"Tramp marşrutu": Qərbin illüziyası, yoxsa Cənubi Qafqaz tarixində dönüş nöqtəsi
Ermənistan-Azərbaycan: “Tramp marşrutu”
Onilliklər boyu davam edən münaqişələrdən sonra Cənubi Qafqaz elə bir məqama çatıb ki, bu, həm sülhün başlanğıcı, həm də növbəti dönüşsüz nöqtə ola bilər.
Avqust ayında ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh sazişini paraflayıblar. Hər iki ölkənin liderləri regiondan keçəcək tranzit yollarının açılması layihəsi üzrə razılığa gəliblər. Bu layihə simvolik olaraq “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity) adlandırılıb.
Ermənistan və Azərbaycan qarşısında seçim durur: otuzillik münaqişəyə son qoymaq və münasibətlərin normallaşması yoluna çıxmaq, yaxud da formalaşmaqda olan sülh planını pozmaq.
“JAMnews” vahid mənzərəni təqdim edir: eyni sənədə erməni və azərbaycanlıların baxışı. Ermənistan və Azərbaycandan olan jurnalistlər həm rəsmi mövqeləri, həm də ekspert icmasının və adi vətəndaşların fikirlərini əhatə edən ətraflı icmallar hazırlayıblar.
- “Baydenin anti-Azərbaycan narrativləri iflasa uğradı” – İlham Əliyev Vaşinqtondakı görüşün yekunları barədə
- “Üçüncü tərəfin nəzarəti olmayacaq” – Ermənistanın xarici işlər naziri “Trampın marşrutu” proqramı barədə
- Vaşinqton görüşündən sonra: Zəngəzur dəhlizi razılaşması və buna qarşı səsləndirilən fikirlər
Kontekst: köhnə münaqişənin yeni mərhələsi
Ermənistan və Azərbaycan qarşısında seçim durur: 30 illik qarşıdurmaya son qoyaraq regional inteqrasiyaya keçmək, yoxsa davamlı sülh fürsətini əldən vermək. 8 avqustda Vaşinqtonda baş tutan görüş gözlənilməz hadisə olub. İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri ilk dəfə danışıqlar ABŞ prezidentinin birbaşa himayəsi altında aparılıb.
Paraflaşdırılmış sülh sazişi keçmiş sovet respublikalarının sərhədlərinin qarşılıqlı tanınmasını, ərazi iddialarından və güc tətbiqindən imtinanı nəzərdə tutur. Lakin sənəd hələ də yekun şəkildə imzalanmayıb. Məhz bu qeyri-müəyyən vəziyyət sülhü kövrək və həm Bakının, həm də Yerevanın qərarlarından asılı vəziyyətə salır.

Ermənistan-Azərbaycan danışıqlar prosesi: mövcud vəziyyət
Ermənistanla Azərbaycan arasında danışıqlar hələ də qeyri-müəyyən mərhələdədir və ziddiyyətli qiymətləndirmələr doğurur. Bəzi analitiklər bunu tarixi barışıq imkanı kimi görür, digərləri isə gərginliyin yeni mərhələsi kimi dəyərləndirir.
Bir tərəfdən, iki ölkə heç vaxt sülhə bu qədər yaxın olmayıb.
Digər tərəfdən, Vaşinqtonda sülh sazişinin paraflanmasına baxmayaraq, sənəd hələ də yekun şəkildə imzalanmayıb. Bu isə o deməkdir ki, nə hüquqi təminat, nə də münaqişənin bitəcəyinə siyasi əminlik var. Tarix dəfələrlə göstərib ki, vəziyyət bir günün içində köklü şəkildə dəyişə bilər.
Avqust ayında Vaşinqtonda Nikol Paşinyan və İlham Əliyevin görüşü gözlənilməz olub. Sammit barədə əvvəlcədən məlumat verilməmişdi, ABŞ prezidentinin iştirakını isə bir çoxları qeyri-mümkün sayırdı. Lakin Nobel Sülh Mükafatını qazanmağa can atan və Rusiya-Ukrayna istiqamətində uğur qazana bilməyən Trampın diqqətini diplomatik nəticə əldə etməyin mümkün olduğu Qafqaza yönəltdiyi görünür.
