Ukraynada münaqişə zonasında gözlənilməz hadisələr
Ukraynada, münaqişə zonasında gözlənilməz hadisələr baş verir. Ətrafında müharibə gedən tanınmamış iki respublikadan birində silahlı çevriliş və hakimiyyət dəyişikliyi olub. Söhbət Luqansk Xalq Respublikası və ya daha çox LNR kimi tanınan ərazidən gedir.
Üstəlik güc strukturlarına çevrilişi həyata keçirməkdə digər tanınmamış respublikadan – Donetsk Xalq Respublikasından (DNR) olan həmkarları kömək edib.
Hadisələr dramatik məcrada cərəyan edib. LNR rəhbəri İqor Plotnitski güc strukturları ilə münaqişədə idi və nəticədə məğlub oldu və bir neçə tərəfdarı ilə qaçmalı oldu. Güc strukturlarına nəzarət edənlər hakimiyyətə gəldi, həbslər davam edir.
Tanınmamış LNR-in keçmiş rəhbəri İqor Plotnitski REUTERS/Alexander ErmochenkoHər iki ərazi – həm LNR, həm də DNR Ukraynanın cənub-şərqində yerləşir və Rusiyanın qeyri-rəsmi dəstəyilə yerli separatçıların nəzarətindədir. Ekspertlərin çoxu bir respublikanın güc strukturlarının digərində hakimiyyət çevrilişinə kömək etməsinin təsadüfi olmadığı fikrində uzlaşır.
Çoxları bütün baş verənlərin Rusiyanın bu iki üsyankar, eyni zamanda Moskvaya qarşı loyal olan ərazini birləşdirmək və bununla da oradakı vəziyyəti daha rahat idarə edə bilmək cəhdi olduğunu ehtimal edir.
Bununla belə bu cür dəyişikliklər üçün zamanın uğursuz seçildiyi fikri ekspertlərin əksəriyyətini birləşdirir.
Məsələ ondadır ki, Ukraynanın münaqişə zonalarında proseslərin yeganə beynəlxalq nizamlayıcısı Minsk razılaşmalarıdır. Bu razılaşmalar Minskdə 2014 və 2015-ci illərdə imzalanıb və sənədlərin altında ATƏT, Ukrayna, Rusiya, o cümlədən də Donetsk və Luqansk xalq respublikalarının rəhbərlərinin imzaları var.
İndi anlaşılmaz vəziyyət ortaya çıxır. LNR nizamlama prosesi iştirakçıları, o cümlədən də Rusiya tərəfindən tanınmayıb və sənədi imzalayan LNR lideri İqor Plotnitski şəxsən bu razılaşmalarnın LNR tərəfindən həyata keçirilməsinin yeganə qarantıdır.
İndi o qaçıb və müqavilənin aqibəti necə olacaq, bəlli deyil.
“Novaya qazeta” yazır ki, hadisələrin üç mümkün inkişaf ssenarisi var.
- Plotnitskinin geri qaytarılıb, LNR-in güc bloku üzərində onun nəzarətinin bərpa olunması.
- Tanınmamış respublikada yaranmış hakimiyyət strukturunu saxlamaqla Plotnitskinin Luqansk “isteblişmentinin” nümayəndəsi ilə əvəzlənməsi.
- DNR və LNR-in birləşdirilməsi və onların yeridə yeni tanınmamış respublikanın yaradılması.
Bununla belə ilkin olaraq gəlinən əsas nəticə bu ssenarilərin heç birinin Minsk razılaşmaları ilə uzlaşmadığı, üçüncü variantın isə bu razılaşmaların ləğvinə səbəb olacağından ibarətdir.
Moskva baş verənləri şərh etməyib. Kiyev tərəfindən hələlik yalnız Ukrayna prezidenti Pyotr Poroşenkonun bəyanatı səslənib:
“Ukraynanın silahlı qüvvələri dinc əhalinin təhlükəsizliyinin təminatı üçün hadisələrin istənilən istiqamətdə inkişafına hazırdır”.