Türkiyənin təşəbbüsü dünya üçün son şans ola bilər – Bakıdan şərhlər
Rusiya ordusunun Ukraynadakı infrastruktur və mülki obyektlərə irimiqyaslı zərbələri Azərbaycanda da günün əsas mövzusu olub. Bu mövzunu həm adi sosial şəbəkə istifadəçiləri, həm də ekspert cameəsi müzakirə edir. Siyasətçi Natiq Cəfərlinin fikrincə, Ukrayna probleminin tənzimlənməsi məqsədilə aparıcı Qərb ölkələrinin və Rusiyanın iştirakı ilə zirvə görüşünün keçirilməsi haqqında Türkiyənin təklifi dünya üçün son şans ola bilər.
- Praqa bəyanatı Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıracaqmı? Bakı və Yerevandan xəbərlər və təhlil
- İlham Əliyev: “Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur”
- “Xəyanət daha necə olur?” Azərbaycanda əsirlərin güllələnməsi videosu müzakirə edilir
Oktyabrın 10-da Rusiya ordusunun Ukraynaya irimiqyaslı raket zərbələrinin nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var, ölkənin bir çox şəhərlərinin infrastruktur obyektləri zədələnib.
Azərbaycanlı siyasətçilər və ekspertlər Ukraynada baş verən hadisələri müzakirə edirlər.
“Çox təhlükəli bir dönəmə qədəm qoyuruq”
Müxalif “Respublikaçı alternativ” partiyasının liderlərindən biri Natiq Cəfərlinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi daha qanlı, vəhşi, insan ölümlərinin ciddi artacağı bir fazaya keçir:
“Rusiya siyasi elitası Putin üzərinə inşa edildiyindən, “təkadam” prinsipi ilə formalaşdığından, heç bir sağlam institutun olmadığından Putinin məğlubiyyəti bütün elitanın silinməsi anlamına gəlir, buna görə də, faktiki olaraq bütün elita Putinin arxasındadır. 23 il hakimiyyətdə olmaq o deməkdir ki, siyasi-iqtisadi elita tam nəzarətdədir, daxildə heç bir güclü fiqur birbaşa Putinə qarşı addımlar atmır, amma maraqlı başqa proses gedir: Elita bütün uğursuzluqların “günah keçisi”ni axtarmağa başladıqca bir-birini batırmağa çalışacaqlar. “Çar”ın qəzəbindən yayınmaq üçün uğursuzluğun “adını, soyadını, atasının adını” ona çatdırmaqla daxili intriqaları artıracaqlar”, – siyasətçi bildirir.
Natiq Cəfərli deyir ki, bu yeni situasiyadır, amma müharibənin, Rusiyanın işğalçı, vəhşi addımlarının sona çatması üçün yetərli deyil.
“Çox təhlükəli bir dönəmə qədəm qoyuruq, bütün dünya üçün faktiki olaraq onmilyonların həyatına başa gələ biləcək avanturist addımlar ərəfəsindəyik – açığı, çıxış yolu da, hələ ki, görünmür. Amma qardaş Türkiyənin yeni təşəbbüsü, bəlkə də dünya üçün son şans ola bilər – rəsmi Ankara Rusiya, ABŞ, Britaniya, Fransa və Almaniya arasında yüksək səviyyəli “zirvə görüşü” təklif edib, əgər bu baş tutsa onmilyonların həyatı xilas olacaq.
Dünya Rusiyanın “insansevməz” vəhşiliyi ilə Qərbin daha geniş planlarından doğan “insanlığanifrət” yanaşması arasında qalıb – bu isə qlobal faciələrə qapı açır. İndi bir çox analitiklər ötən əsrin 60-cı illərində az qala nüvə müharibəsi ilə bitəcək “Karib böhranı” ilə paralellər aparır, məncə, çox səhv yanaşmadır – “Karib böhranı” qarşılıqlı güzəştlər üçün meydanın olduğu üçün danışıqlarla bitdi, Rusiya Kubadan, ABŞ isə (NATO) Türkiyədən nüvə silahlarını geri çəkdi.
İndiki durumda qarşılıqlı güzəştlər üçün bütün imkanları bilərəkdən tükətdilər – Rusiya işğal etdiyi bütün əraziləri “qanuni” olaraq öz ərazisi elan etməklə güzəşt qapısını bağladı, Qərb isə Rusianı dayandırmaq üçün yeganə yolun hərbi qələbə olduğunu düşünərək bu yolu qapadıb. Faciələrə qapı aralayan bir durumdur, çıxış yolu isə, hələ ki, görünmür, hətta Rusiya elitası qeyrətə gəlib Putini devirsə belə, bu da artıq problemləri tam həll edə bilməyəcək, Putin elə bir konfiqurasiya qurub ki, özündən sonra daha pis “putinlər” gələcək…” – Natiq Cəfərli özünün “Facebook” səhifəsində yazıb.
Belarus müharibəyə qoşulur?
“Atlas” analitik qrupunun rəhbəri Elxan Şahinoğlu bildirir ki, Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin təzyiqlərinə tab gətirməyərək Ukraynaya qarşı müharibəyə qoşulmağa hazırlaşır.
“Bunu Lukaşenkonun Kiyevin ünvanına səsləndirdiyi son ittihamlar da göstərir. Lukaşenkonun iddiasına görə, guya Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi planlaşdırır. Bu iddia işğalçı müharibədə Rusiyaya qoşulmaq üçün bəhanədir”, – politoloq deyib.
“Ukraynanın Rusiya ilə ağır müharibə apardığı məqamda Belarusa qarşı ikinci cəbhə açmaq Kiyevin maraqlarına cavab vermir. Tam əksinə, Ukrayna Lekaşenkonun planlarından ehtiyatlandığı üçün Belarusla sərhədin minalanmasını həyata keçirib.
Rusiya ordusunun vəziyyəti ağırdır. Ona görə də Kreml sahibi Belarus ordusunun sərhədi keçərək Ukrayna ordusunun problemlərini artırmağa çalışır. Aleksandr Lukaşenko müharibə başlayandan Putinin planlarında yer almaq istəmirdi, ancaq Putinin bəzi istəklərini yerinə yetirirdi. Rusiya Belarus ərazisindən Ukrayna ərazisinə raket zərbələri endirir və dəmir yollarından istifadə edirdi.
Putinə artıq bu azdır, Belarus ordusunun Ukraynaya qarşı ikinci cəbhə açmasını istəyir. Belaruslar Ukraynaya qarşı savaşda iştirak edib ölmək istəmirlər. Bunu Lukaşenko da bilir, ancaq “böyük qardaşın” istəyini də rədd edə bilmir.
Lukaşenko Belarusun müharibəyə qoşulmasını Ukraynanın “təxribatına” cavab kimi əsaslandırmağa çalışa bilər. Belarus Rusiyanın işğalçı müharibəyə qoşularsa Ukraynanın tərəfdaş ölkələrdən daha böyük dəstəyə ehtiyacı olacaq”, – Elxan Şahinoğlu yazıb.