“Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti Ermənistandan olan sərnişinlər üçün bilet qiymətlərini ucuzlaşdırmağa razı olub.
““Ukrayna Beynəlxalq Hava Yolları” ilə israrlı danışıqlar nəticəsində biz bu şirkətin Ermənistandan olan sərnişinləri üçün gəliş və gediş biletlərinin qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşdırılması haqda qarşılıqlı sərfəli razılığa gəldik, üstəlik qiymətlər bütün istiqamətlər üçün endiriləcək. Məsələ qəti şəkildə həll olunub!” – Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyan bildirib..
Ermənistandan Avropanın istənilən ölkəsinə Kiyev vasitəsilə getmək digər tranzit istiqamətlərindən daha tez başa gəlir. Amma biletlər indiyə qədər çox baha idi.
Ekspertlər dəfələrlə bildiriblər ki, bu amil Ermənistan vətəndaşlarına digər ölkələrə getməyə, səyahət etməyə, Avropa mədəniyyəti ilə tanış olmağa imkan vermir və Ermənistanda turizmin inkişafını ləngidir.
“Təyyarə biletlərinin qiyməti turizmin inkişafına mane olur. Turistlər biletlərin qiymətini nəzərə alaraq seçim edirlər, bu da bizim ölkəmizin xeyrinə olmur”, – “Transqafqaz xiyabanı” turizmə dəstək ictimai təşkilatının rəhbəri Vahan Vardumyan hesab edir.
Ermənistanın həyata keçirdiyi “açıq səma” siyasəti Milli Press-Klubun sədri Narine Mkrtçyanın fikrincə, buludların arxasında qalıb, çünki təyyarə biletləri bazarında xərc-mərclik hökm sürür, buna görə də xaricə uçmaq adamların cibinə görə deyil.
Ermənistan sakinləri digər ölkələrə təyyarə biletlərinin ucuz olduğu qonşu Gürcüstandan yollanmağı üstün tuturlar. Ermənistanın İqtisadiyyat Nazirliyi iki ölkədə təyyarə biletləri arasındakı qiymət fərqini belə izah edir:
“Gürcüstan “açıq səma” siyasətinə Ermənistandan əvvəl keçib, buna görə də, əlbəttə ki, Gürcüstanda nəticələr daha aşkardır”.
Təyyarə biletlərinin nə qədər ucuzlaşacağı hələlik bildirilmir. Buna qədər “Ukrayna Beynəlxalq Hava Yolları” məsələn, Parisə biletləri 196.000 drama (404 dollar), Amsterdama isə 215.000 drama (444 dollar) təklif edirdi.