"Türkiyə Ermənistanın tranzit imkanlarını məhdudlaşdırmağa çalışır": Yerevandan şərhlər
Qars-Naxçıvan dəmir yolu
Azərbaycan və Ermənistan arasında “Tramp marşrutu” adlandırılan yolun açılması barədə razılaşmaya nail olunmasından az sonra Türkiyə Qars–Naxçıvan dəmir yolunun tikintisinə başladığını elan etdi. Artıq dəmir yolunun ilk relsləri quraşdırılıb. Bildirilir ki, bu yolun Azərbaycana keçidi Ermənistanın cənubundan nəzərdə tutulur.
ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib. Üçtərəfli danışıqlar zamanı Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək yolun açılması barədə razılıq əldə olunub. Söhbət Ermənistanın cənubundakı Sünik bölgəsindən, daha dəqiq desək, Gümrü şəhərindən keçən marşrutdan gedir.
Azərbaycanda bu yol “Zəngəzur dəhlizi” adlanırdı. İndi isə yeni yol “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (Trump route for international peace and prosperity — TRIPP) adlandırılır. Məlumata görə, bu yolun biznes idarəçiliyi Ermənistan-ABŞ şirkətinə həvalə olunacaq.
Ermənistanlı analitiklərin fikrincə, regionda əvvəlki “qüvvə rəqabətini” indi “logistika mübarizəsi” əvəzləyib. Onlar hesab edirlər ki, Qars–Naxçıvan dəmir yolunun tikintisinin əsas məqsədi Ermənistanın tranzit imkanlarını məhdudlaşdırmaqdır.
Qars–Naxçıvan dəmir yolunun tikintisinin təqribən 2,5 milyard avro sərmayə tələb edəcəyi açıqlanıb. Donorlar qismində müxtəlif beynəlxalq fondlar çıxış edir.
Politoloq Areq Koçinyanın sözlərinə görə, 2,5 milyard avro böyük məbləğdir. O hesab edir ki, Ermənistan beynəlxalq tərəfdaşlara alternativ təqdim etməli və onları inandırmalıdır ki, Türkiyədən Azərbaycana ən qısa yol Ermənistanın cənubundan deyil, şimalından keçir. Söhbət Qars–Gümrü–Vanadzor–İcevan–Qazax–Bakı marşrutundan gedir. O izah edir ki, Qars–Naxçıvan dəmir yolu tikildiyi halda Türkiyə və Azərbaycanın Ermənistandan ehtiyacı yalnız Mehri üzərindən keçən kiçik bir hissəyə olacaq, bu isə Ermənistan üçün sərfəli deyil.
Politoloq Samvel Meliksetyan bildirir ki, Qars–Gümrü–Vanadzor–İcevan–Qazax–Bakı marşrutu Türkiyənin irəli sürdüyü Naxçıvan kommunikasiya xəttindən 150 km qısadır. Beləliklə, Ermənistanın şimalından keçən yol həm də cənub marşrutundan daha ucuz başa gələcək.
Ekspertlərin fikrincə, bir çox oyunçular Ermənistanın tranzit potensialında maraqlı ola bilər. Bu səbəbdən ölkə daxilində mövcud infrastrukturun bərpası, yeni yolların inşası və beynəlxalq tərəfdaşların axtarılması təklif olunur.
“ABŞ həm Ermənistana, həm də Azərbaycana bel bağlayıb”: Yerevandan rəy
“Ermənistan və Bakı arasında sülh mümkündür, amma zəmanət verilmir” – Tomas de Vaal
Şərhlər
Politoloq Areq Koçinyan
“Qars–Naxçıvan dəmir yolu, əslində, Ermənistan ərazisində mövcud olan və Gümrüdən keçərək Yerevan vasitəsilə Naxçıvana qədər uzanan dəmir yolunun təkrarıdır. Bu, bir-birinin eynisi olan layihələrdir. Sadəcə, biri Araratın şərqindən və Ermənistan ərazisindən keçir, digəri isə Araratın qərbindən və Türkiyə ərazisindən.