Paraflaşdırılmış saziş keçmiş sovet respublikalarının sərhədlərinin qarşılıqlı tanınmasını nəzərdə tutur: Ermənistan SSR və Azərbaycan SSR-in sərhədləri beynəlxalq səviyyədə tanınır. Tərəflər bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etməyi öhdələrinə götürürlər.
Qarabağın mənsubiyyəti məsələsində nöqtə qoyulub – Ermənistan hakimiyyəti bu ərazini yekun olaraq Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu, ilk dəfə 2022-ci ilin oktyabrında Praqada Paşinyan və Əliyev arasında Fransa prezidenti və Avropa Şurasının rəhbərinin vasitəçiliyi ilə keçirilən görüş zamanı baş verib.
Vaşinqtonda isə Yerevan və Bakı hər iki tərəf üçün əhəmiyyət kəsb edən bütün müddəaları müzakirə edərək sənəddə rəsmiləşdiriblər. Tərəflər qarşılıqlı ərazi iddialarından, güc tətbiqindən və daxili işlərə qarışmaqdan imtina etdiklərini təsbit edib, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesini davam etdirmək barədə razılığa gəliblər.
Lakin bir məqam var: paraflanma sənəddə təsbit olunan müddəaların icrasını təmin etmir. Paraflanma icra demək deyil.
Sadə dildə desək, əgər sabah Azərbaycan və ya Ermənistan bu sənəddən imtina etsə, heç bir ölkə hüquqi məsuliyyət daşımayacaq.
Xüsusilə Azərbaycan sənədin yekun versiyasının imzalanması üçün ilkin şərtlər irəli sürür. Əsas şərt Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Bakının fikrincə, hazırkı Konstitusiyada ərazi iddiaları qorunub saxlanılır.
Ermənistan tərəfi bunu inkar edir və bildirir ki, Konstitusiyada belə bir mənanı ifadə edən heç bir müddəa yoxdur. Sənəddə sadəcə 1989-cu ilin “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” qərara istinad edən Müstəqillik Bəyannaməsinə istinad yer alır.
Ermənistan hakimiyyətinin sözlərinə görə, əsas qanunun dəyişdirilməsi yalnız daxili məsələdir. Bundan əlavə, sülh sazişinin iki müddəası Azərbaycanın narahatlıqlarını tam aradan qaldırır. Onlardan biri bildirir ki, tərəflər “bir-birinə qarşı ərazi iddiaları irəli sürmür və gələcəkdə də irəli sürməyəcəklər”. Digərində isə qeyd olunur ki, “heç bir tərəf bu sazişi yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz”.
Bununla belə, Ermənistanda etiraf edirlər ki, baş nazir Paşinyan, bəlkə də, Konstitusiya dəyişikliklərinə qarşı çıxmazdı, lakin onun kifayət qədər siyasi dayağı yoxdur. Bu məsələni referenduma çıxarmaq cəhdi uğursuzluğa düçar ola və bütün sülh prosesini təhlükə altına qoya bilər.
Regional kommunikasiya xətlərinin açılması: əsas mübahisə mövzusu
8 avqustda xarici işlər nazirləri tərəfindən sülh sazişinin paraflanması əsas deyil, daha çox texniki hadisə kimi qiymətləndirilir. Daha çox rezonans doğuran hadisə isə ABŞ prezidentinin regiondakı kommunikasiya xətlərinin açılmasına həsr olunmuş üçtərəfli birgə bəyanatı imzalaması olub.
Nəqliyyat əlaqələri məsələsi uzun illərdir tərəflər arasında əsas mübahisə mövzusu olaraq qalır. Söhbət Azərbaycanın eksklavı olan Naxçıvanla əlaqə yaratmaq üçün Ermənistanın cənubundakı Sünik vilayətindən keçən marşrutdan gedir.
Bakı eksterritorial yolun yaradılmasında israr edirdi, yəni Ermənistanın yurisdiksiyasına tabe olmayan bir magistralın açılmasından söhbət gedirdi. Yerevan isə bu imkanı qəti şəkildə rədd edir, bütün yolların açılmasına hazır olduğunu, lakin yalnız öz ərazisi üzərində tam suveren nəzarətin qorunması şərti ilə buna razılıq verə biləcəyini bildirirdi.
