Türkiyədə Ali Nizamlayıcı Ədliyyə Orqanının qərarı ilə daha 227 hakim və prokuror işdən azad edilib. Türkiyə hakimiyyətinin ötən ilin yayında baş vermiş dövlət çevrilişi cəhdində ittiham etdiyi Fətullah Gülən hərəkatıyla onların mümkün əlaqəsi işdən qovulmalarına səbəb olub.
Ötən ilin iyulundan bəri ümumilikdə 3800 hakim və prokuror işdən azad edilib. Hakimiyyətin qərarı ilə onlardan 200 nəfəri işinə bərpa olunub, qalanlarının əksəriyyəti isə istintaq altındadır. Bu haqda Hürriyet qəzeti xəbər verir.
Xatırladaq ki, fevralın əvvəlində hakimiyyət Gülən hərəkatı ilə əlaqədə şübhəli bildiyi 4,5 min nəfərə yaxın dövlət qulluqçusunu işdən azad edib. Onların böyük qismi təhsil sahəsində şalışanlardır.
Dövlət çevrilişi cəhdinin ardınca başlanan təmizləmə çərçivəsində daha əvvəl Türkiyə hakimiyyəti 40 mindən çox insanı həbs edib, həmçinin 100 min nəfərə yaxın dövlət qulluqçusunu işdən azad edib və ya kənarlaşdırıb. Onların hamısı Gülənlə əlaqədə şübhəli bilinir. Təmizləmə qurbanları arasında çox sayda müəllim, polis, hakim və jurnalist var.
Fətullah Gülən yazıçı, keçmiş imam və din xadimidir, hazırda ABŞ-da yaşayır. Gülən bütün dünyada məktəb və universitetlər şəbəkəsi yaradıb. 2008-ci ildə Prospect və Foreign Policy nəşrləri onu ən nüfuzlu intellektual adlandırıblar.
Gülən dini ekstremizmə və İslamın siyasiləşdirilməsinə qarşı çıxır. O, ənənəvi türk islamını təbliğ edir və bu dini mərhəmət və sosial dəstək dini kimi nəzərdən keçirir. Digər konfessiyalar və fərqli baxışları olan insanlarla dialoq tərəfdarıdır.
2014-cü ildə Türkiyə məhkəməsi hakimiyyəti ələ keçirmək cəhdi ittihamıyla Gülənin həbsinə order verib.
2016-cı ilin martında Ərdoğan Güləni Türkiyənin kürdlər yaşayan cənub-şərq regionunda iğtişaşlar təşkil etməkdə günahlandırıb. Həmin ilin iyulunda hakimiyyət onu dövlət çevrilişinə cəhddə ittiham etdi.
JAMnews-un Fətullah Gülən və hərəkatı haqqında təfərrüatlı icmalı burda