Turistlər üçün gələcək “cənnət”? Gürcüstandakı Daşbaş dərəsindən fotoreportaj
“Gürcüstanda turistlər üçün yeni cənnət yaradırıq” – Tbilisidən cənubda yerləşən Daşbaş dərəsində 2019-cu ilin yayında başlanmış investisiya layihəsinin məqsədi təxminən bu cür səslənir. Yerli sakinlər hamısı gözləmə vəziyyətindədir və ümidləri aşıb-daşır. Onların arasında dərənin girişindəki o qədər də böyük olmayan mağazanın sahibəsi Leyla da var.
Kənd və dərə Gürcüstanın cənubundakı Kvemo Kartli regionunda Tsalka adlı kiçik şəhərdən üç kilometr aralıda yerləşirlər. Daşbaş hətta yay fəslinin istirahət günlərində - burada turistlərin çox olduğu vaxtlar belə sakit yerdir. Yerlilər anlayır ki, turistlərin hesabına biznes qura bilərdilər, lakin heç kimin başlanğıc kapitalı yoxdur. Leyla nadir istisnadır.
Demək olar ki, bütün turistlər Leylanın mağazasına baş çəkirlər. Həm limonad içmək üçün, həm də onun bağından açılan mənzərəyə tamaşa etmək məqsədilə. “Daşbaşda başqa heç nə yoxdur. Bizə yalnız investisiyalar kömək edə bilər”, - Leyla tərəddüd etmədən bildirir.
Onun ümidləri ən yaxın zamanlarda doğrula bilər. 2019-cu ilin may ayının əvvəllərində Gürcüstanın Mühafizə olunan ərazilərin işi üzrə agentliyi yeni layihənin başlanmaını elan edib. İnvestor İsrailin “Kass Land” şirkətidir. Layihə çərçivəsində hər şeydən əlavə dərənin üzərindən 240 metr uzunluğu olan və tutacaqları ortada yerləşən şəffaf körpünün tikintisi nəzərdə tutulur.
“Layihənin icrasına başlanıb və o, 2020-ci ildə başa çatacaq. Bizim hesabımıza görə, hər mövsüm bura gündəlik 2-3 min turist gələcək. Biz 60 milyon dollara yaxın vəsait yatırmaq istəyirik”, - layihənin meneceri Ana Şanidze JAMnews-a deyib.
Gözlənildiyinə görə, Daşbaşda yeni otellər, kafelər və restoranlar peyda olacaq. “Kass Land”in planlarına burada musiqi festivalının keçirilməsi də daxildir. Lakin dərəyə giriş indiki kimi pulsuz olmayacaq. Giriş üçün 15 lari [təxminən 5 dollar] ödəmək lazım gələcək.
“Mən çox razıyam. Bizdə yeni iş yerləri və yeni imkanlar açılacaq”, - artıq başlanmış tikintidə fəhlə kimi işə düzəlmiş Daşbaş kəndinin gənc sakini deyir.
Yeni investisiyalara sevincli ümidlər, ilk növbədə, bu rayonda həyat səviyyəsinin çox aşağı olması ilə izah edilir. İş yerləri azdır. Burada – böyük yüksəklikdə, tarla və otlaqların əhatəsində gürcülər, ermənilər, azərbaycanlılar və yunanlar birgə yaşayır. Onların əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Bu yerlər üçün tipik mənzərə iri qoyun sürüləri və onları müşayiət edən çobanlardır.
İnvestisiya layihəsinin meneceri Ana Şanidze isə dərhal xəbərdarlıq edir: “Müqavilə bizim üzərimizə öhdəlik qoymur ki, ilk növbədə yerli əhalini işlə təmin edək. Lakin onlara müəyyən iş yerlərini, təbii ki, təklif edəcəyik”.
Daşbaşda heç də hamı yeni iş yerləri vədlərinə ümid etmir. Bəziləri öz planlarını qurur. Məsələn, yaşlı insan olan Lernik bu yaxlnlarda dərədən üç kilometr məsafədə yerləşən Tsalka şəhərində balaca dükan açıb.
“Turistlərin sayı çoxalsa, hostel də açaram. Daşbaşda iri evim var, onu yalnız təmir etmək lazımdır”, - o danışır.
Şübhə yoxdur ki, bu yerlərdə həyat əsaslı şəkildə dəyişəcək. Lakin bununla birlikdə ətraf mühit üçün yeni təhlükələr yaranacaq. “Kass Land” şirkəti iddia edir ki, unikal yerli təbiətə zərər yetirilməyəcək, çünki bütün tikinti işləri mühafizə olunan ərazilərdən kənarda həyata keçiriləcək.
Bu məlumatı Mühafizə olunan ərazilərin işləri üzrə agentlikdə təsdiqləmək mümkün olmadı – JAMnews-un sorğuları cavabsız qaldı. Gürcüstanın qeyri-hökumət ekologiya təşkilatları və fəallar xəbər verir ki, başlanmış layihə barədə onlar da ətraflı məlumat gözləyirlər.