Tramp sərhəddə divar tikilməsi haqda sərəncam imzalayıb
Paylaşmaq
Paylaşmaq
ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikilməsi haqda sərəncam imzalayıb. Bu, onun qanunsuz miqrasiya ilə bağlı seçkiöncəsi vədinin həyata keçirilməsində ilk addımdır.
Tramp əvvəlki kimi israr edir ki, divarın xərcini Meksika ödəyəcək. ABC News-a müsahibəsində Tramp bildirib ki, Meksika divarın dəyərinin “tamını, yüz faizini” ABŞ-a ödəyəcək.
“Biz bu danışıqlara ən yaxın zamanda başlayacağıq. Və Meksika hansısa formada bu xərcləri ödəyəcək”, – Tramp bəyan edib.
“Elədiklərim Birləşmiş Ştatlar naminədir”, – o əlavə edib və deyib ki, sərhəddə “fiziki keçilməz” maneənin inşası milyardlarla dollara qənaət etməyə və çox sayda insanın həyatını xilas edəcək, çünki mütəşəkkil transsərhəd cinayətlərinə son qoyacaq.
BBC-nin xəbər verdiyi kimi, sərəncam bir çox şeylə yanaşı sərhəd nəzarəti sahəsində 10 minlərlə iş yerlərinin açılmasını nəzərdə tutur.
Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına müraciət edərək prezident bildirib ki, divar bütün Cənubi Amerikadan qeyri-leqal immiqrantların və narkotik qaçaqmalçılarının ABŞ-a keçməsini əngəlləyəcək.
İndi sərhəd baryerinin inşası haqda qərar Konqres tərəfindən təsdiqlənməlidir.
Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidentinin qərarını pisləyib və bildirib ki, Meksika divara pul xərcləmək niyyətində deyil. Eyni zamanda o qeyd edib ki, Meksika hökuməti ABŞ ərazisində öz vətəndaşlarının hüquqlarını qorumaq üçün əlindən gələn hər şeyi edəcək.
Prezident Tramp həmçinin təhlükəsizlik tədbirlərinin artırılması haqda direktiv də imzalayıb. Bundan başqa o, qeyri-leqal miqrantları gizlədən şəhərlərin maliyyələşdirilməsinin dayandırılması haqda da sərəncam verib.
Trampın yaxın günlərdə ABŞ-da qaçqınların qəbulunu, həmçinin Suriya, Yəmən, İraq, Yaxın Şərq və Afrikanin bir sıra ölkəsinin vətəndaşlarına viza verilməsini dayandıracağı gözlənilir.
Reuters adlarını çəkmədiyi iki məmura istinadən xəbər verir ki, Tramp terrorçuluqda şübhəli bilinənlər üçün xaricdəki həbsxanaların gizliliyi təcrübəsinin tətbiqinə qayıtmaq məsələsini də nəzərdən keçirir.