Azərbaycanda tanınmış müxalifətçi növbəti dəfə ağır cəzaya məhkum olunub
Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə müxalif Milli Şuranın üzvü Tofiq Yaqublu ciddi rejimli islah müəssisəsində saxlanmaqla 4 il və 3 ay müddətinə azadlıqdan məhrum edilib. Müxalifət hesab edir ki, bu qərar ədalətsiz və siyasi motivlidir. Yaqublunun özü aclıq aksiyasına başlayıb.
• Azərbaycanda polis idarəsində saxlanılanlara qarşı zorakılığı əks etdirən fotolar yayılıb. DİN inkar, blogerlər sübut edir
• Azərbaycanlı fəallar hakimiyyətin şantaj və təqibindən şikayətlənirlər
Tofiq Yaqublu 2020-ci il martın 22-də xuliqanlıqda ittiham olunaraq həbs edilib. Cinayət işinin materiallarına əsasən, o, avtomobili ilə qəza törədib və digər maşında olan evli cütlüyü döyüb.
Məhkəmə prosesinin sonunda prokuror Yaqublunun 4 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Hakim öz qərarı ilə bu müddəti 3 ay azaltmış olub. Koronavirus epidemiyasına görə elan olunmuş karantin rejimi səbəbilə məhkəmə prosesi qapalı keçirilib – jurnalistlər iclas zalına buraxılmayıb.
Hökm oxunarkən məhkəmə zalının ətrafında yüzlərlə müxalifətçi və Tofiq Yaqublunun tərəfdarları toplaşıb. Onların arasında müxalif “Müsavat” və Azərbaycan Xalq Cəbhəsi partiyalarının liderləri Arif Hacılı və Əli Kərimli də olub. Jurnalistlərə verdikləri açıqlamalarda onlar məhkəmə qərarını siyasi sifariş adlandırıb və Tofiq Yaqublunun tezliklə azad ediləcəyinə əminlik ifadə ediblər.
Mühakiə olunmuş müxalifətçi ədalətsizliyə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Bu haqda onun vəkili Aqil Layıc bildirib.
Yaqublu 2014-2016-cı illərdə kütləvi iğtişaşların təşkili ittihamı ilə həbsdə olub. Daha sonra 2019-cu il oktyabrın 19-da müxalifətin Bakıda keçirdiyi kütləvi etiraz aksiyasında iştirakına görə 30 sutka inzibati həbs cəzası alıb.
Sosial şəbəkə istifadəçiləri məhkəmə hökmü ilə bağlı qəzəblərini ifadə ediblər. Bir neçə xarakterik şərh:
“Bu gün vicdanı olan hər kəs 4 il 3 ay azadlıqdan məhrum edilib”.
“Bu qərar ədalətli deyil və bu, heç nəyi dəyişməyəcək”.
“Məhkəmə qərarından daha çox Tofiq Yaqubluya qarşı təqiblərin miqyası təəccübləndirir”.