Üç azərbaycanlı deputat artıq heç vaxt AŞPA-ya buraxılmayacaq
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) korrupsiya əməllərində və etik normaların pozulmasında iştirak etdikləri üçün bu təşkilatın tədbirlərində iştirak haqqından məhrum olan üzvlərinin siyahısını dərc edib.
Bu siyahıda digərləri ilə yanaşı Azərbaycanın AŞPA-dakı hazırkı nümayəndələri Müslüm Məmmədov və Elxan Süleymanovun, o cümlədən də AŞPA-nın keçmiş üzvü Gültəkin Hacıbəylinin də adları var.
Məmmədov və Süleymanov korrupsiya əməllərində və AŞPA normalarını kobud şəkildə pozmaqda ittiham olunurlar. Bundan başqa, onlar AŞPA-nın bu məsələlərlə bağlı izahat vermək haqda yazılı tələbinə də heç bir reaksiya verməyiblər.
Gültəkin Hacıbəyliyə gəlincə, o da etik normaları pozmaqda və izahat vermək tələbini iqnor etməkdə günahlandırılır.
BBC-yə müsahibəsində 2010-cu ildə AŞPA-dakı üzvlüyü bitən Gültəkin Hacıbəyli bildirib ki, Parlament Assambleyasından heç bir məktub almayıb və baş verənləri “təxribat” adlandırıb. Onun sözlərinə görə, burada müxalifətə keçəndən bəri onunla düşmənçilik edən Azərbaycan hökumətinin əli ola bilər. O, öz şübhələrini bu yaxınlarda Facebook səhifəsinin sındırılması ilə arqumentləndirib. Hacıbəyli baş verənləri aydınlaşdırmağı və lazım gələrsə Strasburq İnsan Haqları Məhkəməsinə qədər gedəcəyini vəd edib.
Parlament Assambleyasının “qara siyahısına” Zmaqo Yelinçiç Plemeniti və Luka Volontenin adları da daxil edilib. Onlar digər şeylərlə yanaşı Azərbaycan hakimiyyətindən rüşvət almaqda da günahlandırılırlar.
Eyni zamanda siyahıda əksinə, Azərbaycan hökumətinin əsas tənqidçilərinddən biri kimi tanınan Andess Qrossun da adı var. Düzdür, onu korrupsiyada yox, etik normaları pozmaqda ittiham edirlər.