Trump dövründə ABŞ Cənubi Qafqazdan nə istəyə və nəyə ehtiyac duya bilər? Bakıdan baxış
Tramp dövründə ABŞ və Cənubi Qafqaz
Donald Tramp dövründə ABŞ-ın Cənubi Qafqazdan əsas gözləntiləri Rusiya və İranın regionda mövcudluğunun azalması və Mərkəzi Asiyaya təhlükəsiz giriş və çıxışı təmin edilməsi olacaq. Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin (CSSC) analitikləri belə hesab edirlər. “ABŞ praqmatik yanaşarsa, Vaşinqton minimum resursla regiondan ehtiyac duyduğu hər şeyi ala bilər” – deyə onlar yazırlar.
- “Rusiya Azərbaycanla münasibətləri gərginləşdirməklə özü Cənubi Qafqazda xaos yaradır”. Bakıdan baxış
- Daha iki jurnalist qaçaqmalçılıq ittihamı ilə həbs edilib
- Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın “Pantsir-S” HHM müdafiə sistemi ilə vurulub
“ABŞ-nin hər bir administrasiyası xarici siyasətdə yalnız milli maraqlara əsaslandığını bildirir. Burada vacib olan, ABŞ hökumətinin müəyyən bir ölkə və ya regionla bağlı öz milli maraqlarını necə formalaşdırmasıdır. Hal-hazırda Trump administrasiyasında bu milli maraqların formalaşdırması prosesi davam edir. Həmin maraqlar, xüsusilə ABŞ-nin yerləşdiyi yarımkürəyə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və Yaxın Şərq mövzusuna şamil olunur.
“İstək” və “ehtiyac” anlayışları oxşar olsalar da, geosiyasi kontekstdə onların arasında böyük fərq var.
- “Ehtiyac” dövlətin, onun şirkətlərinin və müttəfiqlərinin obyektiv maraqlarıdır;
- “İstək” isə subyektiv amillərdən irəli gələn maraqların bütün vasitələrlə (manipulyasiyalardan, sanksiyalardan tutmuş investisiyalara və yardıma qədər) təbliğ edilməsidir.
ABŞ ənənələrində həm praqmatizm (“ehtiyac”), həm də ideoloji xarici siyasət (“istək”) mövcud olub. Məsələn, Bayden-Blinken administrasiyası ümumilikdə regionumuzla, o cümlədən də Ermənistan-Azərbaycan danışıqları ilə bağlı ABŞ-nin “ehtiyacları” ilə deyil, daha çox “istəkləri” əsasında hərəkət edib.
Şübhəsiz ki, ABŞ üçün Cənubi Qafqaz periferiyadır, lakin hansı periferiya – postsovet məkanı, Böyük Yaxın Şərq, Mərkəzi Asiyaya giriş! Prinsipcə, hazırda Cənubi Qafqaz bütün bu məsələlərdə (Rusiyanın Ukraynaya qarşı təcavüzü, İran, Mərkəzi Asiyaya logistika) yan mövzudur.
Trump dövründə xarici siyasətə ayrılan resurslar optimallaşdırılır. Yumşaq güc vasitələri transformasiya olunur (USAID-in bağlanması, media strukturlarının maliyyələşdirilməsinin müvəqqəti dayandırılması), ABŞ silahlı qüvvələrinin, məsələn, Suriyadan çıxarılması planlaşdırılır. Yəni, ABŞ resurslarını ölkə daxilində cəmləşdirir, maraq doğuran regionlarda isə müttəfiqləri vasitəsilə fəaliyyət göstərməyə çalışır. Hələlik vəziyyət belədir”.
Bəs ABŞ-nin Cənubi Qafqazda nəyə ehtiyacı var?
“Vəziyyətdən asılı olaraq, ABŞ-nin əsas üç istiqamətdə aşağıdakılara ehtiyacı ola bilər:
- Regionda İranın təsirinin azaldılması – region ölkələrinin İranla iqtisadi əlaqələrinin azaldılması, İranın region ölkələrində hərbi mövcudluğunun qarşısının alınması, ABŞ və onun müttəfiqlərinin maraqları dairəsində olan layihələrin təhlükəsizliyinin təmin edilməsi;
- Rusiyanın təsirinin azaldılması – Rusiyanın regionda hərbi, siyasi və iqtisadi mövcudluğunun azaldılması;
- Mərkəzi Asiyaya giriş və çıxışların təhlükəsizliyinin təmin edilməsi – buraya neft və qaz kəmərləri, yollar, kabellər (internet, elektrik və s.) daxildir.
Bu, pragmatik yanaşmanın obyektiv mənzərəsidir”.
Bəs region ölkələri?
“Region ölkələrində yaranmış vəziyyətlərə nəzər salaq:
– Gürcüstan ABŞ tərəfindən təzyiq altındadır və bu vəziyyətdən çıxmağa çalışır. ABŞ ilə əməkdaşlıq üçün məzmun hazırlanıb – buraya dərin dövlətlə mübarizə, qlobal müharibə partiyası ilə mübarizə, ənənəvilik (LGBT-ə qarşı) daxildir. Lakin Gürcüstan hökumətinin bu məzmunu çatdırmaq üçün zəif rabitə kanalları var. ABŞ-nin “ehtiyac” meyarlarına görə Gürcüstan tamamilə Vaşinqtonun maraqlarına cavab verir;
– Azərbaycan da ABŞ-nin müəyyən etdiyi məqsədlərə uyğun məzmun hazırlayıb, resurslara və infrastruktura (neft və qaz kəmərləri, dəmir yolları, liman) malikdir. Bakı üçün rabitə kanallarını formalaşdırmaq vacibdir;
– Ermənistan isə əvvəlki ABŞ administrasiyasının paradiqmasında qalmaqla ABŞ-nin yardım və dəstəyindən asılıdır. Ermənistan ABŞ-nin “ehtiyac duyduğu” resurslara malik deyil, lakin rabitə kanalları mövcuddur.
Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, ABŞ praqmatik yanaşma tətbiq etsə, Vaşinqton minimum resurs xərcləyərək ona lazım olan hər şeyi əldə edə bilər.
Əgər siyasətə “istəklər” qarışarsa (məsələn, ermənipərəst konqresmenlərin ABŞ Dövlət Katibinə yazdığı məktubda olduğu kimi), onda Trump administrasiyası Biden-Blinken administrasiyasının qarşılaşdığı problemlərlə üzləşəcək”.