Xüsusilə mübahisələr Meğridən keçən hissə ətrafında kəskinləşmişdi. Azərbaycanda bu marşrut “Zəngəzur dəhlizi” adlandırılır. Yerevan isə “dəhliz” anlayışını, yəni öz ərazisinə nəzarətin itirilməsini qəti şəkildə mümkünsüz sayırdı.
Vaşinqton Bəyanatında hər iki tərəfi qane edən formulyasiyalar təsbit olunub.
Sənəddə qeyd olunur ki:
- nəqliyyat kommunikasiyaları “sülhün təşviqi məqsədilə” ölkədaxili, ikitərəfli və beynəlxalq daşımalar üçün nəzərdə tutulur;
- bu xətlər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipləri əsasında fəaliyyət göstərəcək;
- Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə maneəsiz əlaqə əldə edəcək; bu, hər iki ölkə üçün qarşılıqlı fayda yaradacaq.
ABŞ-ın roluna xüsusi diqqət yetirilib. Bəyanatda deyilir:
“Ermənistan ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə birlikdə Ermənistan Respublikası ərazisində “Beynəlxalq sülh və Rifah üçün Tramp marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlı nəqliyyat kommunikasiyası layihəsinin çərçivəsini işləyib hazırlayacaq. Biz bu məqsədə ən qısa müddətdə nail olmaq üçün vicdanlı səylər göstərmək əzmimizi təsdiqləyirik”, – sənəddə qeyd olunur.
Beləliklə, “Tramp marşrutu” ifadəsi ilk dəfə məhz kommunikasiya xətlərinin açılması kontekstində meydana çıxıb.

Layihənin həm avtomobil, həm də dəmir yolu nəqliyyatını əhatə edəcəyi nəzərdə tutulur.
Ermənistanın hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanları öz ərazisində fəaliyyət göstərəcək. Lakin kommunikasiya xətlərinin biznes idarəçiliyinə ABŞ tərəfi də cəlb olunacaq.
Bəyanatın müəlliflərinin niyyətinə görə, bu, layihənin şəffaflığını və iqtisadi səmərəliliyini təmin etməli, həmçinin tərəflərin onun icrasına olan etimadını gücləndirməlidir.
Fərqli yozumlar: Yerevan və Bakı “Tramp marşrutunu” necə başa düşür?
Ən maraqlı məqam məhz burada başlayır.
Beynəlxalq münasibətlərdə artıq çox vaxt həlledici olan sənəddə nə yazılması deyil, iştirakçıların onu necə başa düşməsidir. Elə bu da hazırkı vəziyyəti xüsusilə mürəkkəb edir: görünür, Yerevan və Bakının “Tramp marşrutu”na dair hələ də fərqli yozumları var.
Vaşinqton Bəyanatı imzalanandan dərhal sonra Ermənistan cəmiyyəti hökumətin üzərinə hansı konkret öhdəliklər götürdüyünə dair izah gözləyirdi.
Hakim partiya və onun tərəfdarları tələsik bəyan etdilər ki, ölkələr arasında sülh dövrü başlayıb və “Zəngəzur dəhlizi” adlanan təhlükə aradan qalxıb.
Baş nazir Nikol Paşinyan bildirdi ki, TRIPP layihəsi Ermənistanla ABŞ arasında ikitərəfli müzakirə mövzusudur. Onun sözlərinə görə, Azərbaycanın kommunikasiya xətləri bu marşrutla birləşməlidir, lakin Ermənistan ərazisində inşa olunacaq bütün infrastruktur üzərində nəzarət yalnız Ermənistana məxsus olacaq.
“O sənədə əsasən, Ermənistan ərazisində TRIPP adlı infrastruktur olacaq. Ermənistan ərazisində hansı kommunikasiya xətlərinin mövcud olacağına Ermənistan özü qərar verir. Ermənistan ərazisində “Zəngəzur dəhlizi” adlı infrastruktur ola bilməz”, – deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, TRIPP layihəsinin texniki parametrləri ilə bağlı ABŞ tərəfi ilə danışıqlar artıq başlanıb, lakin hələlik konkret razılaşmalar yoxdur.
Oktyabr ayında ABŞ-nin gömrük və sərhəd təhlükəsizliyi üzrə nümayəndə heyəti Ermənistan sərhəd xidmətlərinin potensialını qiymətləndirmək və modernləşmə istiqamətlərini müəyyənləşdirmək məqsədilə ölkəyə səfər edib.
