TRIPP layihəsində ABŞ-ın payı 74 faiz təşkil edəcək: Yerevan və Vaşinqtonun birgə bəyanatı
Ermənistan XİN TRIPP layihəsi haqqında
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio TRIPP layihəsinin icra mexanizmləri üzrə çərçivə razılaşması əldə ediblər.
TRIPP (Trump route for international peace and prosperity — “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisindən keçməklə birləşdirəcək yol layihəsidir.
Bir neçə il ərzində Yerevan və Bakı bu məsələ üzrə razılığa gələ bilmirdi. Azərbaycan “Zəngəzur dəhlizi” adlandırdığı yolun verilməsini tələb edirdi. Ermənistan hakimiyyəti isə bütün yolların blokdan çıxarılmasına hazır olduqlarını bildirir, lakin ölkənin həmin ərazi üzərində nəzarətinin, yəni suveren hüquqlarının itirilməsini nəzərdə tutan “dəhliz” termini ilə razılaşmırdı.
Yalnız avqustun 8-də Vaşinqtonda tərəflər yolun Ermənistanın suveren nəzarəti altında qalacağı, ABŞ-ın isə blokdan çıxarılma prosesinə biznes tərəfdaş kimi qoşulacağı barədə razılığa gəliblər. Bununla əlaqədar layihə vasitəçinin adına uyğun olaraq “Tramp marşrutu” adlandırılıb.
Birgə bəyanatda TRIPP-in icrası üçün şirkətin yaradılmasından bəhs olunur. Bildirilir ki, şirkət “ABŞ-ın nəzarət payı və Ermənistanın prinsipial məsələlər üzrə nəzarəti” şərti ilə infrastrukturun inkişafını təmin edəcək.
“Bildirilib ki, şirkət ilkin 49 il müddətində tikinti hüququ ilə TRIPP-in inkişafına cavabdeh olacaq. Ermənistan TRIPP-in inkişafı üzrə şirkətin 74 faiz səhmini ABŞ-a təklif etməyi və 26 faizi özündə saxlamağı planlaşdırır”, – deyə Ermənistan və ABŞ-ın birgə bəyanatında qeyd olunur.
Bundan əlavə, əməkdaşlığın daha 50 il müddətinə uzadılması da nəzərdə tutulur. İlkin 49 illik dövr başa çatdıqdan sonra Ermənistan hökumətinin payı 49 faizə qədər artırılacaq.
Sənəd bir gün əvvəl imzalanıb. Bu gün səhər ABŞ-da gecə saat birdən sonra Ararat Mirzoyan Vaşinqtondan erməni jurnalistlərin suallarını cavablandırıb. Onun sözlərinə görə, tərəflərin səhm payları danışıqlar nəticəsində müəyyən edilib və “ölkələrin investisiya payını əks etdirir”. Mirzoyan vurğulayıb ki, ABŞ iri həcmli maliyyə yatırımları həyata keçirəcək.
“Ermənistanın əsas töhfəsi mahiyyət etibarilə tikinti hüququnun verilməsidir. Düşünürəm ki, bu, kifayət qədər ədalətli pay bölgüsüdür. Üstəlik, söhbət yalnız ilk 49 ildən gedir. İnvestisiyaların geri dönüşü təmin olunduqdan və müqavilə uzadıldıqdan sonra pay nisbəti dəyişəcək”, – deyə nazir izah edib.
Sənəddə xüsusi olaraq qeyd olunur ki, “Tramp marşrutu”nun bütün ərazisi üzrə Ermənistanın tam suverenliyi qorunacaq.
Mirzoyan tikintinin konkret olaraq nə vaxt başlayacağını açıqlamayıb. O, yalnız ümid etdiyini bildirib ki, torpaq üzərində işlər payızın əvvəlinə doğru başlanacaq.
