Türkiyə prezidenti: Türkiyə qoşunları Suriyanın Əl-Bab şəhərinin mərkəzini ələ keçirib
Paylaşmaq
Paylaşmaq
Türkiyə qoşunları və Suriya üsyançıları “İslam dövləti” qruplaşmasının döyüşçülərini sıxışdıraraq Suriyanın Əl-Bab şəhərinin mərkəzini ələ keçirib.
Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğanın sözlərinə görə, İŞİD qüvvələri geri çəkilir və şəhərin tam ələ keçirilməsi sadəcə zaman məsələsidir.
Türkiyə sərhədinin cəmi 30 kilometrliyində yerləşən yüz min nəfər əhalisi olan şəhər uğrunda döyüşlər ötən ilin avqustunda, Türkiyə İŞİD döyüşçüləri ilə yanaşı onlarla döyüşən kürd hərbi hissələrini sərhəd rayonlardan sıxışdırıb çıxarmaq məqsədilə “Fərat qalxanı” kod adlı əməliyyata start verəndən sonra başlayıb. BBC-nin xəbər verdiyi kimi, əməliyyatın əvvəlindən – avqustdan bəri həlak olan Türkiyə hərbçilərinin sayı 67 nəfərə çatıb.
Türkiyə qoşunlarından başqa Rusiya aviasiyasının dəstəyilə Əsəd ordusu da cənub-qərbdən Əl-Bab şəhərinə hücum həyata keçirir. Rusiya öz zərbələrini Türkiyə ilı də koordinasiya edir.
Suriyada münaqişə başlayandan sonra 2012-ci ilin yazında Əl-Bab qısa zamanda üsyançıların əlinə keçdi, sonra isə 2013-1014-cü ilin qışında İŞİD tərəfindən zəbt edildi.
Əl-Babın ələ keçirilməsi Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir – bununla Ankara Türkiyə sərhədindəki kürdlərin məskunlaşdığı iki vilayətin – Afrin və Kobaninin birləşməsinin qarşısını almaq niyyətindədir.
Suriyada vətəndaş müharibəsi 2011-ci ildən davam edir, BMT-nin məlumatına görə, qurbanların sayı 300 min nəfəri keçib. 7 milyona yaxın suriyalı qaçqın düşüb.