"Üçüncü tərəfin nəzarəti olmayacaq" — Ermənistanın xarici işlər naziri "Trampın marşrutu" proqramı barədə
Ermənistan XİN Vaşinqton bəyannaməsi barədə
“İnfrastrukturun istismarı, o cümlədən ABŞ tərəfdaşlığı çərçivəsində Ermənistanda inşa olunacaq infrastrukturun istismarı ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək. Və bu, qarşılıqlı fayda təmin edəcək. Hələ müzakirə olunmalı olan texniki həllər nə olursa-olsun, onlar göstərilən prinsiplərin çərçivəsindən kənara çıxa bilməz”, — Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Trampın marşrutu” proqramından danışarkən bildirib.
“Tramp marşrutu” (Trump route for international peace and prosperity — TRIPP) — Azərbaycanın əsas hissəsini onun eksklavı Naxçıvanla birləşdirəcək yol. Ermənistan və Azərbaycan onun açılması barədə erməni-amerikan konsorsiumunun iştirakı ilə razılaşıblar.
O, Vaşinqtonda imzalanmış bəyannamənin yolda üçüncü tərəfin nəzarətini nəzərdə tutmadığını vurğuladı. XİN rəhbəri Ermənistan parlament müxalifəti və bəzi ekspertlər tərəfindən dövriyyəyə buraxılan “dəhliz” terminini şərh edib. Belə şayiələr yayılır ki, guya Ermənistan Azərbaycana eksteryal statuslu yol verməyə razılaşıb. Bununla əlaqədar Mirzoyan belə bildirib: “Məlum bir heyvanın inadkarlığı ilə bəzi “müstəqil ekspertlər” və ya “asılı partiya xadimləri” Yerevan üçün həmişə qəbuledilməz olmuş və Vaşinqton bəyannaməsində olmayan terminləri yayırlar.”
“Armenpress”ə müsahibəsində Ermənistanın xarici işlər naziri qeyd edib ki, bu tip yozumlar “onların təxəyyülünün məhsulu və ya insanları aldatmaq cəhdidir.”
Təfərrüatlar, bəyannamədə deyilənlər, həmçinin Ararat Mirzoyanın şərhi.
Paylaşılan Sülh Sazişinin mətni birmənalı qarşılanmayıb – Bakıdan fikirlər
Azərbaycan və Ermənistan arasındakı Sülh Sazişinin mətni paylaşılıb
Blokadanın aradan qaldırılması zamanı fayda və üstünlüklərin “qarşılıqlılığı” barədə bəyannamənin müddəaları
8 avqustda Vaşinqtonda Tramp-Paşinyan-Əliyev görüşünün yekunlarında imzalanmış bəyannamə 7 bənddən ibarətdir:
Orada bunlardan bəhs olunur:
- Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması,
- beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinin təsbit edilməsi,
- ərazilərin ələ keçirilməsi məqsədilə güc tətbiqinin yolverilməzliyi,
- indiki və gələcəkdə hər hansı revanş cəhdlərinin istisna edilməsi,
- ATƏT-in Minsk qrupunun və onunla bağlı strukturların buraxılması.
“Trampın marşrutu” proqramı ilə bağlı bəyannamədə belə deyilir: “Ermənistan proqramın Ermənistan ərazisində həyata keçirilməsinin çərçivələrinin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə işləyəcək.”
Vaşinqton bəyannaməsi imzalandıqdan sonra Ermənistanın baş naziri jurnalistlərə bildirib ki, ABŞ “Trampın marşrutu”nun əsas investoru olmağa iddia edir. Lakin Ermənistan üçüncü tərəflərlə, yəni digər investorlarla da işləməyə hazırdır. Paşinyan bu məsələdə göstərilən elastikliyə görə ABŞ prezidentinə təşəkkür edib.
“Məqsədimiz ondan ibarətdir ki, bu layihə ətrafında gərginlik və toqquşmalar yox, mümkün qədər digər tərəfdaşların da cəlb olunması olsun. Və heç kim düşünməsin ki, “Trampın marşrutu” layihəsi ona qarşı yönəlib. Çünki həqiqətən də o, heç kimin əleyhinə yönəlməyib”, — deyə o bildirib.
Bəyannamədə deyilir ki, tərəflər iki ölkə arasında kommunikasiya xətlərinin daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün açılmasının əhəmiyyətini təsdiqləyiblər. Bununla yanaşı, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipini vurğulayıblar:
“Bu səylərə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında, Ermənistan Respublikasının ərazisi vasitəsilə maneəsiz kommunikasiya daxildir və bu, Ermənistan Respublikası üçün beynəlxalq və daxili kommunikasiya baxımından qarşılıqlı faydalar təmin edəcək.”
Vaşinqton görüşündən sonrakı mətbuat konfransında jurnalistlər baş nazirdən soruşublar ki, qarşılıqlı faydalar barədə bu formulyar Ermənistan üçün də maneəsiz kommunikasiya nəzərdə tuturmu.
