Ukraynada müharibə nə ilə bitəcək? – azərbaycanlı siyasətçinin proqnozu
Son 12 gün ərzində bütün dünya Ukraynada baş verən hadisələri diqqətlə izləyir. Siyasətçilər və adi sosial şəbəkə istifadəçiləri Rusiyanın qonşu ölkəyə qarşı hərbi təcavüzünün perspektivləri ilə bağlı müxtəlif versiyalar irəli sürürlər. Azərbaycanlı siyasətçi Natiq Cəfərli bildirir ki, siyasi problemləri ayıq başla həll etmək lazımdır və Rusiya-Ukrayna müharibəsinin nəticələrinə dair öz variantını təsvir edir.
- “Beş silahsız insanın bəyanatı niyə təhlükəlidir?” – Bakıda hüquq müdafiəçilərinin aksiyası
- “Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” – Bakıdan şərh
- Ukraynada müharibə. Azərbaycan kimin tərəfindədir?
“İndi dünya mediasının ən “dəbli” mövzusu Rusiyanın Ukraynaya təcavüzü və işğal cəhdinin hansı ssenari ilə bitməsi haqqında fikirlərdir.
Mən bir neçə dəfə emosiyasız, ayıq başla, arzuları və istəkləri bir kənara qoyub məsələnin müzakirəsinə çağırış etmişəm, bəzi məsələləri yazmışam. Gəlin, müxtəlif ssenarilərə bir daha baxaq.
Bir çox dostlar, tanınmış insanlar, bəzi özlərinə siyasətçi deyənlər, “Rusiya məğlub oldu-olacaq”, tezisini irəli sürürlər – yaxşı, qısa və hərbi mənada Rusiyanın məğlub olması nə deməkdir, nə baş versə, bunu Kremlin məğlubiyyəti saymaq olar:
– Rusiya Krımdan, “DXR və LXR”-dən çıxıb, kapitulyasiya aktı imzalayacaqmı, və ya Ukrayna ordusu Moskvanımı görütəcək?! – Xeyr, bu mümkün deyil, bu texniki, hərbi olaraq mümkün deyil;
– Rusiya irəli sürdüyü absurd tələblərin böyük bir hissəsini əldə etməsə təcavücü dayandıracaqmı?! – Yox, Kreml üçün öz əsgərinin həyatının heç bir dəyəri yoxdur, rəsmi Moskvanın qurduğu absurd “hekayəyə” inanan böyük bir zombiləşmiş vətəndaş kütləsi var, bu kütlə adekvat insanların sayından qat-qat çoxdur, ona görə də hərbi əməliyyatların ancaq əsgər ölümlərinə görə tezliklə dayandırması mümkün görünmür;
– Yaxşı, kəskin sanksiyalar qısa müddətdə Rusiyanın təcavüzünü durdura bilərmi?! – Xeyr, təəssüf ki, gözü qaralmış Kreml qısa zamanda sanksiyalara görə işğala son verməyəcək;
– Rusiyanın beynəlxaql aləmdən tam təcridi bu ölkəni durduracaqmı?! – Yox, bəzən bu təcrid elə Kremlin özünə də qısa müddətə sərf edir, rusiyalılar Kremlin təbliğatı ilə üzbəüz qalır, alternativ fikirlər, xəbərlərin yayılması azalır.
Yaxşı, Rusiyanın qısa zamanda məğlub olmayacağını biliriksə, müharibə necə bitə bilər?! Ukrayna nəyə razı ola bilər ki, Putin öz utanmaz sifətini qoruya bilsin:
– Ukrayna NATO üzvlüyündən imtina edir – son günlər Zelenskinin Qərbə, NATO-ya qarşı sərt çıxışları daxili auditoriyanı, xalqı bu qərara hazırlamaq üçündür;
– Ukrayna neytral statusunu elan edərək ağır silahlardan imtinanı qəbul edir;
– Ukrayna Krım və qondarma “respublikaların” taleyini gələcəkdə müəyyənləşdirməyə söz verir, yəni, obrazlı desək, Çinin Britaniya ilə Honkonqla bağlı müqaviləsinə bənzər bir öhdəliklər imzalanır və bu müqaviləni bütün dünya da qəbul edir. Yəni Ukrayna Krıma və qondarma “respublikalara” iddiasını dondurur, həmin ərazilərin heç vaxt silah gücünə qaytarmağa cəhd belə etməyəcəyi ilə bağlı yazılı öhdəlik götürür;
– Ukrayna qondarma “respublikalardan” Krıma quru yolla dəhliz açılmasına razı olur, o yol Rusiya nəzarətinə keçir, Krımın su ilə təminatına Ukrayna tərəfindən zəmanət verilir.
Bular baş versə, ilk baxışdan Ukraynanın məğlubiyyəti kimi görünsə də, orta və uzun zamanda böyük qalibiyyəti kimi olacaq. Ukrayna ikinci dünya müharibəsindən sonra Qərbi Almaniyanın yeni versiyası ola bilər. Almaniya müharibədən məğlubiyyət bir qırağa, param-parça olaraq, dağılaraq, məhv olunmuş çıxdı, torpaqları parçalandı, Şərqi Almaniyanı Rusiyaya güzəştə getdi, amma cəmi 15-20 il sonra dünyanın ən güclü iqtisadi modellərindən birinə çevrildi, müharibədən cəmi 44 il sonra isə bütün torpaqlarını, Şərqi Almaniyanı özünə qaytardı.
Yəni tarix, siyasət, əsas da orta-uzun zamanlı baxış bucağı ciddi məsələdir, emosional yanaşmanı, pafosu, ağılsız qərarları sevmir.
Rusiya orta-uzun zaman kəsimində məğlubdur, hətta indi yuxarıda qeyd etdiyim şərtlərlə “udmuş” görünsə belə, cəmi bir neçə ilə iqtisadi, texnoloji olaraq “daş dövrünə” düşəcək. Hətta Ukraynanın bərpasının pulunun böyük bir hissəsini də Rusiya ödəməyə məcbur qalacaq.
Möhtəşəm Ukrayna xalqı üçün “Qərbi Almaniya” olmaq şansı yaranacaq, bu şansdan doğru-düzgün istifadə edə bilsələr, cəmi bir neçə ilə “rol-model” ölkəyə, bütün slavyan/provoslav toplumlar üçün cazibə mərkəzinə çevrilə bilərlər.
Bu döyüşü, bu müharibəni Ukrayna silahla yox, ağılla, “vizionla” strateji düşüncə ilə udmalıdır – udacaq da”, — Natiq Cəfərli qeyd edib.