Ukraynada tanınmış jurnalistin mümkün qatilləri həbs edilib. Qətlin sifarişçisi məlum deyil
Paylaşmaq
Paylaşmaq
Tanınmış jurnalist Pavel Şeremetin Kiyevdə qətlindən demək olar ki, üç il yarım keçəndən sonra Ukraynanın DİN və Milli Polis rəhbərləri bəyan ediblər ki, bu işlə bağlı şübhəlilər saxlanılıb.
Ukraynanın Hromadske teleşirkətinin verdiyi məlumata görə, şübhəlilər beş nəfərdir: Donbas müharibəsinin veteranları ər-arvad İnna və Vladislav Qrişenko, hərbi tibb bacısı Yana Duqar, uşaq cərrahı Yuliya Kuzmenko, musiqiçi və hərbçi Andrey Antonenko.
İstintaqın əsas versiyasına görə, jurnalistin qətlinin motivi ölkədə stabilliyin pozulması olub.
Pavel Şeremet – uzun illər Rusiyada işləyən, ölümündən iki il əvvəl isə Ukraynaya köçən belaruslu müxalif jurnalist idi. 2016-cı il iyulun 20-də Kiyevdə ona qarşı sui-qəsd həyata keçirilmiş, avtomobilinə partlayıcı yerləşdirilmişdi.
Şeremet yerindəcə həlak olmuşdu.
2017-ci ilin mayında Ukraynanın “Hromadske” teleşirkətinin «Слідство.Інфо» araşdırmalar redaksiyası OCCRP beynəlxalq araşdırmaçı jurnalistlər şəbəkəsindən olan həmkarları ilə birlikdə Pavel Şeremetin qətli ilə bağlı araşdırma filmi təqdim etmişdi.
Jurnalistlər bildirirdilər ki, istintaqın böyük ehtimalla fikir vermədiyi çoxlu maraqlı faktlar aşkarlayıblar. O cümlədən də mümkün qatillərin əks olunduğu video-müşahidə kameralarının görüntülərini əldə ediblər.
Sübutlar və versiyalar
Ukrayna polisinin rəhbərliyinin açıqlamasına görə məhz video-meşahidə kameralarından götürülən görüntülər şübhəlilərə çıxmaqdan ötrü istintaq üçün əsas ipucu olub.
Bundan başqa, xüsusi brifinqdə şübhəli Yuliya Kuzmünkoya aid olduğu bildirilən səs yazısı da təqdim olunub. Səs yazısında qadın həmsöhbəti ilə ölkədə stabilliyin pozulmasının vacibliyi və bunun üçün “müqəddəs qurbana” ehtiyac olduğu haqda danışır.
Həbs olunanlardan bəziləri Ukraynada müharibə veteranları və könüllülər arasında böyük hörmətə sahib olan tanınmış iinsanlardır.
Bu yolla “ölkədə stabilliyin pozulması” bu insanların nəyinə lazım idi, sualının cavabı hələlik istintaq üçün də naməlumdur.
Mümkün sifarişçi ilə bağlı da hələlik heç bir versiya yoxdur. Brifinqdə iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski bunları deyib:
“Mümükün qatillər bu gün saxlanılıb. Biz sizinlə çox cavabları aldıq – siz özünüz bunu gördünüz. Amma daha bir sual da var: sifarişçi kimdir? Əminəm ki, növbəti dəfə bu sualın da cavabı mütləq tapılacaq”.
Qətldə mümükün “Rusiya izi” ilə bağlı sualın cavabında Ukraynanın DİN rəhbəri Arsen Avakov bildirib ki, bu versiya hələ də istisna edilmir.