Noyabrın 16-da Tesla dünyada ilk daxili yanma mühərriki olmayan yük maşınını – Tesla Semi-ni təqdim edib, CNN xəbər verir.
Yük maşını təkrar enerji doldurulmadan 800 kilometrə yaxın yol gedə bilir. 30 dəqiqəlik əlavə enerji doldurulduqdan sonra isə Tesla Semi daha 650 kilometr yol qət etməyə qadirdir.
Elektrikli yük maşını onu zolaqda saxlaya və insanın köməyi olmadan yolunu dəyişə bilən avtopilotla təchiz olunub. Tesla rəhbəri İlon Mask mətbuat konfransında bildirib ki, hətta o da “bu zadı idarə edə bilər, baxmayaraq ki, heç vaxt yük maşını sürməyib”.
Tesla Semi 5 saniyədə 100 kilometr/saata qədər sürət yığır, tam yüklənmiş vəziyyətdə isə (36 ton) 20 saniyəyə.
Yük maşınları satışa 2019-cu ildə çıxarılacaq, amma dəqiq satış tarixi və təqribi qiymət hələ bəlli deyil.
Yük maşınından başqa Tesla yeni elektrikli idman avtomobili də təqdim edib. Tesla Roadster modeli 100 kilometr/saat sürəti 1,9 saniyəyə yığır və əlavə enerji doldurmadan 1000 kilometr yol getməyə qadirdir.
İdman avtomobili satışa 2020-ci ildə çıxacaq, onun minimal qiyməti 200 min dollar təşkil edəcək.