“Üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə məcbur etmək” – Bakıdan ekspertlər Qarabağdakı vəziyyət haqda
Son günlər Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində gərginlik artıb. Azərbaycanın Müdafiə Nazirliyindən bu ərazidə yerləşən erməni qanunsuz silahlı dəstələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması haqda məlumatlar yayılır. Regionda nələr baş verir və Azərbaycanın terror əleyhinə əməliyyat həyata keçirməsi ehtimalı haqda ekspertlər nə deyirlər?
- Azərbaycan Ermənistandan yan ötməklə Naxçıvana yol çəkəcək
- Ermənistan və Azərbaycan arasında gərginlik: hər iki tərəfdən bütün təfərrüatlar
- “Ermənistan-Azərbaycan sülh sazişi prioritetdir”: XİN-lərin bəyanatları nə anlama gəlir?
Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, son günlər sosial şəbəkələrdə Azərbaycan ordusuna aid müxtəlif texnikanın hərəkətini əks etdirən video və foto materiallar yayılır.
“Yayılan bu video və fotolar Vətən müharibəsi zamanı [ikinci Qarabağ müharibəsi — JAMnews] və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir.
Hazırda Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir.
Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.
Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırırıq”, – Müdafiə Nazirliyinin xəbərdarlığında deyilir.
Azərbaycanın Baş Prokurorluğu da rəsmi bəyanatla çıxış edib:
“Son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır.
Süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməklə diqqətə çatdırır ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir”, – Baş Prokurorluğun məlumatında qeyd olunub.
“Bu, erməni silahlılarının üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə məcbur edilməsidir”
Hərbi icmalçı Ədalət Verdiyevin sözlərinə görə, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı imzalanandan bəri 16 aydan çox vaxt keçib və bu müddət ərzində Ermənistan sənəd üzrə əsas öhdəlikləri tam yerinə yetirməyib:
“Bununla əlaqədar olaraq terror əleyhinə fəaliyyət, o cümlədən də Bakı tərəfindən hərbi-siyasi təzyiq normal görünür.
Bütün beynəlxalaq qanunlara əsasən Azərbaycana məxsus olan ərazilərdən Azərbaycan ordusunun hərbçiləri atəşə tutulur. Bu əməllər cavabsız qala bilməz.
Son günlərdə atəşkəs rejiminin pozulması mütəmadi hal alıb, həmçinin RF sülhməramlı kontingentinin yeni komandanının bu ərazidə qanunsuz erməni silahlı quldur dəstələrini himayə etdiyi haqda siqnallar da gəlir.
Sülhməramlıların himayəsi altında erməni silahlı qüvvələri Qarabağın bu hissəsinin perimetri üzrə səngər qazır, mühəndis qurğuları yaradır. Labüd sual ortaya çıxır: onlar kimə qarşı döyüşməyə hazırlaşırlar? Erməni quldur dəstələri Azərbaycan torpaqlarını tərk etmək əvəzinə hansısa hərbi əməliyyatlara hazırlıq aparırlar.
Əgər sülhməramlılar öz vəzifəsinin öhdəsindən gələ bilmirlərsə, bu məsələlərin həllini Azərbaycan ordusu öz üzərinə götürə bilər. Azərbaycan SQ lazım olduğu təqdirdə əlinin altında olan bütün vasitələrdən istifadə edərək qanunsuz silahlı quldur dəstələrini öz ərazisindən çıxara bilər.
Mən bu regionda Azərbaycan SQ-nin mümkün addımlarını erməni silahlı qüvvələrinin üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə məcbur edilməsi adlandırardım”, – Verdiyev qeyd edib.
“Ermənistandan Xankəndiyə qaz kəməri özü-özlüyündə qanunsuzdur”
“Azərbaycan tərəfindən terror əleyhinə əməliyyatın keçirilməsi üçün hazırda ən uyğun şərtlər yaranıb. Rusiya Ukraynada müharibə ilə məşğuldur və onun üçün daha bir istiqamətdə hərbi əməliyyatlar aparmaq problemlidir”, – “Atlas” Analitik Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.
“Üstəlik fevralın 22-də Azərbaycan Rusiya ilə müttəfiqlik haqda memorandum imzalayıb. Həmin sənəddə ölkələrin bir-birinin ərazisində ekstremist və separatçı qüvvələrlə mübarizədə qarşılıqlı yardım qeyd olunub. Əgər Rusiya memorandumun bu maddəsinə əməl etsə, Azərbaycana öz ərazisindən erməni separatçılarını – Qarabağdakı qanunsuz quldur dəstələrini çıxarmağa kömək etməlidir.
Həmçinin bu günlərdə prezident İlham Əliyev Ankarada Türkiyə prezidenti Ərdoğanla 4 saatlıq görüş keçirib. Danışıqların maddələrindən birinin Qarabağda təhlükəsizlik məsələsi olduğuna qəti şübhə etmirəm.
Azərbaycanın İranla da yaxşı münasibətləri yaranıb. Bu ölkə ərazisindən Naxçıvana nəqliyyat dəhlizi açılması haqda memorandumun imzalanması da bundan xəbər verir.
Avropaya və ümumilikdə Qərbə gəlincə isə, Azərbaycan son günlərin reallığında Avropa İttifaqına təbii qazın əsas ixracatçılarından biri olmaq şansı qazanıb. Bunun üçün infrastruktur artıq var.
Azərbaycana mane olan yeganə amil Qarabağda Rusiya sülhməramlılarının olmasıdır.
Son günlərdə Ermənistandan Xankəndinə gedən qaz borusunda qəza haqda çox danışır. Əslinə qalanda, bu qaz kəməri özü-özlüyündə qanunsuzdur. Əgər Qarabağ Azərbaycan ərazisidirsə, bu ərazinin qazlaşdırılması Azərbaycan tərəfindən həyata keçirilməlidir, Xankəndi əhalisi Azərbaycan şirkətlərinin abunəçiləri olmalıdırlar”, – Şahinoğlu bildirib.