Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə həbs edilmiş müxalifətçi Tofiq Yaqublunun vəkili Aqil Layıc müvəkkilinin özünün “Facebook” səhifəsində müraciət yerləşdirib.
“Tofiq Yaqublununun həkim müayinəsinə ehtiyacı yoxdur, onun ədalətə ehtiyacı var. Həkim müayinə etməkdən başqa heç nə kömək edə bilmir ona. Hospitala müalicə üçün köçürülməyib, hospitala kliniki koma vəziyyətində dərhal müdaxilə məqsədilə köçürülüb. O, aclıqda israrlıdır, onu bu yoldan mən, ailəsi və dostları döndəyə bilməyib”, – vəkil yazıb.
Aqil Layıc sözlərini belə yekunlaşdırıb:
“Əlqərəz, onun yanına müayinə üçün həkim göndərməyin , onu azad edin, ədalətə qovuşdurun! Adam ədaləti öz ölümü ilə əldə etməyə məcbur edilmiş durumdadır!”
Tofiq Yaqublunun aclıq aksiyası 14 gündür ki, davam edir. O, “City Hospital”da həkim müşahidəsindədir. Sentyabrın 14-də ombudsman Səbinə Əliyeva xəstəxanada Tofiq Yaqubluya baş çəkib.