ABŞ prezidenti İranı “bir nömrəli terrorçu dövləti” adlandırıb. Bu haqda Donald Tramp Fox News telekanalına müsahibəsində bildirib, bu müsahibənin bir fraqmenti efirdə göstərilib.
“İran bizə qətiyyən hörmət eləmir. Bu ki, bir nömrəli terrorçu dövlətidir. Onlar hər yana pul və silah göndərirlər”, – Tramp bildirib.
Bununla belə o, Tehrana qarşı güc tətbiq etmək ehtimalı ilə bağlı suala birbaşa cavab verməyib, qeyd edib ki, “biz heç vaxt hərbi qüvvəmizdən istifadə haqda danışmamışıq”.
İranın bu yaxınlarda ballistik raketləri sınaqdan çıxarmasını ABŞ-da həddən artıq mənfi dəyərləndiriblər və Tehrana qarşı sanksiyaları genişləndiriblər.
Rusiyanın XİN rəhbəri Sergey Lavrov isə öz növbəsində ABŞ prezidenti ilə razılaşmayıb və bildirib ki, İranın heç vaxt “İslam Dövləti”, “Cəbhət ən-Nüsra” və digər terrorçu qruplaşmalarla əlaqələri aşkarlanmayıb.
Lavrov əlavə edib ki, Tehran terrorla birgə mübarizə səylərində İran da iştirak etməlidir və Suriyada Əsəd rejimi tərəfində döyüşən silahlı qüvvələri dəstəkləməklə “İŞİD-lə mübarizəyə öz töhfəsini verir”.
Qeyd etmək lazımdır ki, ABŞ-ın bundan əvvəlki administrasiyası İranla münasibətlərin nizamlanması, əsasən də İranın nüvə proqramı ilə bağlı razılaşmaların bağlanması üçün çox səy göstərmişdi. Nəticədə razılaşma 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin və Avropa İttifaqının iştirakı ilə imzalandı. Bu saziş sanksiyaların mərhələli ləğvi müqabilində Tehranın proqramın bir sıra komponentlərindən imtinasını və beynəlxalq inspektorların təftişinə imkan verilməsini nəzərdə tutur.