Ermənistan rəhbərliyi əmindir ki, “Tramp marşrutu” gec-tez reallaşacaq. Yerevan vurğulayır ki, gələcək infrastrukturun istismarı ölkənin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həyata keçiriləcək. Texniki detallarla bağlı bütün qərarlar bu prinsiplərin hüdudlarından kənara çıxa bilməz.
Qısası, Ermənistanın mövqeyi birmənalıdır: yol hər iki tərəf üçün faydalı olmalıdır, lakin ona tam nəzarət Ermənistan dövlətində qalacaq.
Videonun müəllifləri: Artur Xaçatryan, Arman Karacyan / JAMnews
Terminologiya münaqişə məsələsi kimi: “Tramp marşrutu”, yoxsa “Zəngəzur dəhlizi”?
“Zəngəzur dəhlizi” termini Ermənistan və Azərbaycan arasında son danışıqlar prosesində qarşıdurma mövzularından birinə çevrilib.
Baxmayaraq ki, birgə bəyanatda “Zəngəzur dəhlizi” ifadəsi yer almır, Azərbaycan gələcək kommunikasiya xəttini israrla bu adla adlandırmağa davam edir.
Son beş ildə “Zəngəzur dəhlizi” termini Bakının rəsmi leksikonuna möhkəm daxil olub və siyasi diskursun ənənəvi elementi halına gəlib, Ermənistanda isə bu ifadə açıq qıcıqlanmaya səbəb olur.
Bakı üçün bu layihə strateji məqsəddir. O, ölkənin müxtəlif hissələri arasında birbaşa əlaqənin bərpasını və Türkiyə ilə Mərkəzi Asiyaya çıxış imkanını simvolizə edir. “Dəhliz” termini bu yolun Ermənistanın nəzarətindən kənar olmalı olduğunu vurğulayır. Məhz bu da Yerevanın etirazına səbəb olur.
Ermənistan üçün “Zəngəzur dəhlizi” ifadəsi suverenliyə təhdid kimi səslənir: bu, yolun eksterritorial statusunu, yəni Ermənistanın tam yurisdiksiya həyata keçirə bilməyəcəyi bir ərazini nəzərdə tutur. Buna görə də Yerevan “dəhliz” deyil, “kommunikasiyaların açılması” ifadəsini işlətməyə üstünlük verir.
Vaşinqton görüşündən xeyli əvvəl tərəflər sülh sazişi layihəsindən kommunikasiya xətlərinin açılması ilə bağlı mübahisəli bəndi çıxarmaq barədə razılığa gəlmişdilər ki, bu da danışıqlar prosesinin uzanmaması üçün idi.
Lakin indi də Ermənistanda qeyd olunur ki, Vaşinqton Bəyanatında “Zəngəzur dəhlizi” ifadəsi işlədilməsə də, Azərbaycan israrla məhz bu termini istifadə etməyə davam edir.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı “Tramp marşrutu” və “Zəngəzur dəhlizi” anlayışlarını yenidən birləşdirdi:
“Regional kommunikasiya xətləri davamlı sülhə dair baxışımızın əsasını təşkil edir. Vaşinqton sammitinin mühüm nəticələrindən biri “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”dur (TRIPP), bu marşrut Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional əlaqələri möhkəmləndirəcək”, – deyə Əliyev bəyan edib.
Əslində, Bakı “Zəngəzur dəhlizi” terminindən öz tələblərinin davamlılığını və gələcək nəqliyyat qovşağına dair baxışını vurğulayan siyasi göstərici kimi istifadə edir.
Azərbaycanın bütün yüksək vəzifəli rəsmiləri, sənədlərdə rəsmi olaraq neytral TRIPP ifadəsi işlədilməsinə baxmayaraq, bu ritorikaya sadiq qalırlar.
Yerevanda isə bu terminologiya meydan oxumaq kimi qəbul olunur. Nikol Paşinyan dəfələrlə Əliyevi və onun ətrafını bu cür bəyanatlara görə tənqid edib:
“Ermənistan reallığında bu, ərazi iddiası kimi səslənir və münaqişə ritorikası ilə assosiasiya olunur. Bu cür açıqlamalar sülhə inamı gücləndirmir və yüksək səviyyədə əldə olunmuş razılaşmaların ruhuna ziddir”, – deyə baş nazir qeyd edib.
