Transparency International: gürcü oliqarx İvanişvili Rusiyada biznesə sahibdir
“Transparency International Georgia” qeyri-hökumət təşkilatı yeni araşdırma dərc edib, orada bildirilir ki, Gürcüstanın qeyri-rəsmi hökmdarı adlandırılan “Gürcü arzusu” iqtidar partiyasının keçmiş sədri Bidzina İvanişvili ofşor şirkət vasitəsilə Rusiyada ən azı bir şirkətə sahibdir, 2012-2019-cu illərdə isə Rusiyada ən azı 10 şirkətə sahib olub.
Bidzina İvanişvilinin Rusiyada 2012-ci ildən bəri heç bir biznes maraqlarının olmaması ilə bağlı iddiaları yalan və həqiqətə uyğun deyil, “Transparency International Georgia” təşkilatının sədri Eka Qiqauri deyir.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin Ukraynaya dəstəklə bağlı mövqeyi Bidzina İvanişvili və ailəsinin Rusiyadakı biznes maraqları ilə bağlı ola bilər.
“Onun ailə üzvlərinin biznes maraqlarına gəlincə, əldə etdiyimiz məlumatlara görə, Uça Mamatsaşvilinin (İvanişvilinin əmisi oğlu) Rusiya prezidenti Putinlə DTK akademiyasında təhsil almış və əvvəllər Sankt-Peterburq qubernatoru olmuş Georgi Poltavçenko ilə ortaq maraqları və şirkəti var. Burada yeni olan odur ki, aprelin 7-də o, ABŞ tərəfindən sanksiyaya məruz qalıb, onun şirkəti də bir sıra Qərb ölkələri tərəfindən sanksiyaya məruz qalıb”, – Qiqauri bildirib.
O, əlavə edib ki, Bidzina İvanişvilinin qardaşı Aleksandr İvanişvili və Uça Mamatsaşvili 2021-ci ilə qədər Rusiya Dövlət Dumasının deputatı olmuş Anna Kovoçko və əri cənab Xerianovla birlikdə biznesə sahibdirlər. Bu barədə son aylar Gürcüstan mətbuatında da məlumat yayılıb.
“Ümumilikdə, apardığımız araşdırmalar nəticəsində Gürcüstanın Ukraynaya dəstəyi ilə bağlı qeyri-müəyyən mövqeyi məsələsi Bidzina İvanişvilinin və onun ailəsinin Rusiyada biznes maraqlarının olması və hazırkı Gürcüstan hökumətinin mövqeyini müəyyən edə bilməsi ilə bağlı ola bilər”, – deyə TI mətbuat xidməti qeyd edib.
Gürcüstanın qeyri-rəsmi hökmdarının Rusiya ilə əlaqələri barədə söhbət aprelin 26-da YouTube-da Bidzina İvanişvili ilə sanksiyaya məruz qalmış rusiyalı oliqarx Vladimir Yevtuşenkovun söhbətinin audioyazısının yerləşdirilməsindən sonra intensivləşib.
Səs yazılarında əks olunan danışıqlar bu il martın 10 və 12-də, yəni Rusiyanın artıq Ukraynaya müdaxilə etdiyi vaxtlarda aparılıb. Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının sədri David Araxamiya Avropa İttifaqı və ABŞ-ı İvanişviliyə qarşı şəxsi sanksiyaları nəzərdən keçirməyə çağırır.
Araxamiyanın fikrincə, indiki Gürcüstan hökumətinin mahiyyəti Kremlin göstərişlərinə əməl etməkdir, onların Rusiyanın Ukraynaya qarşı hərbi cinayətlərini tanımamaq və sanksiyalardan yan keçməkdə Rusiyaya kömək etmək kimi ritorikasının səbəbi də budur.