Üstünə tank yeriyən teatr
Şalva Dadiani adına Zuqdidi Dram Teatrının bir il sonra 150 yaşı tamam olur. Amma belə bir təhlükə var ki, teatr öz yubileyinə qədər “sağ çıxmayacaq”, çünki bina dağılmaq üzrədir.
Teatr kollektivi ümumiyyətlə bu yaxınlara qədər qorxurdu ki, teatr bu gün, sabah bağlanacaq və ancaq xatirələrdə və muzeylərdə yaşayacaq. Hazırda vəziyyət daha yaxşıdır. Teatrın baş rejissoru Badri Tseredianinin JAMnews-a bildirdiyinə görə, 2017-ci ilin yayında “Kartu” qrupunun maliyyə dəstəyiylə restavrasiya işlərinə başlanılmalıdır.
Hələliksə yağış yağanda binanı su basır, divarlarda çatlar əmələ gəlib, hər yerdən mala tökülür. Səhnədə və aktyorların qrim otaqlarında taxta döşəmə təmiz çürüyüb.
Binanın ikinci mərtəbəsində taxta döşəmənin dağılması səbəbindən ötən il teatrın mərkəzi vestibülünə giriş başlandı. Tamaşaçı zalının tavanında yeni çatlar əmələ gəldi, buna görə də teatr administrasiyası bir neçə ay əvvəl işləyən yeganə tamaşaçı zalının bağlanması haqqında qərar qəbul etdi.
Amma buna baxmayaraq, teatr bu illər ərzində öz işini davam etdirirdi. Tamaşalar qoyulur, aktyorlar həmişəki kimi səhnəyə çıxırdı. Düzdür, bu il teatr truppası və tamaşaçıların təhlükəsizliyinin qorunması məqsədilə teatr mövsümü elə də açılmadı. Amma Zuqdidi teatrının truppası öz işini davam etdirir. Məşqlər qəzalı teatr binasının daha təhlükəsiz hissəsində keçirilir.
Sovet İttifaqı dağılandan sonra Zuqdidi teatrının binası ancaq bir dəfə yüngül təmir edilib. Yerli sakinlər xatırlayırlar ki, teatr binasına 1990-cı illərin əvvəllərində vətəndaş müharibəsi zamanı xüsusilə böyük ziyan dəydi. Onlar danışır ki, teatra hərbi birləşmələr yerləşdirilmişdi, onlar parket döşəmədən odun düzəltdilər, stullar və başqa mebeldən də ocaq qaladılar. O vaxt teatr binasının üstünə hətta tank da yerimişdi, bunun izi hələ də görünür.
Ötən əsrin 1930-cu illərində tikilən teatr binasında çoxlu sayda unikal eksponat var – misal üçün, səhnənin işıqlandırılması üçün xüsusi avadanlıq Lavrenti Beriyanın dövründə onun qətnaməsi əsasında quraşdırılıb.
Ötən qış Zuqdidi Dram Teatrının səhnəsində “Qar kraliçası tamaşası oynanıldı.
Zuqdidi Dram Teatrında 41 işçi işləyir, onlardan 15 nəfəri aktyordur.
Artıq neçə ildir ki, teatr kollektivi həyəcanla teatrın yaşayıb-yaşamayacağı ilə bağlı qərarı gözləyir.
Teatrda ekspertizanın nəticələrini gözləyirlər. Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosunun mütəxəssisləri Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin maliyyə dəstəyi ilə teatr binasının vəziyyətinin ekspert qiymətləndirilməsini həyata keçiriblər. Ekspertizanın nəticələri yaxın vaxtlarda məlum olacaq.
Ekspertiza teatr binasının möhkəmləndirilməsi üçün görülməli olan işlərin siyahısını müəyyən etməlidir.
Bununla paralel olaraq, teatr truppası David Kldiaşvilinin pyesi əsasında qoyulan tamaşanın premyerasına hazırlaşır. Teatr administrasiyasının qərarı ilə, tamaşa kiçik səhnənin qurulması məqsədilə əsas binanın yanında sonradan tikilən yerdə qoyulacaq. Düzdür, burada təmir işləri aparılmayıb.
“Vaxtımız çox azdır. Teatr binası gözümüzün qarşısında dağılmaq üzrədir, – teatrın bədii rəhbəri Badri Tserediani deyir. O, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyindən yaranmış vəziyyətə vaxtında reaksiya verməyi xahiş edir.