məsələsi kimi yanaşır. Bununla yanaşı Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, Moskva vəziyyətin dinc yolla nizamlanmasına ümid edir.
Ankara “çevriliş cəhdini qətiyyətlə qınayıb” – bu haqda ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib.
Ermənistandakı ABŞ səfirliyi hakimiyyəti və müxalifəti kəskin addımlardan çəkinməyə və məsələni “dinc və aqressiyasız” yolla həll etməyə çağırıb.
Paşinyan itaətsizlik aksiyalarını bitirməyə çağırıb
Nikol Paşinyan Respublika meydanındakı çıxışını ikinci Qarabağ müharibəsində həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
Sonra o, orduya öz işi ilə məşğul olmağı – Ermənistan sərhədlərini qorumağı əmr edib:
“Bu, mənim xalq hakimiyyətinin nümayəndəsi kimi əmrimdir. Bu əmri pozmağa heç kimin haqqı yoxdur”.
Xalq heç vaxt imkan verməz ki, ölkədə hərbi çüvriliş olsun – Paşinyan əmindir. O hesab edir ki, bir çox generallar və zabitlər öz bilavasitə rəhbərlərinin əmri ilə bu bəyanatı imzalayıb.
Hələlik baş nazir prezidentə Baş Qərargah rəisini və onun müavinini vəzifədən azad etməyi təklif edib.
Prezident Armen Sarqsyan hələ sərəncamı imzalamayıb. Baş nazir hesab edir ki, əgər prezident sərəncamı imzalamasa, bu, onun çevrilişi dəstəklədiyini göstərəcək.
Böhranın həlli üçün Paşinyan mitinqdə Baş Qərargah rəisinə istefa ərizəsi yazmağı təklif edib:
“Xalqı mütəmadi sarsıntılara məruz qoymaq lazım deyil… Mən ordunu xalqa qarşı çıxarmağa imkan verməyəcəyəm”.
O, müxalifətə də müraciət edib:
“Bütün siyasi qüvvələri itaətsizlik aksiyalarını dayandırmağa çağırıram. Gəlin dialoqa başlayaq!”
Bununla belə o, qanunsuz əməllər davam etdirələcəyi təqdirdə 2018-ci ilin “məxməri” inqilabından sonra gələn hakimiyyətin “məxməri” yanaşmadan əl çəkəcəyi ilə hədələyib:
“Əgər siz siyasi bəyanatlar həddini aşsanız, biz qanunla saxlamalara başlayacağıq”.
Müxalifət öz tələblərindən əl çəkmir
Müxalif “Vətənin Xilası Hərəkatının” tərəfdarları Ermənistanın baş naziri istefa verənə qədər küçə mübarizəsini davam etdirmək niyyətindədir. Bu qərar haqda hərəkarın koordinatoru İşxan Saqatelyan bildirib.
Müxalifətin mitinqi Ermənistan parlamentinə doğru yürüşlə başa çatıb.
“Gedək parlamentə doğru, tələbimizi elan edək və yenidən meydana qayıdaq”, – Saqatelyan deyib və tərəfdarlarını meydanda gecələməli olacaqları ehtimalı üçün özləri ilə isti geyim götürməyə çağırıb.
Amma artıq parlament binası qarşısında müxalifət tərəfdarları çadırlar qurmağa başlayıblar.
“Bizim mövqeyimiz dəyişməyib” – Baş Qərargahın bəyanatı
Baş nazirin tərəfdarlarının mitinqi başlayana qədər Ermənistan SQ Baş Qərargahı ikinci bəyanatla çıxış edib və bildirib ki, səhər səsləndirilən bəyanat heç kimlə yönləndirilməyib və heç kimin təzyiqi altında yazılmayıb:
“Bu, yeganə məqsədi bu kritik məqamda Vətənin xilası işinə xidmət etmək olan generalların və zabitlərin dəqiq əqidə və mövqeyidir. Dəqiq mövqeyimizi bir daha təsdiqləyirik”.
“Ermənistan SQ öz funksiyasını yerinə yetirir” – Müdafiə Nazirliyinin bəyanatı
Ermənistanın silahlı qüvvələri sərhədlərin qorunması dövlətin təhlükəsizliyinin qorunması üzrə öz funksiyalarını tam yerinə yetirir – Ermənistanın Müdafiə Nazirliyinin bəyanatında deyilir:
“Ordu siyasətdən uzaq strukturdur və silahlı qüvvələrin bu və ya digər siyasi proseslərə cəlb olunması ilə bağlı istənilən cəhdlər yolverilməzdir. İstənilən belə cəhd Ermənistanın stabilliyini və təhlükəsizliyini təhdid edir”.
Siyasi partiyaların reaksiyası
Parlamentin müxalif “Maariflənmiş Ermənistan” fraksiyasının lideri Edmon Marukyan prezidenti SQ Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən kənarlaşdırılması haqda sərəncamı imzalamamağa çağırıb.
“Son günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın əməlləri (onsuz da sıradan çıxan) ordunu başsız qoymağa yönəlib, SQ Baş Qərargah generallarını istefaya göndərməsi qınağa layiqdir”, – deputat Facebook-da yazıb.
Ermənistanın eks-prezidenti Robert Koçaryan Ermənistan SQ Baş Qərargahının baş nazirin istefası ilə bağlı tələbini dəstəkləməyə çağırıb:
“Bu həlledici məqamda dövlətimizin sahibləri olmaq, SQ və Ermənistan ordusu ilə yanaşı durmaq lazımdır. Müharibəni uduzan və torpaqları təhvil verən hakimiyyət getməlidir. Bizim milli dirçəlişimizin zəmanəti elə budur”.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hakimiyyəti və müxalifəti təmkinə səsləyib. Onun sözlərinə görə, vətəndaş müharibəsi Türkiyə və Azərbaycanın xəyalının həyata keçməsinə gətirib çıxaracaq:
“Vətəndaş müharibəsi erməni xalqının sonunun başlanğıcı olacaq”.
“Ayrı-ayrı hərbçilərin siyasi bəyanatlarını” yolverilməz hesab edən “Mənim addımım” iqtidar bloku baş naziri dəstəkləyib:
“Bu qeyri-konstitusion addım xalq hakimiyyətini ələ keçirməyə, bu həssas müharibədən sonrakı vəziyyətdə xarici təhlükələrlə dolu sarsıntıya yönəlib. Təəssüf ki, ölkənin təklükəsizliyinə cavabdeh olanlar özlərini məsuliyyətsizcə aparırlar. Dövlətin və xalq hakimiyyətinin stabilliyinin dəstəklənməsi məsələsində fraksiya yekdildir”.