“Tofiq Yaqublu ölüm aclığındadır, ölkədə isə ölüm sükutu” – Qiyas İbrahim Tofiq Yaqublunun aclıq aksiyası haqda
Qiyas İbrahim Tofiq Yaqublunun aclıq aksiyası haqda
Azərbaycan müxalifətinin tanınmış simalarından biri, uzun illər siyasi fəaliyyətinə görə dəfələrlə həbs edilən Tofiq Yaqublu 1 aprel 2025-ci ildən etibarən ölüm aclığına başladığını elan edib. O, bu addımı ona qarşı çıxarılan 9 illik azadlıqdan məhrumetmə hökmünə etiraz olaraq atıb.
Bu aksiyanın fonunda ictimai fəal və keçmiş siyasi məhbus Qiyas İbrahim şəxsi feysbuk hesabında həm Tofiq Yaqublunun vəziyyətinə, həm də Azərbaycan cəmiyyətinin bugünkü susqunluğuna münasibət bildirib.

Qiyas İbrahim bunun Tofiq Yaqublunun ilk aclıq aksiyası olmadığını xartırladır. 2020-ci ildə baş verən oxşar aksiyanın son günlərində cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə gənclər arasında ciddi səfərbərlik müşahidə olunmuşdu. Həmin dövrdə keçirilmiş yeganə etiraz aksiyasının təşkilatçılarından biri də məhz Qiyas İbrahim olub.
“Həmin vaxt mən başqa bir yoldaşla birgə etiraz aksiyasına çatmamış, polis tərəfindən saxlanılaraq Muğan düzündə, bəri-biyaban çöllüyə atılmışdım. Hətta avtomagistrala çıxmaq üçün saatlarla səhralıqda piyada yerimişdik”, – deyə o, paylaşımında yazır.
Qiyas bu dəfəki susqunluğun səbəblərini 2020-ci ilin payızında baş verən müharibə və onun doğurduğu “milli birlik” ritorikası ilə əlaqələndirir. Onun fikrincə, həmin dövrdə bir çox müxalif sima, o cümlədən Tofiq Yaqublu “milli maraqlar” adı altında susqunluğu seçdi və bu da sonradan ciddi nəticələrə yol açdı:
“Tofiq Yaqublu belə həmin vaxt müxalifliyini, demokratlığını dayandırmağı seçdi və ‘milli maraqlar’ naminə belə olsun Əliyevlə birləşməyən insanlar təzyiq görəndə, müdafiə etdiyi söz azadlığı naminə onlara dəstək durmadı. Nə o, nə onun kimi olmağı seçən heç kim”.
“İndi – bəlkə də son dəfə – fürsət var”
Qiyas İbrahim hesab edir ki, bu gün baş verənləri beş il əvvəl görmək mümkün olsaydı, bir çox insanlar fərqli seçim edərdilər. Onun fikrincə, 2020-ci ilin “qələbəsi” əslində yalnız hakim elita üçün idi, xalq üçünsə – zəhər.
“Bu zəfərin onların zəfəri olmadığını, hakim kastadan başqa hamı üçün zəhər olduğunu bu gün nəinki Tofiq Yaqublu, hətta sağlamlığını müharibədə itirən müharibə veteranı da anlayır…”
Fəalın qənaətincə, Tofiq Yaqublunun bugünkü aclıq aksiyası sadəcə fərdi etiraz deyil, həm də cəmiyyətin vicdanına ünvanlanmış sonuncu xəbərdarlıq ola bilər:
“Tarix həmişə minlərlə insanın birgə fiziki aktıyla dəyişsə də, onları hərəkətə keçirən fikirlər heç vaxt minlərlə insan tərəfindən eyni vaxtda irəli sürülməyib. İndisə bir insanın fiziki aktı və minlərlə insanın fikirsizliyi, səssizliyi var. Yaşadığımız günlərin bütün ümidsiz görünüşü içində belə olsa bunu tərsinə çevirmək vaxtı ola bilər, bəlkə də son dəfə. Təkcə Tofiq Yaqublunun yox hamının azadlığı üçün.
Çünki ölümə məhkum bir insanı şər qüvvənin əlindən qurtarmaq şərin bütün gücünü ondan almağa bərabər ola bilər. Tofiq Yaqublu öz ölümünü zülmə qarşı bir simvola çevirməyə qərarlıdır. Bizsə onun xilasını zülmə və şərə qarşı simvola çevirməyə tələsməliyik…”
Tofiq Yaqublu haqda
Tofiq Yaqublu Müsavat Partiyası və Milli Şuranın aparıcı fiqurlarından biridir. 1992-1993-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində rəhbər vəzifəsində çalışıb. 1998, 2013, 2020 və 2023-cü illərdə siyasi motivli ittihamlarla cinayət məsuliyyətinə cəlb edilib. 2011, 2019 və 2022-ci illərdə isə inzibati qaydada həbs olunub. Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.
Tofiq Yaqublu birinci dəfə 1998-ci il prezident seçkilərindən əvvəl, 12 sentyabr 1998-ci ildə Fəvvavələr meydanında baş tutan müxalifətin mitinqində həbs edilib. İstintaq müddətində həbsdə saxlanılıb, sonda Nizami Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb. Yaqublu bu ittihamın saxta olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.
Daha sonra o, 2013-cü ilin fevralında İsmayıllı rayonunda baş vermiş etirazlar əsas göstərilərək Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri əsas göstərilərək həbs edilib. Yaqublu Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi sərt tənqid edilib.
Həbsdə olduğu müddətdə qızı Nərgiz Yaqublu vəfat edib.
2016-cı ilin martından əfv sərəncamı ilə azadlığa buraxılıb.
2020-ci ilin martından isə siyasətçi Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi əsas göstərilərək həbs edilib. Hüquq müdafiəçilərinin əsassız və qurama adlandırdığı cinayət işinin istintaqının sonunda Tofiq Yaqublu Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 2-dən etibarən ölüm aclığına başlayan Yaqublu qərarın elan edilməsindən 16 gün sonra, sentyabrın 18-də ev dustaqlığına buraxılıb.
Hazırda Tofiq Yaqublu 2025-ci ilin aprelin 1-dən etibarən başlatdığı aclıq aksiyasını davam etdirir. O, bu aksiyanı ölüm aclığı kimi elan edib.
Qiyas İbrahim Tofiq Yaqublunun aclıq aksiyası haqda