Türkiyədə homoseksuallıq: nazir hüquqşünaslara qarşı
Bu hekayə çox sürətlə inkişaf etdi. Əvvəlcə Türkiyənin dini işlər naziri Əli Ərbaş çıxışı zamanı seksual azlıqları hədəf kimi seçdi.
Ankara Vəkillər kollegiyası buna görə onu tənqid etdi.
Bunun qarşılığı olaraq kollegiyaya qarşı cinayət işinə başlanıldı.
- Azərbaycandakı lesbilər
- Gürcüstan hökumətinin antiböhran planı – kimə və necə kömək edəcəklər
- LGBT-yə münasibət: Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya – ən ağır vəziyyət
“Xəyanətlər və homoseksuallıq – xəstəliklərin səbəbidir”
“İslam zinanı ən böyük haramlardan biri qəbul edir. Homoseksuallığı lənətləyir. Nədir bunun hikməti? Özü ilə xəstəlikləri gətirməsi və nəsli çürütməsidir bunun hikməti.
İldə yüz minlərcə insan qeyri-qanuni və nikahsız həyatın İslam lüğətindəki adı zina olan bu böyük haramın səbəb olduğu HİV virusuna məruz qalır. Gəlin, insanları bu cür pisliklərdən qorumaq üçün birlikdə mübarizə aparaq”, – Əli Ərbaş deyib.
“O, xalqı kin və düşmənliyə təhrik edir”
Ankara Vəkillər Kollegiyası dini işlər nazirinin bu sözlərinə sərt tənqidi bəyanatla cavab verib.
“Dini işlər naziri Əli Ərbaşın insanlığın bir hissəsini nifrətlə aşağılayıb kütlələrə hədəf göstərdiyi çıxışını çaşqınlıqla və ibrətlə izlədik. Çaşqınlığımız səsi çağlar öncəsindən gələn bu şəxsin bir dövlət qurumunun başında oturub sözlərini müqəddəs sayılan dəyərlər üzərindən inşa edərək xalqı kin və düşmənliyə təhrik etməsindəki qan qoxuyan cürəti ilə bağlıdır”, – bəyanatda deyilir.
Kollegiya öz bəyanatında dini işlər nazirinin vəzifədə olduğu müddətdə “uşaqlara qarşı təcavüzə göz yumduğu”, “qadınlara qarşı zorakılığın mənəvi zəminini yaratdığı” və bunun da qarşılığında dövlətdən maaş aldığı da vurğulanıb. Kollegiya üzvlərinin fikrincə, bu cür çıxışlarına rəğmən vəzifəsində qalan Əli Ərbaşın növbəti çıxışlarında “xalqı əllərində məşəllərlə meydanlarda əcinnə deyə qadın yandırmağa dəvət etməsi heç kimi təəccübləndirməməlidir” https://twitter.com/ankarabarosu/status/1254372752678694912.
Bu mübahisədə kimin haqsız olduğuna məhkəmə qərar verəcək
Başda ölkə prezidenti Ərdoğan olmaqla aralarında ədalət nazirinin də olduğu bir çox hakimiyyət təmsilçisi Əli Ərbaşı dəstəkləyib.“Hər kəs həddini biləcək, Dini İşlər Nazirliyinə hücum dövlətə qarşı hücumdur”, – Ərdoğan deyib
Ankara Prokurorluğunda “xalqın bir hissəsinin qəbul etdiyi dini dəyərləri aşağılaması” ittihamı ilə Ankara Vəkillər Kollegiyası haqda cinayət işi açılıb.
Bütün bunlar sosial şəbəkələrdə gedən qızğın mübahisələrlə müşayiət olunub.
Öncə Türkiyə hakimiyyətini təmsil edən şəxslər dini işlər nazirinə dəstək məqsədilə Twitter-də “#AliErbaşYalnızDeyildir” heşteqli kampaniyaya başlayıblar. İlk tvit prezidentin mətbuat katibi İbrahim Kalından gəlib. “Zamanı və məkanı yaradan Allahın hökmünə dil uzadanlar bu dünyada da, axirətdə də məyus olacaqlar”, – o yazıb
Onlarla dövlət təmsilçisi dini işlər nazirinə dəstək tvitlərini davam etdirərkən, müxalifət, vəkil həmkarları, ictimaiyyət nümayəndələri də Ankara Vəkillər Kollergiyasını “#AnkaraBarosuYalnızDeyildir” heşteqi ilə dəstəkləyiblər.
Ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının mətbuat katibi Faiq Öztark jurnalistlərin məsələylə bağlı suallarını cavablayarkən, “Bu ölkədə inanc sahiblərinin inanclarını dilə gətirmək kaqqı var. Ancaq bunu dilə gətirərkən, digərlərinin yaşam tərzinə nifrət dilini istifadə edərək bunu etməməlidirlər. Yaşadığımız bu günlərdə ən son ehtiyac duyduğumuz şey bəzilərinə qarşı ayrıseçkilik etməklə cəmiyyəti bölməkdir”, deyə cavab verib
İzmir Vəkillər Kollegiyası Twitter hesabında yaydığı açıqlamada hakimiyyətə “vəkillərin yox, nifrət yayanların qarşısını almaq lazımdır” deyə səslənib
“Nifrətə qarşı yaşamı və yaşamın rənglərini müdafiə edənlərin deyil, nifrət toxumları əkərək cəmiyyəti parçalayanların mühakimə edilməsinin lazım olduğunu düşündüyümüzü və buna görə də Ankara Vəkillər Kollegiyası ilə yan-yana durmaqdan qürur duyduğumuzu ictimaiyyətə hörmətlə bildiririk”, – İzmir VK-nın açıqlamasında deyilir.
Sadə vətəndaşlar da sosial şəbəkələrdə dini işlər naziri ilə Ankara VK arasındakı polemikaya qoşularaq iki cəbhəyə parçalanıblar.
Yazıçı Yusuf Kaplan Ərdoğanın Əli Ərbaşı dəstəklədiyi videonu paylaşaraq İstanbul Konvensiyasının (Avropa Şurasının qadınlara qarşı zorakılığa və məişət zorakılığına qarşı mübarizə haqda Konvensiyası) ləğv edilməsini istəyib