Tomas de Vaal: Abxaziyanın özünü təcrid etməsi böyük problemdir
“Yol ayrıcında: de-fakto dövlətlər və Avropadan qopmuş ərazilərlə qarşılıqlı münasibət” (Uncertain Ground: Engaging With Europe’s De Facto States and Breakaway Territories) – Cənubi Qafqazda münaqişələr mövzusunda tanınmış analitik Tomas de Vaalın yanvarın 9-da Tbilisidə təqdim etdiyi yeni işi belə adlanır.
Təqdimetmə mərasimi Carnegie Europe fondu tərəfindən Go Group Media təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Carnegie Europe fondunun böyük elmi işçisi Tomas de Vaal Abxaziya, Dnestryanı və Şimali Kipr münaqişələri ətrafındakı vəziyyətə dair öz nəzər nöqtəsi ilə bölüşüb.
“Sözügedən münaqişələri bu ərazilərin uzun illər tanınmamış və ya qismən tanınmış qeyri-müəyyən statusda mövcud olmaları, hərbi əməliyyatların həyata keçirilməməsi və uzanan danışıqlar prosesi birləşdirir”, – Tomas de Vaal hesab edir.
•Gürcüstan necə yenidən böyük ola bilər? – Mixail Saakaşvili və Tomas de Vaal mübahisə edir
•Tomas de Vaal: açıq və qapalı Gürcüstan
Abxaziyada vəziyyətə toxunaraq Tomas de Vaal qeyd edib ki, hazırkı tanımamaq siyasəti çərçivəsində Avropa İttifaqı yenə də Abxaziya ilə qarşılıqlı münasibəti əhəmiyyətli dərəcədə artırmalıdır. Məsələn, bu, təhsil, səhiyyə və ətraf mühitin mühafizəsi ilə bağlı proqramlar ola bilər – o belə deyib.
De Vaalın fikrincə, 2008-ci il avqust müharibəsindən sonra Abxaziyada “paradoksal vəziyyət” yaranıb:
“Rusiya tərəfindən müstəqilliyinin tanınması Abxaziyaya böyük sərmayə, iqtisadiyyat üçün böyük pullar gətirdi, amma eyni zamanda beynəlxalq təcridə səbəb oldu.
Beynəlxalq təşkilatlar Abxaziyanı tərk edib, İnquri çayı üzərində yerli sakinlərin istifadə etdiyi inzibati sərhəd keçidlərinin bir hissəsi bağlanıb”.
O, Abxaziyanın özünü təcrid etməsini həm Tbilisi, həm də beynəlxalq aləm üçün “böyük problem” adlandırıb.
Levan Mikeladze fondunun direktoru, Gürcüstanın ABŞ-dakı keçmiş səfiri Arçil Qeqeşidze de Vaalın məruzəsini şərh edərkən qeyd edib ki, Şimali Kipr, Dnestryanı və Abxaziya münaqişələri arasında böyük fərq var.
“Əgər Dnestryanı və Kiprdə münaqişənin zorakılıqdan hüquqi və siyasi prosesə transformasiyası baş veribsə, bu halda zorakılıq halları hələ də təkrar-təkrar baş verir”, – Qeqeşidze deyib.
Onun sözlərinə görə, Abxaziyada münaqişənin aydın etnik çalarının olması da mühüm amildir – Abxaziyada hələ də Gürcüstanın timsalında düşmən obrazı populyardır. Nizamlamanın son nəticəsi ilə bağlı Tbilisi və Suxuminin mövqelərinin radikal şəkildə fərqlənməsi də əhəmiyyətli məsələdir.
Qeqeşidzenin fikrincə, məhz buna görə ilk növbədə bütün səyləri münaqişənin transformasiyasına yönəltmək lazımdır.
Avropanın Abxaziya ilə əməkdaşlıq məsələsi xüsusilə ətraflı müzakirə olunub.
“Avropa İttifaqı müşahidəçilərinin oraya buraxılmadığı, Abxaziyanın Qali rayonunda isə hələ də etnik gürcülərin haqlarının pozulduğu hazırkı şəraitdə Avropa Abxaziyanın mövcud de-fakto hakimiyyəti ilə əməkdaşlığı necə inkişaf etdirə bilər?” – Gürcüstanın Milli Təhlükəsizlik Şurası katibinin keçmiş müavini İvliane Xaindrava sual edib.
De Vaal bildirib ki, Abxaziyanın gürcü əhalisinin hüquqları çox mühümdür və beynəlxalq təşkilatlar Qali əhalisinə “daha çox şey təklif etməlidir” və Suxumi ilə əməkdaşlıq edərək əmin olmalıdır ki, Qali sakinlərinin hüquqları ilə bağlı vəziyyət düzəlir.