Hamburqda bu yaxınlarda keçirilən G-20 sammitində Putin və Tramp arasında daha əvvəl məlum olan görüşdən başqa ikinci görüş baş tutub. Bu haqda CNNxəbər verir.
Sammit iştirakçılarının şərəfinə keçirilən təmtəraqlı şam yeməyi zamanı Amerika prezidenti gözlənilmədən öz yerindən qalxıb, Vladimir Putinin əyləşdiyi masanın arxasına keçib. Onlar arasında danışıq bir saata yaxın davam edib.
Müşahidəçilər qeyd edirlər ki, belə improvizə danışıqlar sammitlərdə tez-tez baş tutur, amma bu hadisə çox qeyri-adi görünür. Danışıqlarda amerikalı tərcüməçi iştirak etməyib. Yəni tərtib edilməsi tərcüməçinin öhdəliyinə daxil olan stenoqramma yalnız Rusiya tərəfinin əlində olacaq.
Ağ Ev Tramp və Putinin görüşdüyü faktını təsdiq edib, amma bu görüşü “qısa” adlandırıb və “sadəcə prezidentin dünya liderləri ilə əlaqələrin qurulması istiqamətində öz vəzifələrini həyata keçirməsi” kimi xarakterizə edib.
Amma Amerikanın bu məlumatı top xəbərlər sırasına daxil edən əksər media qurumları başqa fikirdədirlər. Trampın əməkdaşları və qohumlarının ünvanına səslənən Rusiya ilə qanunsuz əlaqələrə dair ittihamlar getdikcə çoxalır və daha konkretləşir. Onların əlaqələri ilə bağlı araşdırma hazırda Amerika Konqresinin Nümayəndələr Palatası və Senatı, həmçinin Ədliyyə Nazirliyində xüsusi prokuror tərəfindən aparılır.