Ermənistan daxilində siyasi mübahisələr: fayda ilə risklər arasında
Ermənistanda regional kommunikasiya məsələsi artıq bir neçə ildir ki, siyasi debatların ən kəskin mövzularından biri olaraq qalır.
Hakimiyyət hesab edir ki, yolların açılması ölkə üçün misilsiz iqtisadi və tranzit imkanları yaradacaq.
Müxalifət isə Nikol Paşinyanın hökumətinin Bakı və Ankaranın təzyiqi altında hərəkət etdiyini, bununla da ölkəni ciddi təhlükəsizlik risklərinə məruz qoyduğunu bildirir.
Bu prosesdə Türkiyənin rolu xüsusi əhəmiyyət daşıyır. Əgər “Tramp marşrutu” layihəsi reallaşarsa, Ankara Azərbaycana, oradan isə təsirinin son illərdə sürətlə artdığı Mərkəzi Asiyaya ən qısa quru çıxış əldə edəcək.
Müxalif deputat Tiqran Abramyan (“Şərəfim var” fraksiyası) Türkiyənin ikili siyasətinə diqqət çəkir:
“Ankara ultimatum dilində danışır və Ermənistanın mümkün qazancını minimuma endirmək üçün hər şeyi edir. Məsələn, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması barədə razılaşmalar olmuşdu.
Lakin bu addımlar həyata keçirilmədi. Əvəzində Türkiyə birbaşa Naxçıvan Muxtar Respublikasına dəmir yolu çəkilişinə başladı. Bu isə Gümrü-Qars xəttinin açılmasını iqtisadi baxımdan mənasız edir”, – deyə Abramyan qeyd edir.
Ermənistan rəhbərliyi ümid edir ki, nəqliyyat yollarının açılması ölkəyə Türkiyə vasitəsilə Avropa bazarlarına birbaşa çıxış imkanı verəcək, həmçinin Naxçıvan üzərindən İranla dəmir yolu əlaqəsini bərpa etməyə şərait yaradacaq.
Daha bir potensial imkan isə Azərbaycanın əsas hissəsi üzərindən Rusiya ilə nəqliyyat əlaqəsinin bərpasıdır.
Lakin Abramyanın vurğuladığı kimi, bu perspektivlər hələ də qeyri-müəyyəndir:
“Vaşinqton razılaşmalarında qərarların qarşılıqlılığı prinsipi qeyd olunur. Amma Bakı bu prinsipi öz ərazisində tətbiq etməkdən imtina edir. Ermənistan yüklərinin daşınmasının necə tənzimlənəcəyi də bəlli deyil. Bakı bildirir ki, bu, yalnız ölkə qanunvericiliyi çərçivəsində olacaq. Faktiki olaraq cəmi 42 kilometrlik bir ərazidə Ermənistan üçün xüsusi oyun qaydaları tətbiq ediləcək”.
Beləliklə, Ermənistan cəmiyyətində mübahisə davam edir: “Tramp marşrutu” ölkəni regional iqtisadiyyata açan bir fürsətə, yoxsa ölkənin real suverenliyini məhdudlaşdıran bir tələyə çevriləcək.
“Tramp marşrutu”: “Sülh və rifaha gedən yol” layihəsinə Azərbaycan baxışı
Azərbaycan “Tramp marşrutunu” kompromis kimi deyil, əvvəlki sülh sənədlərində təsbit olunmuş öhdəliklərin məntiqi davamı və regionun nəqliyyat-iqtisadi əlaqələrini gücləndirən bir addım kimi qiymətləndirir.
Bakı ardıcıl şəkildə xatırladır ki, regional kommunikasiya xətlərinin açılması Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikdir. Həmin sənəd Rusiya vasitəçiliyi ilə 44 günlük müharibəni (ikinci Qarabağ müharibəsi) dayandırmışdı.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılması postmünaqişə dövrünün əsas elementi və regionda sabitliyin qarantıdır.
O, hələ 2022-ci ildə “3+3” regional əməkdaşlıq platformasından danışarkən gələcək danışıqların mərkəzi mövzularından birinin məhz kommunikasiya xətlərinin açılması olacağını qeyd etmişdi.