- “Türkiyə Ermənistanın tranzit imkanlarını məhdudlaşdırmağa çalışır”: Yerevandan şərhlər
- Rəy: “Ermənistan Rusiyanın TRIPP layihəsində iştirak edə bilməyəcəyinə işarə edir”
- Azərbaycanla Ermənistan sərhədində üç yeni sərhəd zastavası: onlar niyə yaradılıb
Marşrutun idarə olunması: Ermənistanın ABŞ-a təqdim edəcəyi müstəsna hüquqlar
İmzalanmış sənədə əsasən, Ermənistan layihənin icrası üçün yaradılacaq şirkətə aşağıdakı sahələr üzrə müstəsna hüquqlar təqdim edəcək:
- müəyyən edilmiş tranzit marşrutları çərçivəsində multimodal tranzit infrastrukturunun planlaşdırılması, layihələndirilməsi, inkişafı, tikintisi, istismarı və texniki xidməti;
- konkret infrastruktur layihələrinin icrası üçün qurumların yaradılması;
- tikinti şirkətləri, operatorlar və xidmət təminatçıları ilə müqavilələrin bağlanması;
- infrastruktur fəaliyyəti nəticəsində əldə olunan gəlirlərin alınması və yığılması;
- TRIPP marşrutunun inteqrasiya olunmuş sistemin bir hissəsi kimi idarə edilməsi.
Bununla yanaşı, şirkət həm dəmir yolu, həm avtomobil yolu, eləcə də enerji, rəqəmsal və digər yardımçı infrastrukturların tikintisi hüququna malik olacaq.
Şirkət müxtəlif mənbələrdən, o cümlədən infrastruktura çıxış üçün ödənişlərdən və tranzit marşrutu boyunca kommersiya fəaliyyətindən əldə olunan gəlirləri toplamaq və saxlamaq imkanına da sahib olacaq.
Birgə bəyanatda həmçinin aşağıdakılar nəzərdə tutulur:
- fasiləsiz əlaqənin təmin edilməsi üçün rəqəmsal alətlərdən istifadə edilməklə “front-ofis — back-ofis” modelinin tətbiqi;
- “front-ofis” funksiyalarını (sənədlərin ilkin toplanması, inzibati dəstək) özəl operatorlar yerinə yetirəcək, “back-ofis” funksiyaları isə Ermənistanın dövlət orqanlarına həvalə olunacaq;
- TRIPP şirkəti birbaşa olaraq dəmir yolu və avtomobil yolu layihələrini həyata keçirəcək, fəaliyyətinin digər komponentləri üçün isə törəmə şirkətlərə və ya ixtisaslaşmış müəssisələrə malik olacaq;
- Ermənistan və ABŞ bu şirkətin korporativ strukturunu birgə formalaşdırmağı planlaşdırır, bu struktur hər iki ölkə hökumətinin multimodal tranzit marşrutunun istismarı ilə bağlı konkret qərarlarda iştirakını əks etdirəcək;
- bütün prinsipial məsələlər üzrə qərarlar birgə erməni-amerikan komitəsi tərəfindən qəbul ediləcək.
“Suveren funksiyalar həvalə edilməyəcək”: Ermənistanın dövlət qurumlarının səlahiyyətləri barədə
“Back-ofis” funksiyalarını icra edən Ermənistanın dövlət qurumlarının əməkdaşları — gömrük və sərhəd xidməti ölkənin qanunvericiliyinə və beynəlxalq sazişlərə uyğun olaraq bütün suveren səlahiyyətlərini qoruyacaqlar.
“Back-ofis” gömrük və digər formallıqlarla bağlı yekun qərarları qəbul edəcək. Eyni zamanda təhlükəsizlik nəzarətini, miqrasiya nəzarətini, hüquq-mühafizə tədbirlərini, icazə və razılaşmaların verilməsini həyata keçirəcək.
Sənədə əsasən, erməni vəzifəli şəxslər Ermənistanın bütün sərhəd və gömrük məntəqələrində fiziki olaraq mövcud olacaqlar:
“Suveren funksiyalar həvalə edilməyəcək”.
