Tbilisidə Rusiya Viza Mərkəzi fəaliyyətə başlayacaq
Rusiyanın “İzvestiya” qəzetinin məlumatlna görə, avqustun 17-dən Tbilisidə Rusiya Viza Mərkəzi fəaliyyətə başlayır, burada Gürcüstan vətəndaşları və vətəndaşlığı olmayan şəxslər RF-yə getmək üçün lazımi sənədləri daha tez düzəldə və viza ala bilərlər.
Məlumatı İsveçrə səfirliyi nədzində Rusiya maraqları seksiyasında təsdiqləyiblər, “Novosti-Qruziya” xəbər verir. Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin olmaması səbəbindən məhz İsveçrə səfirliyi nədzində seksiya viza düzəltməklə məşğuldur.
Rusiya Viza Mərkəzi Tbilisidə, 4 saylı Besiki ünvanında yerləşən biznes mərkəzinin binasında açılacaq.
«İzvestiya»nın verdiyi məlumata görə, Viza Mərkəzinin açılması o deməkdir ki, Rusiya Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini planlaşdırmır, amma vizaların verilməsinin asanlaşdırılmasını istəyir. Bununla yanaşı, mərkəzin açılışı vizaların verilməsi ilə bağlı fırıldaqçılıq risklərini azaldacaq.
Nəşrin məlumatına görə, vətəndaşlar sənədlərini Viza Mərkəzinə verə bilər, bundan sonra onlar İsveçrə səfirliyi nədzində Rusiya maraqları seksiyasına göndəriləcək və burada vizanın verilməsi ilə bağlı yekun qərar qəbul ediləcək.
Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ümid edir ki, Tbilisidə Rusiya Viza Mərkəzinin açılışı viza və konsul xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq.
«Bütün təfərrüatları bilmirəm. Ümimilikdə deyə bilərəm ki, çətinliklər aydın idi. Mən bizim və başqa ölkələrin vətəndaşlarının konsul xidmətləri aldığı İsveçrə səfirliyi nədzində Rusiya maraqları seksiyasını nəzərdə tuturam. Ümid edirəm ki, yeni viza mərkəzi bu problemləri həll edə və vətəndaşlara viza və konsul xidmətlərinin keyfiyyətini yaxşılaşdıra biləcək», – deyə Abaşidze Gürcüstanın İctimai Televiziyasına bildirib.
Gürcüstan hakimiyyəti ümumilikdə Tbilisidə yeni Rusiya Viza Mərkəzinin açılışını pozitiv qiymətləndirir. Bu haqda Gürcüstanın baş naziri Mamuka Baxtadze brifinqdə deyib.
«Təbii ki, bu, bu gün Gürcüstanda mövcud olan qanunvericilik çərçivələrində olmalıdır və bu, belədir. Əminəm ki, bu məsələ ilə bağlı detallı şərhi cənab David verəcək [Zalkaliani — Gürcüstanın XİN başçısı]. Əlbəttə ki, bu, vətəndaşlarımıza əlavə rahatlıq yaratsa, biz bunu ancaq alqışlaya bilərik», – Baxtadze jurnalistlərin suallarını cavablandırarkən deyib.
• Moskva Gürcüstanla viza rejimini 2000-ci ildə tətbiq edib. 2010-ci ilin mart ayında Tbilisi Rusiya vətəndaşları üçün birtətəfli qaydada vizaların ləğv edildiyini bəyan edib.
• Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər 2008-ci ilin avqust ayından Tbilisinin qərarı ilə, Moskva tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına cavab olaraq kəsilib.
• RF-nin xarici işlər nazirinin müavini Qriqori Karasin bir qədər əvvəl bildirib ki, Moskva Gürcüstanla viza rejimini ləğv etməyə hazırdır, amma bunun üçün ölkələr terrorçuluqla mübarizədə effektiv əməkdaşlıq etməlidirlər. Onun sözlərinə görə, Pankisi dərəsində və hətta Tbilisidə mütəmadi olaraq terrorçuluqda şübhəli bilinən şəxslərin saxlanması ilə bağlı xüsusi əməliyyatlar həyata keçirilir, buna görə də təhlükəsizlik məsələsi viza maneələrinin aradan qaldırılması üçün əsas məsələdir.