Bakı bəyan edir ki, Ermənistan indiyədək bu istiqamətdə real addımlar atmayıb və ümid edir ki, yeni geosiyasi reallıqlar Yerevanı fərqli davranmağa vadar edəcək.
Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə xatırladıb ki, “Ermənistan dörd il ildir ki, Qərbi Azərbaycan rayonlarını Naxçıvanla birləşdirmə öhdəliyini yazılı şəkildə öz üzərinə götürməsinə baxmayaraq, kommunikasiya xətlərinin açılması ilə bağlı real danışıqlara əhəmiyyətli töhfə verməyib”.
Azərbaycan parlamenti və hökumət nümayəndələri “Tramp marşrutu” barədə razılaşmanı alqışlayaraq onun regional əhəmiyyətini vurğulayıblar.
Milli Məclisin sədri Sahibə Qafarova oktyabr ayında Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşündə Vaşinqton razılaşmasını “tarixi addım” adlandırıb.
Onun sözlərinə görə, avqust bəyanatı regional kommunikasiya xətlərinin bərpasına dair niyyəti təsdiqləyib:
“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun” həyata keçirilməsi Zəngəzur dəhlizini Avrasiyanın əsas nəqliyyat bağlantısına çevirəcək və regionumuzda inkişafla əməkdaşlığa xidmət edəcək”.
Oxşar bəyanatlar digər dövlət qurumları tərəfindən də səsləndirilib. Hökumət hesab edir ki, nəqliyyat əlaqələrinin bərpası Cənubi Qafqaz ölkələrinin ümumi iqtisadi artımına töhfə verəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, kommunikasiya xətlərinin açılması Azərbaycanın qeyri-neft ixracını və ÜDM-ni əhəmiyyətli dərəcədə artıra bilər.
Millət vəkilləri də prosesi dəstəkləyərək vurğulayıblar ki, “sülh sazişinin imzalanması və nəqliyyat yollarının bərpası uzunmüddətli sabitlik, investisiyaların cəlbi və yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq”.
Azərbaycanlı analitiklər “Tramp marşrutu” razılaşmasına müxtəlif rakurslardan baxırlar. Bəziləri hesab edir ki, sülh sazişinin imzalanması və kommunikasiya xətlərinin bərpası Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişə bilər.
Siyasi analitik Ərəstun Oruclu qeyd edir ki, “həm Rusiya, həm də Qərb regionda öz təsirini saxlamağa çalışır, lakin bu gün Bakı və Yerevan vasitəçilərsiz qarşılıqlı anlaşmaya heç vaxt olmadığı qədər yaxındır”.
Onun sözlərinə görə, “əgər tərəflər birbaşa danışıqlar yolu ilə sülh sazişi imzalaya bilsələr, həm Moskvanın, həm də Qərbin vasitəçi rolu arxa plana keçəcək. Bu, ideal ssenaridir, çünki hazırda Azərbaycan və Ermənistan üçüncü tərəflər olmadan birbaşa razılaşmalar üçün daha böyük potensiala malikdir”.
Bəzi analitiklər hesab edir ki, “Tramp marşrutu” təşəbbüsü Rusiyanın dominant təsirini zəiflədə, ABŞ və Avropa İttifaqının rolunu isə gücləndirə bilər.
Eyni zamanda, digər ekspertlər hesab edirlər ki, Azərbaycan və Ermənistan arasında xarici müdaxiləsiz birbaşa dialoq uzunmüddətli düşmənçiliyə son qoymağın ən etibarlı yolu ola bilər.
İqtisadçılar da layihənin iqtisadi potensialını önə çəkirlər.
Tədqiqatçı Uluqbəy Kəmaləddinovun fikrincə, “regional nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazın sosial-iqtisadi inkişafını sürətləndirməkdə mühüm rol oynaya bilər”.
Onun sözlərinə görə, marşrutların bərpası daşınma xərclərini azaldacaq, tranzit vaxtını qısaldacaq, ticarət axınlarını genişləndirəcək və investisiyaları cəlb edəcək. Yeni iş yerləri açılacaq, əhalinin həyat səviyyəsi yüksələcək.
Azərbaycan baxımından “Tramp marşrutu” sazişi regionda davamlı sülh və rifaha doğru mühüm addımdır.
