Uğursuz "dinc inqilab" və yeni repressiyalar. 4 oktyabr seçkilərindən sonra Gürcüstan hara gedir?
Gürcüstan bələdiyyə seçkilərindən sonra
“Gürcü Arzusu” partiyasının baş naziri İrakli Kobaxidze 4 oktyabr bələdiyyə seçkilərindən sonra keçirilən etiraz aksiyalarını “beşinci çevriliş cəhdi” adlandırıb və artıq 300 gündən çoxdur küçələrə çıxaraq Gürcüstanın Avropa yoluna qayıtmasını tələb edənlərə qarşı “sıfır mərhəmət” göstərəcəyini vəd edib.
14 ildir hakimiyyətdə olan “Gürcü Arzusu” 4 oktyabr bələdiyyə seçkilərində Gürcüstanın müstəqillik tarixində ən aşağı seçici fəallığı ilə qalib gəlib. Seçkilər uzunmüddətli etirazlar və müxalifətin qismən boykotu fonunda keçirilib. Seçki günü hökumət əleyhinə kütləvi mitinqlə və prezident iqamətgahını ələ keçirmə cəhdi ilə başa çatıb.
Hökumət 4 oktyabr hadisələrini “dövlət çevrilişi cəhdi” kimi qiymətləndirib və onun təşkilində və təhrikində Avropa İttifaqını ittiham edib.
Bundan sonra müxalifət liderləri və fəalların həbsləri başlayıb. Hazırda 4 oktyabr işi üzrə 46 nəfər həbs olunub və İrakli Kobaxidzenin sözlərinə görə, bu say artmaqda davam edəcək.
Cinayət işləri, həbslər, “Brüsselin əli“
Gürcüstan hakimiyyəti 4 oktyabr hadisələrini dövlət çevrilişi cəhdi kimi qiymətləndirib.
Həmin gün mitinqin təşkilatçıları və prezident iqamətgahına hücum cəhdinin təşəbbüskarları Paata Burçuladze, İrakli Nadiradze, Laşa Beridze, Murtaz Zodelava və Paata Mancqaladze həbs olunub. Onlara hakimiyyətin zorla devrilməsinə çağırış və qrup halında zorakılıq ittihamları irəli sürülüb. 10 oktyabra olan məlumata görə, bu iş üzrə ümumilikdə 46 nəfər, o cümlədən üç qadın həbs edilib.
Polis işi Cinayət Məcəlləsinin dörd maddəsi üzrə araşdırır: hakimiyyətin devrilməsinə çağırış, mühüm obyektlərin bloklanması və ya ələ keçirilməsi, qrup halında zorakılığın təşkili və ya iştirak, eləcə də başqasının əmlakına zərər vurma.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, 5 oktyabrda paytaxt yaxınlığındakı meşədə iğtişaşların təşkili üçün nəzərdə tutulduğu güman edilən partlayıcı maddələr, avtomatik silahlar, qumbaraatanlar və digər silahlar olan gizli anbar aşkarlanıb. DTX-nin məlumatına əsasən, silahlar Ukrayna tərəfində döyüşən bir gürcü vətəndaşının tapşırığı ilə B.Ç. adlı şəxs tərəfindən alınıb. Hazırda yalnız uzaqdan idarəetmə pultunun istehsalçısı saxlanılıb, lakin onun diversiya ilə birbaşa əlaqəsi yoxdur. B.Ç. axtarışdadır.
Daxili İşlər Nazirliyinin Kriminal Polis Baş İdarəsində keçmiş müdafiə naziri, Saakaşvili hökumətinin üzvü Baço Axalaya da dindirilib. Onun adı hakimiyyətyönlü mənbələrdə dəfələrlə 4 oktyabr etirazlarının təşkilində hallanıb.

4 oktyabr hadisələri ilə bağlı saxlanılanlar arasında tanınmış pediatr və uşaq kardiorevmatoloqu, 71 yaşlı Giorgi Çaxunaşvili də olub. O, evində həbs olunub. Həbs əməliyyatı səs-küylü keçib: ev çox sayda polis əməkdaşı ilə əhatəyə alınıb.
