Gürcüstanın paytaxtında nümayişçilər parlament binasının həyətinə soxulmağa çalışır, onlara xüsusi təyinatlılar mane olur.
Aksiya iştirakçıları müxalif “Milli hərəkat” partiyasının liderlərindən biri olan Nika Meliya tərəfindən irəli sürülən ultimatumun vaxtı bitəndən sonra hücuma keçdilər.
O, parlament sədri, DİN və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərlərinin istefasını tələb edib.
Minlərlə adamin iştirak etdiyi aksiya Tbilisinin mərkəzində parlamentin iclas zalında Parlamentlərarası Pravoslav Assambleyası başlayandan və Gürcüstanın parlament sədri kürsüsündən iclası Dövlət Dumasının deputatı Sergey Qavrilov açandan sonra yığılıb. Bu, əvvəl parlament müxalifətinin, sonra da parlament çoxluğu üzvlərinin narazılığına səbəb olub.
Hakim “Gürcü arzusu” partiyasının nümayəndələri üzrxahlıq edərək, baş verənləri “protokol səhvi” adlandırıblar.
Media xəbər verir ki, polislə qarşıdurma nəticəsində zərərçəkənlər var.
Qarşıdurma yerində müxtəlif müxalif partiyaların liderləri var.
Keçmiş müdafiə naziri və “Qalib Gürcüstan” hərəkatının lideri İrakli Okruaşvili Rustavi-2 teleşirkətinə bildirib ki, ya polislər nümayişçilərə yol verəcək, ya da “xalq öz hüququndan istifadə edəcək”.
“Biz xalqa İvanişvilinin əlindən aldığı hakimiyyəti qaytaracağıq”, – Okruaşvili deyib.
Gürcüstan DİN bəyanat yayaraq, nümayişçilərdən “zorakılıq hərəkatlarını dayandırmağı” tələb edib, əks halda polis onlara qarşı qanunla müəyyən olunan tədbirlər görəcək.
Daxili işlər naziri Giorgi Qaxariya “Rustavi-2”yə müsahibəsində parlament qarşısında baş verənləri faciə adlandırıb.
“Dövlət isntitutlarına hücum və belə hücuma çağırış, polisə hücum, hansı nəticənin olmasına baxmayaraq, müvafiq şəkildə qiymətləndiriləcək və bütün günahkarlar cəzalandırılacaq”, – Qaxariya deyib.
O, vətəndaşları öz vəzifəsini yerinə yetirən polislərə hörmət etməyə çağırıb.