İyunun 11-də polis 6 aksiya iştirakçısını saxlayıb. Gürcüstan mediasının məlumatına görə, onların arasında Zviad Kuprava və Laşa Tsuskiridze də olub.
Polis aksiya iştirakçılarının prospektin hərəkət hissəsindəki çadırlarını sökərək əvvəlki yerinə – parlament qarşısındakı meydana daşıyarkən onların saxlanıldığı ehtimal olunur.
Gürcüstan DİN bəyanat yayıb. Bəyanatda deyilir ki, iyunun 11-də saxlanılan şəxslər polisin tələbinə tabe olmayıb, onlara qarşı xırda xuliqanlıq, birinə qarşı isə müqavimət göstərmə ilə bağlı ittiham irəli sürülüb. DİN-in məlumatına görə, saxlanılanlardan biri axtarışda, digəri isə “şərti cəza” altında olub.
Hüquq mühafizəçiləri Rustaveli prospektinin hərəkət hissəsini 13.00-da təmizləməyə başlayıb, bu da həmin çadırları yolun hərəkət hissəsində quraşdıran aksiya iştirakçılarının etirazına səbəb olub.
Bu yolla Xorava küçəsində öldürülən David Saralidzenin və Pankisi dərəsində xüsusi əməliyyat zamanı öldürülən Tamerlan Maçalikaşvilinin ataları övladlarının qətlində günahkar olanların cəzalandırılması tələbi ilə aksiyanı davam etdiriblər.
Onlar tələbləri təmin edilənə qədər etiraz aksiyasını dayandırmaq niyyətində deyillər.
Aksiya iştirakçıları günahkarların cəzalandırılmasını, keçmiş baş prokurorun, o cümlədən də David Saralidze və Tamerlan Maçalikaşvilinin ölümü ilə bağlı işləri bilavasitə aparan prokurorların məsuliyyətə cəlb olunmasını, daxili işlər və ədliyyə nazirlərinin istefasını və qeyri-hökumət sektorundan olan birinin baş prokuror təyin edilməsini tələb edirlər.
Malxaz Maçalikaşvili (Pankisi dərəsində əməliyyat zamanı həlak olan Tamerlan Maçalikaşvilinin atası) və Zaza Saralidze (Xorava küçəsində baş verən davada öldürülən David Saralidzenin atası)
“Mən və Zaza (Saralidze) burada durmuşuq ki, bizi heç bitməyən dərdə düçar edənlər sizin hamınıza zərər verməsinlər. Biz bütün günahkarların, bütün cinayətkar qrupun cəzalanmasına nail olacağıq”, – Malxaz Maçalikaşvili deyib.
“Oğlumun qatilləri cəzalanmayınca, mən burdan tərpənməyəcəm. Qoy, mənə qarşı BTR çıxarsınlar, qoy məni əzsinlər…”, – Zaza Saralidze deyib.
Rustaveli prospektində axşamın gec saatlarında polis və xüsusi təyinatlılar səfərbər olub.