İstintaq Çaxunaşvilini 4 oktyabr mitinqi zamanı “qrup halında strateji əhəmiyyətli obyektin ələ keçirilməsinə cəhd” və “qrup zorakılığında iştirak” ittihamları ilə günahlandırır. Prokurorluq həkimin prezident iqamətgahının həyətində dayanaraq yaxınlıqda olan kiməsə səsləndiyini göstərən video yayıb. Bir neçə saniyə sonra o, ərazidən uzaqlaşır. Videoda onun tərəfindən zorakılıq hərəkətləri müşahidə olunmur.
İctimaiyyətin geniş dəstəyindən sonra həkim Çaxunaşvili məhkəmənin qərarı ilə girov qarşılığında azadlığa buraxılıb. Girov məbləği 20 000 lari (təxminən 7400 ABŞ dolları) təşkil edib. Bu məbləği onun üçün vətəndaşlar toplayıb.
46 nəfər arasında saxlanılanlardan biri də kreativ direktor İya Daraxvelidze olub. O da girov qarşılığında azadlığa buraxılıb. Prokurorluq onun və bir neçə digər etirazçının zibil qabını yerindən tərpədərək polis qüvvələrinin irəliləməsinə mane olmağa çalışdıqlarını əks etdirən video nümayiş etdirib.
İrakli Kobaxidzenin sözlərinə görə, 4 oktyabr işi üzrə həbs olunanların sayı artacaq:
“Artıq günahkarların şəxsiyyətini müəyyənləşdirmək üçün əvvəlkindən daha çox resurslarımız var. Buna görə də müəyyən edilən bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar… Dövlət bu miqyasda özünə qarşı zorakılığa yol verə bilməz.”
Kobaxidze həmçinin müxalif siyasi partiyalara qarşı təqiblərin başlanacağını da elan edib. 4 oktyabrdan sonra “Gürcü Arzusu”nun baş naziri hökumətyönlü “Rustavi-2” telekanalına verdiyi müsahibədə bildirib ki, 2028-ci ilə qədər Gürcüstan siyasətində “Lelo”, “Qaxariya Gürcüstan naminə” və “Vahid Milli Hərəkat” kimi partiyalar qalmamalıdır.

Repressiyalarla paralel olaraq hökumət yeni bir Qərb əleyhinə ritorika dalğası başlatdı. Son günlərdə Kobaxidze Qərb ölkələrini sərt tənqid edir və onları ölkədə inqilabi ssenarini dəstəkləməkdə açıq şəkildə ittiham edir.
4 oktyabr brifinqində Kobaxidze bildirib ki, Aİ-nin nümayəndəsi “konstitusiya quruluşunun devrilməsini” məqsəd qoyan mitinqi dəstəkləyib və “xüsusi məsuliyyət Aİ-nin Gürcüstandakı səfirinin üzərinə düşür.”
“Gürcü Arzusu”nun parlament sədri Şalva Papuaşvili 12 oktyabrda bəyan edib ki, “Tbilisidəki küçə döyüşlərinin arxasında Brüssel dayanır.”
“Bilmirəm, Aİ paytaxtlarında anlayırlarmı ki, bu ‘dinc layihə’ [inqilabın] getdikcə daha çox hərbi layihəyə bənzəyir”, – deyə Papuaşvili qeyd edib.
4 oktyabr hadisələrinə müxalifətin tənqidi
4 oktyabr məsələsi təkcə hökuməti deyil, həm də müxalifət və etiraz hərəkatını düşündürür. Əsas suallardan biri belə səslənir: “Təşkilatçılar xalqı 4 oktyabrda hökumətin devriləcəyinə inandırarkən nəyə ümid edirdilər?” Həmçinin, planın olmaması və prezident iqamətgahına daxil olmaq qərarının spontan verilməsi tənqid olunur.
Müxalifətdə şübhə doğuran məqamlardan biri də etirazçıların prezident iqamətgahının baryerini cəmi altı saniyəyə sındıra bilməsidir. Bu, baryerin əvvəlcədən zədələndiyi və asanlıqla aşması üçün hazırlandığı ehtimalını gücləndirir.
Daha bir şübhə doğuran məqam isə ondan ibarətdir ki, genişmiqyaslı etiraz və elan olunmuş “dinc inqilab” fonunda strateji əhəmiyyətli obyekt həmin vaxt cəmi üç formalı və üç mülki geyimli hüquq-mühafizə əməkdaşı tərəfindən qorunurdu.