“[Sənəddə] bir üstünlük göstərilir. Və deyilir ki, eyni üstünlüyə Ermənistan da malik olmalıdır. Qarşılıqlılıq o deməkdir ki, Azərbaycan üçün yollar açılırsa, Ermənistan üçün də açılır, Azərbaycan üçün yollar açılmırsa, Ermənistan üçün də açılmır. Halbuki hazırda belə variant artıq yoxdur”, — deyə o cavab verib.
Ermənistan Azərbaycanın dəmir yolu infrastrukturuna çıxış əldə edir
Ermənistanın xarici işlər nazirinin sözlərinə görə, blokadanın aradan qaldırılması ilə bağlı razılaşmanın əldə edilməsi ilə infrastrukturun işinin ümumi prinsiplərinə dair danışıqlar, “çox mühüm və prinsipial” mərhələ başa çatıb:
“Amma bu, mərhələlərdən yalnız biridir. İndi daha konkret şərtlərin və texniki həllərin dəqiqləşdirilməsi və razılaşdırılması üzrə böyük iş görülməlidir.”
Ararat Mirzoyan vurğulayıb ki, Vaşinqton bəyannaməsinə əsasən ən mühüm hadisə baş verir: Ermənistan blokadadan çıxır:
“Bu, Ermənistanın 35 ildir can atdığı məqsəddir. Ermənistan bundan sonra Azərbaycanın dəmir yolu infrastrukturuna çıxış əldə edir və onu beynəlxalq ticarət üçün istifadə edə bilir. […] Vaşinqton bəyannaməsinin razılaşmaları, görünür, ABŞ tərəfinin iştirakına və ABŞ prezidentinin şahid qismində imzasına görə daha da böyük çəki qazanır.”
Yaxın vaxtlarda Yerevanda “Tramp marşrutu”nun detalları müzakirə olunmağa başlayacaq
Mirzoyan həmçinin bildirib ki, ABŞ prezidenti “Beynəlxalq sülh və rifah naminə Trampın marşrutu” proqramını həyata keçirmək üçün işçi qrupun yaradılması barədə fərman imzalayıb:
“Yaxın vaxtlarda biz Yerevanda bu istiqamətdə yüksək səviyyəli müzakirələr gözləyirik. Bu mühüm məqamdan istifadə etmək [lazımdır] ki, gələcək nəsillərə daha qarşılıqlı bağlı bir Cənubi Qafqaz buraxaq.”
Vaşinqtona səfərini Ermənistan-ABŞ strateji tərəfdaşlığı gündəminin müzakirəsi baxımından da önəmli sayıb. İkitərəfli danışıqların yekununda tərəflər 3 memorandum imzalayıblar:
Ermənistan hökumətinin regional blokadanın aradan qaldırılması üzrə “Sülh kəsişməsi” layihəsi barədə memorandum:
Burada ABŞ “Sülh kəsişməsi” layihəsini dəstəkləyir, Ermənistanın regional nəqliyyat qovşağı kimi mühüm rolunu vurğulayır. Ermənistanın infrastruktur və sərhəd təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi göstərilir, o cümlədən özəl investorların iştirakilə.
Süni intellekt və yarımkeçiricilər sahəsində innovasiyalar üzrə memorandum:
O, yarımkeçirici ekosisteminin inkişafı və süni intellektin tətbiqi ilə yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Enerji təhlükəsizliyi üzrə memorandum:
Ermənistanın enerji dayanıqlığının dəstəklənməsinə və energetika sisteminin modernləşdirilməsinə, özəl investisiyaların təşviqinə, eləcə də mülki nüvə energetikasının inkişafına yönəlib.
Ararat Mirzoyanın sözlərinə görə, ABŞ-ın dövlət katibi Marko Rubio ilə strateji tərəfdaşlığın komponentlərinin həyata keçirilməsi üzrə birgə işi fəallaşdırmaq barədə razılıq var.
Sülh sazişinin paraflanması “tarixi hadisədir”
Xarici işlər naziri Ağ Evdə sülh sazişinin paraflanmasını “tarixi hadisə” hesab edir:
“Bu, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində ən mühüm dönüm nöqtəsi oldu. Paraflama və ondan sonra səslənən ictimai bəyanatlar göstərdi ki, sərhəddə eskalasiyanın olmaması mənasında sülh artıq bərqərar edilib. Və mahiyyət etibarilə sülhün institusionallaşdırılması mərhələsi başlayır.”
Mirzoyan sülh sazişinin mətninə də toxunub. O əmindir ki, sazişin mətni dərc edildikdən sonra “sağlam yanaşma ilə bu andan bütün spekulyasiyalar dayanacaq.”
Ermənistan XİN Vaşinqton bəyannaməsi barədə