Universitetdə üsyan
Tbilisi Dövlət Universitetində qarşıdurma davam edir.
Bu gün eyni vaxtda tələbələrin iki bir-birinə əks aksiyası keçirildi. Bir qrup tələbə universitetin kansleri vəzifəsinə Georgi Qaprindaşvilinin təyinatına qarşı çıxır, həm də universitetdə fəaliyyətdə olan ehtiyat zabitlərinin olması ilə bağlı işin araşdırılmasına başlanılmasını tələb edirlər. İkinci aksiyanı isə Qaprindaşvilinin tərəfdarları təşkil etmişdi. Onlar universitet rektorunun istefası tələbini irəli sürdülər.
Etiraz aksiyası əks tərəflər arasında qarşıdurmaya keçdi. Münaqişə universitet özünüidarəsinin üzvləri binaya daxil olaraq, tələbələrin artıq bir neçə gündür ki, universitet muxtariyyəti tələbi ilə aksiya keçirdikləri yerə keçmək istəyəndən sonra başladı.
Universitetin mühafizə xidməti və polis qısa müddətdə vəziyyəti sakitləşdirə bildi.
Bir müddət öncə Georgi Qaprindaşvili universitet kansleri vəzifəsinə öz namizədliyini geri götürdü. Qaprindaşvili bildirdi ki, həmin qərarı universitetin maraqları naminə verib.
______________________________________________________________
11.03.2016
Tbilisi Dövlət Universitetində (TDU) artıq üçüncü gündür ki, qarşıdurma davam edir. Vəziyyət universitet senatı tərəfindən aparılan yeni kansler seçkiləri ilə bağlı gərginləşdi.
Bu vəzifəyə irəli sürülən yeganə namizəd tələbələr üçün qəbul edilməz oldu. Tələbələr TDU-nun binası qarşısında və foyedə toplaşdılar, hətta gecə də universitet binasını tərk etmədilər.
Tələbələr konkret olaraq nəyə qarşı etiraz edirlər?
TDU kansleri universitetin vəzifə iyerarxiyasında rektordan sonra ikinci şəxs sayılır. Onun vəzifələrinə universitetin maliyyə və inzibati ehtiyatlarının idarə olunması daxildir. Məhz buna görə də ali təhsil ocağının fəaliyyəti bu vəzifəni tutan adamdan daha çox asılıdır.
42 üzvdən, o cümlədən də professor və tələbələrdən ibarət universitet senatı yeni kansleri martın 10-da seçməli idi. Bu vəzifəyə ancaq Georgi Qaprindaşvilinin namizədliyi irəli sürüldü.
Universitetin foyesində toplaşan tələbələr fit və qışqırıqlarla Qaprindaşvilinin TDU kansleri vəzifəsinə mümkün təyinatına qarşı çıxdılar.
Tələbələr senatın iclası və səsvermə prosedurundan iştirak etmək istədiklərini bildirdilər, TDU-nun mühafizə xidməti isə buna mane olmağa çalışdı. Vəziyyətin kəskinləşməsi səbəbindən polis çağırıldı ki, bu da tələbə etirazının bir az da qızışmasına səbəb oldu. Aksiya iştirakçıları senat üzvlərini iclasa buraxmadılar və nəticədə iclas baş tutmadı.
Etiraz aksiyası iştirakçıları Qaprindaşvilini Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqədə, siyasi maraqların qabağa çəkilməsində və tələbələrə təzyiq göstərməkdə ittiham edirlər.
Tələbələr bildirirlər ki, 2011-ci ildə TDU administrasiyasında təmsil olunan Geogri Qaprindaşvili tənqidi mövqe tutan tələbələrə qarşı fiziki güc tətbiq edən tələbə özünüidarəsinin üzvlərini müdafiə edirdi.
“Tələbə özünüidarəsinin büdcəsindən vəsaitin xərclənməsi ilə bağlı şübhələrini bildirən və ya tələbə özünüidarəsinin ünvanına tənqid səsləndirən tələbəyə amansızcasına divan tuturdular. O vaxtlar Qaprindaşvili administrasiya üzvü idi və bütün bunlara göz yumurdu, – universitet senatının üzvü, tələbə Levan Lortkipanidze deyir.
Bundan əlavə, tələbələr bildirirlər ki, Qaprindaşvili TDU-da inzibati vəzifə tutan Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi İva Kasradze ilə də əlaqədədir.
Universitetin rektoru Lado Papava ali təhsil ocağında həqiqətən də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ezam edilən şəxslərin işlədiyini və onlardan birinin də Qaprindaşvilinin keçmiş tələbə yoldaşı Kasradzenin olduğunu açıq şəkildə etiraf edəndən sonra tələbələrin narazılığı bir az da artdı.
Bu bəyanat qeyri-hökumət təşkilatlarının hiddətinə səbəb oldu. “Beynəlxalq şəffaflıq – Gürcüstan QHT Papavadan universitetin hansı əsasla Dövlət Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etməsi barədə açıqlama verməyi tələb etdi.
Qaprindaşvilinin namizədliyini tələbələrin çoxlu sayda narazılıq bildirdiyi tələbə özünüidarəsi aktiv şəkildə dəstəkləyir. Tələbələr bildirir ki, özünüidarə ancaq özlərinin şəxsi, mənfəətpərəst maraqlarından çıxış edən və universitet büdcəsinin məqsədsiz xərclənməsi ilə məşğul olan bir qrup imtiyazlı şəxsdən ibarətdir.
“Misal üçün, özünüidarə üzvləri Bakurianiyə istirahətə gedir və bunu da treninq adlandırırlar. Onlar əslində tələbə mübadilə proqramlarını maliyyələşdirməli və onların konfransda iştiraklarının xərclərini ödəməli olan fondun vəsaitindən istifadə edirlər, – TDU tələbəsi İrakli Kupradze deyir.
Sonda tələbələr TDU rektorundan Georgi Qaprindaşvilinin namizədliyinin nəzərdən keçirilməsi prosesində iştirak etməklə bağlı təklif aldılar, amma etiraz aksiyası iştirakçıları öz mövqelərindən çəkinmir və yenə də Qaprindaşvilinin universitetin kansleri vəzifəsinə namizədliyinin geri çağırılmasını tələb edirlər, bundan başqa, onlar TDU kansleri seçkiləri sisteminin dəyişdirilməsini və eyni zamanda təkidlə rektordan tələbə özünüidarəsinə münasibətdə bütün imtiyazların ləğv edilməsini tələb edirlər.
TDU tələbələrinin etirazına İliya adına Dövlət Universitetinin tələbələri də qoşulub.