Azərbaycan parlamenti və hökumətinin mövqeyi ortaqdır: sülh sazişinin imzalanması və regional əlaqələrin bərpası ölkənin strateji maraqlarına uyğun gəlir və uzunmüddətli sabitliyə aparır.
Bütün tərəflər – Azərbaycan, Ermənistan və qonşu dövlətlər bu prosesdən fayda əldə edəcəklər. Azərbaycan isə özünü əsas nəqliyyat mərkəzi kimi möhkəmləndirmək imkanı qazanacaq.
Ekspertlər bildirirlər ki, kommunikasiya xətlərinin bərpası həm də geosiyasi əhəmiyyət daşıyır. Regionda Rusiya və Qərbin rolu dəyişir, Azərbaycan isə bu fürsətdən istifadə edərək öz müstəqil gündəmini irəli aparmağa çalışır.
Ölkədə ictimai rəy ehtiyatlı nikbinliklə xarakterizə olunur. İnsanlar davamlı sülhə, nəqliyyat yollarının açılmasına və həyat şəraitinin yaxşılaşmasına ümid edirlər.
“Tramp marşrutu”nun həyata keçirilməsi ilə bağlı praktik addımların yaxın aylarda başlanması fonunda ümidlər güclənir. Sülh və əməkdaşlıq ideyalarının regionun gələcəyinin möhkəm təməlini təşkil edəcəyi gözlənilir.
“Tramp marşrutu” layihəsinin detalları
“Tramp marşrutu” layihəsi tamamilə Ermənistan ərazisindən keçəcək nəqliyyat kommunikasiya xəttinin yaradılmasını nəzərdə tutur.
Yol ölkənin ən cənub bölgəsi olan Sünik vilayətindən keçməlidir. Məhz burada sovet dövründə Ermənistanla Azərbaycanı birləşdirən dəmir yolu xətti yerləşirdi.

Hazırda bu yoldan demək olar ki, heç nə qalmayıb. Relslər və şpallar hələ 1993-cü ildə, birinci Qarabağ müharibəsinin qızğın dövründə sökülüb. Vağzal binaları uçulub-dağılaraq yalnız skelet halında qalıb. Bəzi yerlərdə tunellər daş və tullantılarla doludur. Faktiki olaraq, yalnız dəmir yoluna uyğun relyef və keçmiş rels xəttinin izi qalıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, yeni xəttin tikintisi ən azı iki il çəkə bilər. Hələlik işlərə başlanmayıb, lakin hökumət optimistliyini qoruyur.
Politoloq Robert Gevondyan qeyd edir:
“Ermənistanla bu tikintini həyata keçirəcək Amerika şirkəti arasında danışıqların aparıldığına dair məlumatlar var. Əgər bu, gözlənildiyi kimi, texnoloji baxımdan güclü bir şirkətdirsə, o zaman iki il tamamilə real müddətdir”.
Yeni dəmir yolunun potensial marşrutu Ermənistan-İran sərhədinə çox yaxın keçəcək, Meğri və Aqarak şəhərlərinin yanından ötəcək. Bu yaşayış məntəqələrinin sakinləri prosesi diqqətlə izləyirlər, çünki qəbul edilən və ediləcək olan qərarlar birbaşa onların həyatına təsir edəcək.

Sünik sakinləri daha çox şəxsi fayda yox, dövlət maraqları baxımından düşünürlər. Region təbii sərvətlərlə zəngindir və iqtisadi baxımdan nisbətən sabitdir.
Lakin insanları ən çox narahat edən məsələ təhlükəsizlikdir.
“Bu marşrutun necə bir şey olacağına dair xüsusi təsəvvürüm yoxdur. Ona kimin nəzarət edəcəyi ilə bağlı suala gəlincə isə, bir dövlətin yollarına başqasının nəzarət etməsi utancverici olardı. Amma əgər Ermənistanın qanunlarına əsasən fəaliyyət göstərən gömrük olsa və insanlar ondan istifadə edə bilsə, onda hansı sorğu-suala ehtiyac var?”– deyə yerli sakinlərdən biri bildirir.
