Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, Azərbaycanda siqaretin qiymətini qaldırmaq lazımdır
Azərbaycanda təxminən 1.3 milyon siqaret çəkən var və onların yarısı 70 yaşına qədər ölmək təhlükəsi altındadır. Bu ciddi problemdir və həlli üçün tütün məhsulunun qiymətini artırmaq lazımdır, çünki Azərbaycanda hazırda tütün məhsulları çox ucuzdur – ÜST-ün Azərbaycandakı ofisinin rəhbəri Fatoş Hande Harmancı belə hesab edir.
Çəkmək deyəndə yalnız siqaret yox, qəlyan da nəzərdə tutulur. Azərbaycanda hətta siqaret çəkməyənlər arasında da qəlyan aludəçiləri var. Halbuki ÜST-ün məlumatına görə, bir saat qəlyan çəkmək 40 siqaret çəkməklə ekvivalentdir.
• Gürcüstanda marixuana çəkmək olarmı?
Son iki ildə Azərbaycanda siqaretin qiymətinin demək olar ki, iki dəfə artmasına baxmayaraq, bir qutu siqaret orta hesabla 2,5 manatadır (təxminən 1,5 dollar). Müqayisə üçün Baltikyanı ölkələrdə həmin siqaret 3,5 avro (4 dollar), Fransada isə 8 avrodur (9 dollar).
Siqaret çəkənlər etiraz edərək bu arqumentləri gətirirlər:
– onların maaşları da avropalılarınkı kimi yüksək deyil;
– bununla heç kim daha az siqaret çəkməyəcək, sadəcə bahalı markalardan daha ucuz analoqlara keçəcəklər.
Qonşu ölkələrə gəlincə, ÜST-ün tövsiyyəsi ilə Gürcüstanda siqaretin qiyməti artıq qaldırılıb. İndi orada bir qutu siqaret 1.50-2.20 dollardır.
Ermənistanda da qiymətlər təqribən eynidir, baxmayaraq ki, əvvəlcə söhbət qiymətin5 dəfə bahalanmasından gedirdi. Beləliklə, Cənubi Qafqaz ölkələrində siqaretin orta qiyməti demək olar ki eynidir.
2017-ci ildə Azərbaycanda ictimai yerlərdə siqaret çəkmək qadağan edilib. Düzdür, bu qadağaya heç də hər yanda əməl olunmur.