Türkiyə mayın sonunda turizm mövsümünü açmağa hazırlaşır. Bu, necə təşkil olunacaq?
Mənbə – Hurriyet
Yeni problemlər yaranmasa, mayın sonunda Türkiyə daxili turizmi bərpa edəcək və daxili aviareysləri açacaq.
Amma kurortlarda vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək, məsələn, populyar bufet təcrübəsi qadağan ediləcək, çünki bu, insanların kiçik məkanda sıx toplaşmalarına səbəb olur.
Həmçinin böyük ehtimalla qiymətlər də yüksələcək – koronavirus epidemiyasının ikinci dalğasına imkan verməmək üçün görülən profilaktik tədbirlər sisteminə görə.
Aprelin 29-a olan məlumata əsasən Türkiyə COVID-19 virusunun yayılmasına görə dünyada yeddinci yeri tutur. Burada ümumilikdə 115 min insan yoluxub. Onlardan demək olar ki, üç min nəfəri ölüb.
- Azərbaycanda Ramazan – məscidlər bağlıdır, kütləvi toplaşmalar və ümumi namazlar olamayacaq
- Ölüm, sökülən oturacaqlar və yaşlıların məcburi dezinfeksiyası – koronavirus Türkiyədə
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirib ki, Türkiyədə sertifikatlaşdırma üzrə artıq xüsusi komissiya yaradılıb və bu komissiya turizm obyektləri üçün qaydalar işləyib hazırlayıb.
- Komissiya daima otelləri və restoranları yoxlayacaq və hər dəfə virusa qarşı dezinfeksiya edildikləri haqda yeni arayış verəcək.
- Turistləri daşıyan nəqliyyatın mütəmadi sanitar təmizliyi həyata keçiriləcək. Sürücülər xüsusi təlimlərdən keçəcəklər və pandemiya şəraitində işləməyi öyrənəcəklər.
- Aeroportlar, otellər, restoranlar, muzeylər və arxeoloji obyektlər sosial məsafənin gözlənilməsi üçün uyğunlaşdırılacaq.
- Bütün kurortlarda tibb işçiləri hazır olacaq və xüsusi avadanlıqlar, o cümlədən də ucdan-tutma hər kəsin temperaturunu ölçmək üçün teplovizorlar quraşdırılacaq.
- Tibb infrastrukturunun, o cümlədən də terapiya otaqlarının və ağciyərlərin süni ventilyasiyası aparatlarının inventarlaşdırılması aparılacaq və turoperatorlar nəticələrlə tanış ediləcəklər.
Mayın sonunda Türkiyə Ramazan aynın bitməsini qeyd edəcək.
“Biz bununla əlaqədar olaraq Şoqut, Selimiyye və Bozburun qəsəbələrində turizmin canlanmasını gözləyirik. Apart-otellərə və qonaq evlərinə böyük tələbat olacaq”, – Marmaris meri Mehmet Oktay hesab edir.
Onun sözlərinə görə, çimərliklərdə şezlonqların sayının iki dəfə azaldılması imkanı müzakirə olunur.
“Biz gözləyirik ki, ilk olaraq mənzillərin icarədarları, bir müddət sonra isə otellərin qonaqları gələcək”, – Bodrum meri Ahmet Aras deyib. Şəhərin hər bir restoranında, gecə klublarında və çimərliklərdə qonaqların sayına ciddi nəzarət olunacaq.
Ekskursiya gəmilərinin göyərtəsinə 12 nəfərdən artıq insan buraxılmayacaq.
Xarici turizm
Türkiyə daxili turizmin ardınca kurortlarının qapılarını əcnəbilərin də üzünə açmağı planlaşdırır.
Turizm nazirinin sözlərinə görə, iyulun ortalarına doğru Asiya ölkələrindən turistlərin gəlməsi gözlənilir. Daha sonra isə Almaniya və Avstriya istiqamətlərinin də canlanması ehtimal olunur. Son mərhələdə, amma yenə də 2020-ci ilin yayında Mehmet Ersoy Böyük Britaniya və Rusiyadan da qonaqlar gözləyir.
2019-cu il Türkiyənin turizm sahəsi üçün rekord ili olub. 52 milyon turist ölkəyə təxminən 35 milyard dollar gəlir qazandırıb.