Uşaqların əcnəbilər tərəfindən qanunsuz övladlığa götürülməsi işinə görə Ermənistanın baş mama-ginekoloqu saxlanılıb
Ermənistanda əcnəbilər tərəfindən uşaqların qanunsuz övladlığa götürülmə işinin araşdırılması çərçivəsində bir neçə nəfər saxlanılıb. Onlardan biri ölkənin baş mama-ginekoloqu Razmik Abramyandır. El içində onu Respublika doğum evinin direktoru adlandırırlar.
İşin materiallarına əsasən, bu cinayətkar sxemə cəlb olunmuş adamlar analara təlqin edirmişlər ki, onların uşaqları xəstədir və ən yaxşısı həmin uşaqlardan imtina etməkdir. Bəzi analara isə deyiblər ki, guya onların uşaqları doğuş vaxtı ölüb.
Nəticədə, həmin uşaqları övladlığa veriblər, əksər hallarda əcnəbilərə.
Məsələn, otuzdan çox körpə haqqında məlumat var ki, onlar İtaliyadan olan valideynlərə veriliblər. Bu uşaqların övladlığa götürülmə proseduru qanunvericiliyin kobud şəkildə pozulması ilə həyata keçirilib.
Ehtimal var ki, uşaqları orqanlarının satışı məqsədilə övladlığa götürüblər, lakin bu haqda səhih məlumat yoxdur.
• Həyatı uşaq evində keçmiş həddi-büluğa çatanlarla Ermənistanda nə baş verir?
İşin təfərrüatları
“Respublika reproduktiv sağlamlıq, perinatologiya, mamalıq və ginekologiya institutu”nun direktorunun saxlanılması haqqında qərar əcnəbilər tərəfindən uşaqların qanunsuz övladlığa götürülməsi işinin araşdırılması çərçivəsində qəbul edilib. Razmik Abramyan bir qrup şəxslə əvvəlcədən danışılmış şəkildə uşaqların valideynləri ilə qanunsuz ayrılmasında şübhəli bilinir.
2019-cu ilin noyabrında Ermənistanın Milli Təhlükəsizlik Xidməti İtaliyadan olan valideynlər tərəfindən uşaqların qanunsuz övladlığa götürülməsi sxemini ifşa edib.
Məlum olub ki, anaları öz uşaqlarından imtina etməyə təhrik ediblər. Bu məqsədlə onlara psixoloji və mənəvi təzyiq göstərilib. Dələduzlar qurbanlarını əsasən o qadınların arasından seçiblər ki, onlar müxtəlif səbəblər üzündən, yaxud da sosial problemlərə görə hamiləliklərini kəsməyə hazırlaşıblar.
Bəzi hallarda qadınları hamiləlik faktının açıqlanması ilə təhdid ediblər. Elə hallar da olub ki, anaları uşağın xəstə doğulacağına inandırıblar. Özü də bu məlumat ya həqiqətə uyğun olmayıb, ya da çox şişirdilib.
Doğuşdan sonra cinayətkarlar uşaqdan imtina haqqında sənəd alıblar, yeni doğulanları uşaq evlərinə köçürüblər – çox vaxt da saxtalaşdırılmış “diaqnozlarla”.
Əcnəbilər tərəfindən övladlığa götürülən erməni uşaqlarının şübhəli tərzdə çox sayda olması haqqında söz-söhbət hələ 2019-cu ilin yanvarında meydana çıxmışdı.
Həmin vaxt baş nazirin müavini vəzifəsini icra edən Ararat Mirzoyan bildirmişdi ki, uşaqların orqanlarının satışı məqsədilə övladlığa götürülməsi faktları var.
«İşimin davam etdiyi bir neçə ay ərzində var qüvvəmlə bu düyünü açmağa çalışmışam və məndə həmişə belə bir hiss yaranıb ki, burada nəsə qaydasında deyil. Hər şey aşkara çıxmağa çox yaxındır, lakin mən yenə də nəzərə çarpan nəticə əldə edə bilmədim. Haqqında danışdığımız pullar doğum evlərindən başlayır və başqa idarələrdə davam edir, bu hələ aysberqin zirvəsidir».
Bu iş üzrə daha kimlər keçir
Razmik Abramyandan savayı, baş mama-ginekoloqun müavini Arşak Cerceryan və Ermənistanın sağlam uşaqlar üçün ən qədim uşaq evlərindən olan “Yerevan körpələr evi”nin direktoru Liana Karapetyan saxlanılıblar.
Ermənistan İstintaq komitəsinin mətbuat katibi Naira Arutyunyan özünün “Facebook” səhifəsində yazıb ki, daha bir Yerevan sakininə qarşı ittiham irəli sürülüb, o, 1976-cı il təvəllüdlüdür. Onun adı və cinayətkar qrupdakı rolu barədə məlumat verilmir.
Saxlanılanların təqsirlərini etiraf edib etmədikləri hələlik məlum deyil.
İlkin istintaq davam edir.
Respublika doğum evinin direktoru daha nədə ittiham olunur
Respublika doğum evinin 76 yaşlı direktoru başqa iş üzrə də təqsirləndirilən qismində keçir.
2019-cu ilin aprelində Səhiyyə Nazirliyində səs-küylü korrupsiya qalmaqalı haqqında məlumat verildi.
O zaman belə bir xəbər yayıldı ki, rüşvət almaqda şübhəli bilinərək Milli Təhlükəsizlik Xidməti tərəfindən səhiyyə nazirinin müavini saxlanılıb. Sonradan nazir özü təsdiqlədi ki, saxlanılan onun müavini Arsen Davtyandır.
MTX-nin məlumatında bildirilirdi ki, tibb müəssisələrindən birinin direktoru şəxsən səhiyyə nazirinin müavininə onun kabinetində öz müəssisəsinin dövlət sifarişi çərçivəsində maliyyələşdirilməsinin artırılması üçün xüsusilə iri məbləğdə rüşvət verib.
Daha iki gün sonra məlumat yayıldı ki, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Razmik Abramyan MTX-yə gətirilib. Hazırda o, səhiyyə nazirinin artıq keçmiş müavini Arsen Davtyana iri məbləğdə rüşvət verməkdə ittiham olunur.