“Kommunikasiyaların işə düşməsi pis olmazdı. Amma onlar daima məhz “dəhlizdən” danışırlar. Əliyevin çıxışını izlədim, o yenə də BMT-də dəhlizdən danışırdı. İndi bilmirik, nə fikirləşək. Dəhlizdir, yoxsa yol?” – deyə digər sakin soruşur.
“Əleyhinəyəm, çünki yollar açılandan sonra nələr olacağı bəlli deyil. Bu rayon sonra kimə tabe olacaq?” – deyə üçüncü sakin vurğulayır.

Ekspert Robert Gevondyan əmindir ki, əgər Vaşinqton Bəyanatının müddəaları həyata keçirilsə, yol tam şəkildə Ermənistanın nəzarətində qalacaq.
“Sənəddə deyilir ki, əgər tərəflərdən biri hansısa üstünlük əldə etmək istəyirsə, bu üstünlük digər ölkənin suverenliyinə zidd ola bilməz. Preferensiyanı təqdim edən dövlət də eyni üstünlüyü əldə etməlidir.
Bunun da bir mənası var: sözügedən əraziyə Ermənistan nəzarət edəcək və orada Ermənistanın müvafiq qurumları fəaliyyət göstərəcək “, – deyə politoloq bildirir.
Marşrutun idarə olunmasında Amerika şirkətinin mümkün iştirakına gəlincə, Gevondyan bunun ölkənin suverenliyini pozmadığını qeyd edir.
“Ermənistanda artıq beynəlxalq idarəetmə nümunələri mövcuddur, məsələn, dəmir yolları Rusiya şirkətinin idarəsindədir, amma ölkə öz ərazisinə nəzarəti itirməyib”, – politoloq vurğulayır.

Rusiyanın rolu: moderatorluqdan müşahidəçiliyə
Vaşinqton razılaşmalarının imzalanmasından sonra Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinin tamamilə Qərb platformasına keçdiyi və Rusiyanın əsas qərarlardan kənarda qaldığı aydın oldu.
2020-ci il müharibəsindən sonra danışıqlarda yeganə və şərtsiz moderator rolunu öz üzərinə götürmüş Moskva indi artıq iki ölkə üzərində ciddi təzyiq rıçaqlarına malik deyil.
Bəyanatın imzalanmasından və sülh sazişinin paraflanmasından sonrakı bir neçə gün ərzində Kreml nümayişkaranə şəkildə susqunluğunu qorudu. Yalnız bir qədər sonra Rusiya Xarici İşlər Nazirliyi və Sergey Lavrov səviyyəsində “sülhə xidmət edən hər bir təşəbbüs dəstəklənməlidir” kimi ehtiyatlı açıqlamalar səsləndi.
Bu bəyanatlar aktiv mövqedən daha çox, simanı qorumaq cəhdi təsiri bağışladı.
Demək olar ki, bütün ekspertlər həmfikirdir: Rusiya artıq Cənubi Qafqazda şərtsiz güc mərkəzi deyil.
Eyni zamanda, Türkiyənin rolu güclənir, təkcə Bakı ilə münasibətlərdə deyil, həm də Ermənistan istiqamətində.
Politoloq Robert Gevondyan qeyd edir:
“Rusiya regiondan getmir. Amma Rusiyanin təsirinin tədricən zəifləməsi nəticəsində onun rolu regiondakı digər oyunçuların rolları ilə müqayisə olunur. Rusiya oyunçulardan biridir, lakin əsas oyunçu deyil.
Əvvəllər Rusiya regionda aparıcı idi və proseslər onun maraqları nəzərə alınmadan baş vermirdi. İndi bu məntiq dəyişib; Rusiya artıq digər ölkələrlə rəqabət aparır”.
Erməni ekspertlərin fikrincə, Rusiyanın Cənubi Qafqazdakı gələcək iştirakı böyük ölçüdə Ukraynadakı müharibənin nəticəsindən asılı olacaq.
Lakin artıq indi bir şey aydındır: əvvəlki təsir arxitekturası dağılıb və Moskva Qafqaz siyasətindəki monopoliyasını itirib.
Vaşinqtonda deyildiyi kimi, Rusiyanın “oyun qaydalarını diqtə etmək üçün əlində çox az kart qalıb”.

Material “Mediaset”in dəstəyi ilə hazırlanıb.
Ermənistan-Azərbaycan: “Tramp marşrutu”