Tbilisidə parlament binasının qarşısında hökumətin istefasını tələb edirlər. Gürcüstanda nə baş verir?
Minlərlə insan mayın 31-də paytaxtın mərkəzində qətlə yetirilən iki yeniyetmənin işi üzrə məhkəmə hökmü elan olunandan sonra Tbilisidə Parlament binasının qarşısında etiraz aksiyasına çıxıb.
Baş prokurorun istefasına baxmayaraq, etirazçılar dağılışmaq niyyətində deyil. Onlar qətldə günahkar olanların cəzalandırılmasını və ölkənin baş nazirirnin istefasını tələb edirlər.
Ola bilər ki, bu, artıq altı ildir hakimiyyətdə olan “Gürcü Arzusu” üçün ən böyük böhrandır.
JAMnews məsələnin detalları haqda:
_____________________
“Oğlumun qatilləri cəzalarını almayıb! Sistem məhv olmalıdır!”
Mayın 31-də Tbilisi Şəhər Məhkəməsi ötən il dekabrın 1-də iki 16 yaşlı yeniyetmə – Levan Dadunaşvili və David Saralidzenin qətli ilə bağlı iş üzrə hökm elan edib. İki məktəbli öz yaşıdları ilə davada aldıqları çoxsaylı bıçaq zərbəsindən ölüb. Qətl gündüz saatlarında Tbilisinin gur küçələrndən birində, şahidlərin gözü qarşısında baş verib.
Bu işlə bağlı iki yeniyetmə ittiham olunub.
Məhkəmə onlardan birini Levan Dadunaşvilinin qətlində təqsirli bilib, amma David Saralidzenin qətli ilə bağlı onun günahsız olduğuna qərar verib. Məhkəmə onu 10 il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
İkinci müttəhimə gəlincə, məhkəmə onun da David Saralidzeni qətlə yetirmədiyi qənaətinə gəlib və onu “Saralidzeni qəsdən öldürməyə cəhd göstərməkdə” təqsirli bilib. Məhkəmənin qərarına görə, bu yeniyetmə məhbəsdə 9 il 9 ay keçirəcək.
Öldürülən yeniyetmənin atası Zaza Saralidze deyir ki, məhkəmənin qərarı altı ay ərzində Gürcüstan hüquq-mühafizə sisteminin onun 16 yaşlı oğlunun qatilini tapa bilmədiyi faktını təsdiqləyib.
“Oğlumun qatilləri cəzalarına çatmayıb! Bütün Gürcüstanın məni dəstəkləməsini xahiş eidrəm!” – Saralidze emosional halda məhkəmə qərarı elan ediləndən sonra jurnalistlətə müraciət edib.
Saralidzenin əsas iradı məhkəməyə deyil, prokurorluğadır. Bir neçə ay ərzində çoxsaylı televiziya müsahibələrində Saralidze prokurorluğu obyektiv istintaq aparılmasına mane olmaqda və oğlunun qətlində iştirak edən həmin qurumun keçmiş əməkdaşı Mirza Subelianinin oğlunun günahını ört-basdır etməkdə günahlandırıb.
“Mənim məhkəməyə heç bir iradım yoxdur. Məhkəmə sadəcə mənim bütün bu müddəydə dediyimi təsdiqlədi – oğlumun qətlində günahkar olanlar azadlıqdadır və onları prokurorluq gizlədir”, – Saralidze bəyan edib.
“Məni öldürmə”
Hökm oxunandan bir neçə dəqiqə sonra yüzlərlə insan Zaza Saralidzeni dəstəkləmək üçün əvvəlcə məhkəmə binası, sonra isə Baş Prokurorluq qarşısında toplaşıb.
Etiraz getdikcə daha irimiqyaslı hal almağa başlayıb və bu da baş prokuror İrakli Şotadzenin istefasına gətirib çıxarıb. Amma bu artıq vəziyyəti dəyişməyib. Mitinqçilər Gürcüstan Parlamentinin qarşısına gediblər, bütün meydanı doldurub, yol hərəkətini dayandırıblar. İndi onlar baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb edirlər. Hazırda o, vəzifəsini tərk etməkdən imtina edir.
“Çıx get! – baş nazirə ünvanlanan şüar
Gecə yarısına yaxın Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Tbilisidə parlament qarşısına şəxsən gəlib, amma ona çıxış eləməyə imkan verməyiblər. Onu fitləyib, plastik butulka tolazlayıblar.
Əlində mikrofon tutaraq Kvirikaşvili bir neçə dəfə mitinqçilərə müraciət etməyə və David Saralidzenin qatillərini cəzalandırmaq üçün hansı tədbirlər görmək niyyətində olduqlarını açıqlamağa cəhd göstərib. Amma kütlə hər dəfə onun sözünü kəsib və danışmağa imkan verməyib.
“Siz yenə də bizi aldatmağa gəlmisiz”, “İstefa!” – mühafizəçilər baş naziri parlament qarşısındakı meydandan çıxararkən insanlar qışqırıb.
Bundan sonra öldürülən yeniyetmənin atası Zaza Saralidze danışıb. O, mitinqçilərə müraciət edərək deyib ki, baş nazir mənə başsağlığı verməyə gəlməyib, “bir daha aldatmağa” gəlib.
Mitinqçilərə müraciət etməklə bağlı uğursuz cəhdlərdən sonra baş nazir xüsusi brifinqdə bəyanat səsləndirib. O, yeniyetmələrin qətli ilə bağlı işin DİN-ə veriləcəyinə və istintaqa şəxsən daxili işlər naziri Georgi Qaxariyanın rəhbərlik edəcəyinə söz verib. Parlamentdəki İstintaq Komissiyası da ən qısa zamanda işə başlayacaq, baş nazir qeyd edib.
Bəs sonra?
Mitinqçilətin bir qismi gecəni parlament qarşısında çadırlarda keçirib. Etirazların təşkilatçıları bildiriblər ki, aksiyalar onların tələbləri həyata keçirilənə qədər davam edəcək. Əsas tələb hökumətin istefa verməsidir.
Hakimiyyət bildirir ki, öldürülən yeniyetmənin atasının irəli sürdüyü tələblərlə həmrəydirlər və istintaqa başlamağa hazırdırlar, amma hesab edirlər ki, mitinq artıq siyasi xarakter alıb və bütün bunlara eks-prezident Mixail Saakaşvili rəhbərlik edir.