Ermənistan marşrutun bütün ərazisi üzrə qanunverici, tənzimləyici və məhkəmə yurisdiksiyasını qoruyacaq, o cümlədən:
- milli təhlükəsizliyin təmin olunması və hüquq-mühafizə fəaliyyətinə nəzarət,
- Ermənistanın suveren ərazisində yerləşən bütün sahələrə çıxış,
- öz suveren ərazisində tranzit marşrutunun sahələrində Ermənistanın bütün qanunlarının tətbiqi üzrə yurisdiksiya,
- eləcə də tranzit üzrə vergilər, gömrük rüsumları və digər məcburi ödənişlərə dair yurisdiksiya.
Sənəddə qeyd olunur ki, “vergilər, gömrük rüsumları və digər məcburi ödənişlər qüvvədə olan qanunvericiliyə uyğun olaraq birbaşa Ermənistanın dövlət büdcəsinə daxil olacaq”.
Vaşinqtondan Ermənistan XİN rəhbərinin açıqlamaları
“Əhəmiyyətli nailiyyət”: çərçivə sənədi barədə
Ararat Mirzoyan vurğulayıb ki, tərəflər “Tramp marşrutu” layihəsinin icra detallarını ətraflı şəkildə əks etdirən son dərəcə vacib sənəd imzalayıblar. Onun sözlərinə görə, sənəd xüsusilə qurumun təsis forması, səhmlərin bölgüsü və fəaliyyət prinsiplərini əhatə edir.
Nazir imzalanmış bəyanatı “əhəmiyyətli nailiyyət” adlandırıb, lakin bunun yekun sənəd olmadığını qeyd edib:
“O, 8 avqust tarixli Vaşinqton bəyannaməsi ilə yekun razılaşmalar arasında aralıq mərhələdir. Yəni şirkətin nizamnaməsi və proseslə bağlı ola biləcək digər zəruri hüquqi sənədlər üçün əsas rolunu oynayır”.
“Ermənistanın suverenliyi məhdudlaşdırılmayacaq”
Ararat Mirzoyan bəyanatın bəzi müddəalarını səsləndirərək əmin edib:
“TRIPP infrastrukturunun heç bir sahəsi, halqası və ya obyekti Ermənistanın suverenliyini və yurisdiksiyasını hər hansı formada məhdudlaşdırmayacaq. Heç bir dövlət funksiyası kiməsə həvalə edilməyəcək. TRIPP marşrutu boyunca Ermənistanın hüquq-mühafizə və güc strukturlarının çıxışı, eləcə də sərhəd və gömrük orqanlarının iştirakı təmin ediləcək”.
Nazirin sözlərinə görə, TRIPP şirkətində nəzarət paketi ABŞ-a məxsus olsa da, mühüm məsələlər Ermənistanla razılaşdırılmadan həll edilə bilməz.
Xüsusilə, TRIPP şirkətinin səhmdar tərkibinin dəyişdirilməsi (səhmlərin satışı, bağışlanması, birləşmə, bölünmə, yenidən təşkil və ya hər hansı digər hüquqi hərəkətlər), eləcə də son mənfəət sahiblərinin dəyişməsi əvvəlcədən razılaşdırılmalıdır.
XİN rəhbəri əmin edib ki, Ermənistan əraziləri özgəninkiləşdirilməyəcək və ya icarəyə verilməyəcək:
“Əlbəttə, Ermənistan yaradılacaq infrastrukturun yerləşəcəyi ərazilərdə şirkətə tikinti hüququ verəcək. Ermənistan ərazilərinin özgəninkiləşdirilməsi, hətta icarəyə verilməsi ilə bağlı ehtimallar, eyhamlar səsləndirilirdi. Ermənistan öz torpağında tikinti hüququ təqdim edəcək, necə ki, Ermənistanda fəaliyyət göstərən onlarla və yüzlərlə şirkətə təqdim edir”.