Qars–Naxçıvan dəmir yolu tikilərsə, region ölkələrinin Ermənistandan asılılığı və onun tranzit potensialı xeyli azalacaq. Belə olan halda Türkiyə və Azərbaycanın Ermənistandan ehtiyacı yalnız Mehridən keçən 40 kilometrlik dəmir yoluna olacaq.
Əgər biz artıq Azərbaycanla Mehri üzərindən dəmir yolunun istismarı barədə prinsipial razılığa gəlmişiksə, əsas qayğımız Ermənistanın infrastruktur imkanlarını mümkün qədər tez işə yararlı vəziyyətə gətirmək olmalıdır. Harada dağıntılar varsa bərpa edilməli, çatışmayan hissələr tikilməlidir. Bundan əlavə, Türkiyə və Azərbaycanın Ermənistan ərazisindən keçməklə əlaqəsinin operativ təmin olunması vacibdir.
Hazırda Ermənistan üçün əsas vəzifə keyfiyyətli alternativ yaratmaqdır. Bunu isə mümkün qədər tez etmək lazımdır. Bizim bu imkandan istifadə şansımız var.
Qars–Gümrü–Vanadzor–İcevan–Qazax quru yolu Türkiyə ilə Mərkəzi Asiya, yəni Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa yoldur.
Əgər biz sərhədləri aça bilsək və infrastrukturu qaydaya salsaq, yalnız Türkiyə və Azərbaycan deyil, bir çox digər oyunçular da bu tranzit potensialında maraqlı ola bilər.
Əgər Türkiyə və Azərbaycan problemlər yaratmağa başlasa, özləri istifadə etməyib başqalarına da imkan verməsələr, Ermənistanın yeganə seçimi Mehri üzərindən yolların açılması proqramından çıxmaq olacaq. Əgər yalnız Mehri açılacaqsa və başqa heç nə olmayacaqsa, bu, Ermənistan üçün qətiyyən maraqlı deyil.”
Politoloq Samvel Meliksetyan
“Bu dəmir yolunun mövcud yollardan fərqi nədir? Cənubi Qafqazdakı dəmir yollarının əksəriyyəti bir xətli olur. Türkiyə isə iki xətli dəmir yolu tikir. Bu isə yolun buraxılış qabiliyyətinin daha yüksək olacağı deməkdir.
Türkiyənin layihəsi sürətli dəmir yoludur. Nəticədə bu yol çar dövründə tikilmiş və sovet vaxtında modernləşdirilmiş bir xətli dəmir yolu ilə qovuşacaq. Yəni, onun buraxılış qabiliyyəti dərhal aşağı düşəcək.
Naxçıvan və Mehridən keçərək Bakıya gedən yolun [ildə 15 milyon ton] eyni buraxılış qabiliyyətinə malik olması üçün dəmir yolunun ya iki xətli olması, ya da müxtəlif mühəndis qurğularının inşası, həmçinin köhnə marşrutun dəyişdirilməsi tələb olunur.
Texniki baxımdan Türkiyə tərəfinin inşa etdiyi yol Qafqaz regionundakı bütün mövcud dəmir yollarından daha müasir və sürətlidir. Amma bu yol daha yavaş və məhdudiyyətləri olan köhnə dəmir yolu ilə üzləşəcək.
Əgər siyasi məsələlər həll olunmasa, yəni Azərbaycan və Türkiyə Ermənistanla razılığa gəlməsə və burada stansiyalar yaradılmasa, bu yol elan olunan buraxılış qabiliyyətini təmin edə bilməyəcək. Deməli, onların iddia etdiyi kimi, Ermənistanın cənubundan ildə 15 milyon ton yük daşınması mümkün olmayacaq.
Türkiyənin layihəsi siyasi xarakter daşıyır, Ermənistan üzərindən keçən kommunikasiya isə coğrafi. Coğrafiya isə hər zaman qalib gəlir, çünki bu daimi faktordur, siyasi faktorlar isə dəyişkəndir.”
Qars-Naxçıvan dəmir yolu