Ukrayna prezidenti Mixail Saakaşviliyə vətəndaşlığını qaytarıb
Paylaşmaq
Paylaşmaq
REUTERS/Valentyn Ogirenko
Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə vətəndaşlığını qaytarıb. Hromadske xəbər verir ki, dövlət başçısı xələfi Pyotr Poroşenkonun müvafiq qərarının ləğvi haqda fərman imzalayıb. Mixail Saakaşvili vəkili vasitəsilə mayın 22-də prezident Zelenskiyə vətəndaşlığının geri qaytarılması xahişi ilə yazılı müraciət ünvanlamışdı.
Daha əvvəl Saakaşvili bəyan etmişdi ki, DİN, Sərhəd Xidməti və Təhlükəsizlik Xidmətinə müraciət edərək Ukraynaya girişinə qoyulan qadağanın aradan qaldırılmasını istəyib.
Martın 31-də Ukraynada prezident seçkiləri günü Vladimir Zelenski jurnalistlərin suallarına cavab verərkən bəyan etmişdi ki, Saakaşvilinin Ukraynaya qayıtmasını alqışlayır:
“Qoy gəlsin. Düşünürəm ki, Mixail Saakaşvili indi Avropada Ukrayna demokratiyasını qoruyarkən ən böyük rolu oynayır və bunu öz əməlləri ilə göstərir. O ciddi diplomatdır və bu gün siyasətə qatılan bütün insanlar, bütün namizədlər üçün ciddi məsləhətçidir. <…> Mən hesab edirəm ki, Saakaşvili kimi adamın köməyi hamıya lazım ola bilər”.
Saakaşvili Ukrayna vətəndaşlığını necə alıb və itirib?
Gürcüstanın keçmiş prezidentinə Ukrayna vətəndaşlığını 2015-ci ildə Pyotr Poroşenko vermişdi və onu Odessa vilayətinin qubernatoru təyin etmişdi. 2016-cı ilin sonunda Saakaşvili istefa verib və prezident Poroşenkonu korrupsiyada və islahat aparmaq istəməməkdə günahlandırıb.
Saakaşvili yeni partiya yaratdığını və müxalifətə keçdiyini bəyan edib. 2017-ci ilin iyulunda prezident Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərarı Saakaşviliyə vətəndaşlıq verilərkən, onun Gürcüstanda haqqında qaldırılan cinayət işləri barədə məlumatı guya gizlətməsi ilə əsaslandırılıb.
2017-ci ilin dekabrında Saakaşvili Ukrayna Prokurorluğu tərəfindən “cinayətkar təşkilatın üzvlərinə yardım etməkdə və dövlət maraqlarına zidd olaraq cinayətkar fəaliyyəti dəstəkləməkdə” ittiham olunub – guya o, etiraz aksiyaları təşkil etmək üçün Rusiyadan, keşmiş Ukrayna prezidenti Yanukoviçin yaxın adamlarından pul alıb.
Saakaşvili həbs edilib, amma səhəri gün Ukrayna Məhkəməsi onu azadlığa buraxıb. 2018-ci ilin fevralında Mixail Saakaşvili Ukraynadan Polşaya deportasiya olunub.