“Fərqləndirilmiş prosedurlar”: onların nəyi nəzərdə tutur
Birgə bəyanata əsasən, Ermənistan insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti üçün fərqləndirilmiş prosedurlar hazırlamağı planlaşdırır. Jurnalistlər nazirə TRIPP çərçivəsində tətbiq ediləcək prosedurların Ermənistanın digər sərhədyanı ərazilərində qüvvədə olan prosedurlardan fərqlənib-fərqlənməyəcəyini soruşublar.
“Ümumilikdə, biz bütün istiqamətlər üzrə sərhəd keçid prosedurlarını maksimum dərəcədə sadələşdirmək istəyirik. Lakin suverenliyimizin və yurisdiksiyamızın pozulmasına, eləcə də şəxsiyyətin müəyyənləşdirilməsi və s. kimi zəruri prosedurların icrasına heç bir halda yol vermək niyyətində deyilik”, – deyə Mirzoyan cavab verib.
Onun sözlərinə görə, fərqləndirilmiş prosedurlar “Ermənistanın qanunları, qaydaları və beynəlxalq sazişləri əsasında və beynəlxalq standartlara uyğun şəkildə” tətbiq olunacaq.
“TRIPP lokal halqa deyil”
Xarici işlər nazirinin sözlərinə görə, “Tramp marşrutu” yerli əhəmiyyətli nəqliyyat qovşağı deyil. Mirzoyan bu layihədə üç səviyyəli nəqliyyat əlaqəsi görür:
- üçüncü ölkələr arasında (Mərkəzi Asiya – Aİ marşrutu),
- Naxçıvan – Azərbaycan,
- Ermənistan – iki istiqamətdə üçüncü ölkələr, yəni Ermənistan – Mərkəzi Asiya və Ermənistan – Qərb.
“TRIPP-də Türkiyə və Rusiyanın iştirakı ABŞ-la müzakirə olunmayıb”
Jurnalistlər nazirə Türkiyə və Rusiyanın layihədə mümkün iştirakı məsələsinin müzakirə edilib-edilmədiyini soruşublar.
XİN rəhbəri bu məsələnin ABŞ tərəfi ilə müzakirə olunmadığını bildirib. O xatırladıb ki, TRIPP Ermənistan və ABŞ arasında ikitərəfli biznes layihəsidir. Türkiyə və Rusiyanın iştirakı məsələsinə isə, onun fikrincə, birbaşa infrastruktur kontekstində deyil, “Tramp marşrutu”nun davamı kontekstində baxılmalıdır. Nazir bununla regionun ümumi blokdan çıxarılmasını, Türkiyə ilə sərhədlərin açılmasını nəzərdə tutur. Bunun üçün isə, xüsusilə, dəmir yolu əlaqəsinin bərpası zəruridir.
Ermənistanın dəmir yollarını idarə edən şirkət olan “Cənubi Qafqaz Dəmir Yolları” “Rusiya Dəmir Yolları”nın 100 faiz törəmə şirkətidir. 2008-ci ilin əvvəlindən Ermənistan “Ermənistan Dəmir Yolu” QSC-nin idarəçiliyinin 30 il müddətinə “Rusiya Dəmir Yolları”na verilməsi ilə bağlı konsessiya müqaviləsi imzalayıb.
O vurğulayıb ki, yalnız Azərbaycanla sərhədlərin açılması və dəmir yolu hərəkətinin bərpası Asiya-Aİ istiqamətində yeni iri logistika dəhlizinin yaradılmasına imkan verməyəcək. Üstəlik, bu yolla Ermənistan tam şəkildə blokdan çıxarılmış olmayacaq. Mirzoyan yaxın gələcəkdə erməni-türk dialoqu nəticəsində nəzərəçarpan irəliləyişin əldə olunacağına ümid etdiyini bildirib.
Ermənistan XİN TRIPP layihəsi haqqında