Ekspertlər 4 oktyabrdan sonra etiraz cəmiyyətində yaranan dərin məyusluq və ümidsizliyi qeyd edirlər. Seçkilərdən sonra mitinqə toplaşan etirazçıların əhəmiyyətli hissəsi prezident iqamətgahı qarşısında baş verənləri qəbuledilməz sayıb. Lakin ekspertlərin fikrincə, bu, ölkədə etiraz enerjisinin tam sönməsi demək deyil.
Hökumətin repressiyaları, həbsləri və müxalifəti “faşizmdə” ittiham etməsi əksinə, etiraz dalğasını gücləndirir. 4 oktyabrdan sonra belə Rustaveli prospektində mitinqlər davam edir.
Parçalanmış ölkə
Politoloq David Darçiaşvilinin fikrincə, 4 oktyabrdan sonra siyasi böhran daha da dərinləşib. Hakimiyyətlə etirazçı cəmiyyət arasında dialoq üçün artıq yer qalmayıb.
“Onların baxışları çox fərqlidir”, – deyə o, “Exo Kavkaza” nəşrinə müsahibəsində bildirib.
Ekspert Kaxa Qoqolaşvili hesab edir ki, hökumət Gürcüstanı Avropadan qəsdən uzaqlaşdırmağa çalışır, lakin bunu elə şəkildə edir ki, məsuliyyəti Avropa İttifaqının öz üzərinə yıxsın. Onun fikrincə, hakim partiyanın strateji məqsədi ölkəni tədricən Brüsseldən təcrid etmək və bu kursu “Qərbin Gürcüstandan üz çevirdiyi” bəhanəsi ilə əsaslandırmaqdır.
Darçiaşvili hesab edir ki, 4 oktyabr hadisələri hökumət üçün həm arzuolunan, həm də əlverişli ssenaridir, çünki onlar repressiyaları legitimləşdirmək üçün yeni bəhanə əldə etdilər.
Ekspertlərin fikrincə, etiraz iştirakçılarına qarşı “sıfır mərhəmət” ifadəsi ölkənin de-fakto rəhbəri Bidzina İvanişvilinin mövqeyini əks etdirir:
“Kobaxidze sadəcə İvanişvilinin mövqeyini səsləndirir. Bu, onun sözləri, onun iradəsidir. Kobaxidze sadəcə bunları öz mizantrapiyası ilə zənginləşdirir.”
Ekspertin sözlərinə görə, hökumət hər bir etirazı repressiyaları gücləndirmək və müxalifəti ekstremizmdə və zorakılıqda ittiham etmək üçün bəhanəyə çevirir.
Politoloq Kaxa Qoqolaşvilinin fikrincə, “Gürcü Arzusu”nun bütün ritorikası yalandan ibarətdir:
“Onlar nə vaxtsa həqiqəti deyirlərsə, bu yalnız sizi başqa məsələdə aldatmaq üçündür.”
Qoqolaşvili hesab edir ki, Kobaxidze-İvanişvili siyasəti “pragmatizm” adı altında avtoritar idarəetməni legitimləşdirməyə yönəlib. Onun sözlərinə görə, hökumətin məqsədi demokratik dövlət kimi tanınmaq deyil, sadəcə tranzaksiya əsaslı münasibətlər qurmaqdır: Qərblə iqtisadi və infrastruktur layihələrini davam etdirmək, amma insan haqları barədə danışmadan.
Ekspertin fikrincə, Tramp “Gürcü Arzusu” üçün əlverişli tərəfdaş olmalı idi:
“Tramp üçün fərqi yoxdur, siz demokratsınız, yoxsa diktator. Əsas odur ki, razılaşma sərfəli olsun. İvanişvili ABŞ-la elə münasibətlər qurmaq istəyir ki, orada demokratiya barədə suallar yaranmasın.”
Ekspertin proqnozuna görə, Gürcüstanda yeni etiraz dalğaları gözlənilir. Politoloq David Darçiaşvili də qeyd edir: “4 oktyabr həm ümidsizliyin, həm də gücün təzahürü idi. İnsanlar yorulublar, amma yenə də küçələrə çıxırlar.”
Müxalifətə, mediaya və universitetlərə təzyiqlərə baxmayaraq, Qoqolaşvili hökumətin etirazları boğa biləcəyinə inanmır:
“İnsanlar bununla barışmayacaq. Repressiyalar rejimə sakitlik gətirməyəcək.”
Gürcüstan bələdiyyə seçkilərindən sonra