Türkiyə prezidenti İsrailin baş nazirini terrorçu adlandırıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu terrorçu və işğalçı adlandırıb, Reuters xəbər verir.
Aprelin 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu terrorçu və işğalçı adlandırıb, Reuters xəbər verir.
Ərdoğan hesab edir ki, İsrail terrorçu dövlətdir, hədəfi isə dinc əhalidir. Bununla Ərdoğan Qəzza zolağı və İsrail sərhədində baş verən etirazlar və onların yatırılmasına reaksiya verib.
Netanyahu Ərdoğanın bəyanatının cavabında bildirib ki, “İsrail ordusu illərlə dinc əhalini bombalayan birinin ağıl öyrətməsinə reaksiya verməyəcək”. İsrail hökumətinin başçısı bəyan edib ki, onun fikrincə, “İsrail ordusu ən yüksək mənəvi prinsiplərə sahib olan ordudur”.
İsrail və Türkiyə münasibətlərinin gərginləşməsində yeni mərhələ İsrail ordusu Qəzza zolağı və İsrail sərhədində fələstinlilərin etiraz aksiyalarını yatıtrandan sonra başlayıb. Martın 30-da fələstinlilər İsrail sərhədinə toplaşaraq, sərhədi qoruyan hərbçilərə daş və “Molotov kokteyli” atmağa başlayıblar. Müxtəlif məlumatlara görə, İsrail ordusu etirazları yatırdığı zaman 15 nəfərdən 17 nəfərə qədər fələstinli həlak olub.
BMT və Avropa İttifaqı fələstinlilərin ölümünü araşdırmağa çağırıb, İsrailin müdafiə naziri Avidqor Liberman isə bildirib ki, araşdırmaya ehtiyac yoxdur, öldürülənlərin əksəriyyəti radikal qruplaşmaların üzvləri olub.